Məhkəmə qərarları › İş №2(005)-306/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-306/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-306/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlarkarın satışı üzrə "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və LPO "xxxx" ASC cəlb edilməklə) qarşı hərracın etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlarkarın satışı üzrə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və LPO "xxxx" ASC cəlb edilməklə) qarşı hərracın etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 30 saylı mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş 29.11.2013-cü il tarixli hərracın, həmin hərracın yekunları barədə 99/01 nömrəli 29.11.2013-cü il tarixli protokolun, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" ASC ilə bağlanmış 29.11.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 27.02.2014-cü il tarixli dövlət qeydiyyatının etibarsız hesab edilməsi, mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********74 saylı 23.02.2021-ci il tarixli məktubundan sonra ona məlum olmuşdur ki, ona məxsus olmuş ünvan 1 ünvanındakı 30 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 99/01 nömrəli 29.11.2013-cü il tarixli protokola, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29.11.2013-cü il tarixli müqaviləyə əsasən 27.02.2014-cü il tarixində "xxxx" ASCnin adına qeydiyyatdan keçmişdir və hazırda həmin bankın mülkiyyətirdədir. Cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 99/01 nömrəli 29.11.2013-cü il tarixli protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29.11.2013-cü il tarixli müqavilə tamamilə qanunsuzdur, etibarsız hesab olunmalıdır. "xxxx" ASC ünvan 1 ünvanındakı 30 saylı mənzili qanunsuz olaraq, yəni "xxxx" ASC-nin vəzifəli şəxslərinin dələduzluq əməlləri nəticəsində əldə etmişdir. "xxxx" ASC-nin vəzifəli şəxslərinin dələduzluq əməlləri barədə AR Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində də müvafiq araşdırma da aparılmışdır. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac üçün əsas olmuş Səbail Rayonu Məhkəməsinin 24.06.2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 10730 manat əsas borc, 1033 manat faiz, cəmi 11763 manat borcun "xxxx" ASC-yə ödənilməsi və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanındakı 30 saylı mənzilə açıq hərrac yolu ilə yönəldilməsi qət edilmişdi. Qətnaməsindən sonra o, "xxxx" ASC-yə krediti borcunu bağlamaq üçün 15000 manatdan çox pul ödəmişdir. Hətta hərrac Protokolunun tarixindən sonra da icra məmurları və "xxxx" ASC onu aldadaraq 11000 manatdan çox pulu guya kredit borcunun bağlanması üçün ondan almışlar, halbuki indi məlum olur ki, artıq həm icra məmurları və həm də "xxxx" ASC bilirdilər ki, borc ipoteka predmetinə yönəlmiş və onların artıq pul almağa haqları yox idi. "xxxx" ASC-nin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin ünvanladığı **********611 saylı 29.11.2019-cu il tarixli məktubunda, Səbail Rayonu Məhkəməsinin 24.06.2011-ci il tarixli qətnaməsinin predmeti olmuş 24.11.2009-cu il tarixli Y-172 saylı kredit müqaviləsi üzrə öhdəliklərin bank qarşısında tam icra olunduğu bildirilmiş və buna görə də ona məxsus ünvan 1 ünvanındakı 30 saylı mənzil üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Səbail rayon İcra və Probasiya şöbəsinə və Səbail Rayon Məhkəməsinə ünvanladığı **********734 saylı 22.01.2020-ci il tarixli məktubunda, Səbail Rayonu Məhkəməsinin 24.06.2011-ci il tarixli qətnaməsinin predmeti olmuş 24.11.2009-cu il tarixli Y-172 saylı kredit müqaviləsi üzrə öhdəliklərin bank qarşısında tam icra olunduğu, onun bank qarşısında heç bir borcu olmadığı bildirilmiş və qətnamə üzrə icra sənədinin xitam edilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac barədə məlumatı olmamışdır. Bildiriş ona çatmamışdır. Hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatım olmamışdır. Bank 2 hərrac keçirilməsinə baxmayaraq əmlakı balansa almamışdır. Yenidən hərraclar keçirilmiş, xəbəri olmadan bank əmlakı almışdır. Bank əmlakı öz mülkiyyətinə keçirərkən qanunla nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bu səbəbdən də hərrac etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işə qiyabi icraat qaydasında baxılaraq, iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini təqdim etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci və 238.2-ci maddələrinə əsasən məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlkaın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində istifadədə olan 0.02072 ha torpaq sahəsində yerləşən 13A nömrəli, 3 mərtəbəli binanın 3-cü mərtəbəsində, 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 997 nömrəli reyestr kitabının 89582 nömrəli vərəqində 02.09.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-1486/2011 saylı, 24.06.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 10730 manat əsas, 1033 manat faiz, cəmi 11763 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutma ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 13A saylı evin 30-cu mənzilinə açıq hərracda satılması yolu ilə yönəldilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.02.2021-ci il tarixli məktubunun surətində qeyd edilmişdir ki, ünvan 1, 30 saylı mənzil Hərrac təşkilatının İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 99/01 nömrəli, 29.11.2013-cü il tarixli protokola, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29.11.2013-cü il tarixli müqaviləyə, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 16.01.2014-cü il tarixli, 7E-02-1110 reyestr nömrəli şəhadətnaməyə, Səbail Rayon Məhkəməsinin 2(009)-1486/2011 nömrəli, 24.06.2011-ci il tarixli qətnaməsinə, icra vərəqəsinə əsasən 27.02.2014-cü il tarixində "xxxx" ASC-nin adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. "xxxx" ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və Notariat Kontoruna ünvanladığı 29.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, “Zaminbank" ASC ilə İddiaçı arasında bağlanmış 24.11.2009-cu il tarixli Y-172 saylı kredit müqaviləsi üzrə öhdəliklər bank qarşısında tam icra olunmuşdur. İddiaçı arasında bağlanmış 24.11.2009-cu il tarixli Y-172 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 13A nömrəli binanda yerləşən 30 nömrəli mənzilin tutmanın yönəldilməsi haqqında bildirişin və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə etiraz etmədiklərini qeyd edilmişdir. "xxxx" ASC-nin 22.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 24.06.2011-ci il tarixli, 2(009)-1486/2011 saylı qətnaməsi üzrə öhdəlik yerinə yetirilmiş və İddiaçı sözügedən qətnamə üzrə bank qarşısında borc öhdəliyi mövcud olmadığı qeyd edilmişdir. "xxxx" ASC-nin Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC Mərkəzinə ünvanladığı 20.04.2012-ci il tarixli məktubun surətində qeyd edilmişdir ki, İddiaçı məxsus və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi, 13A saylı evin 30 saylı mənzili ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 14025 manat olmaqla hərraca çıxarılmış və bu barədə "xxxx" ASC-yə 01/955 saylı, 10.04.2012-ci il tarixli təklif göndərilmişdir. Lakin təklifin qəbul edilməsi və mənzilin əldə edilməsi mövcud imkanlar xaricindədir və möhlət verilməsini xahiş etmişdilər. "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış məktubunun surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin 24.06.2011-ci il tarixli, 2(009)-1486/2011 saylı qətnaməsi üzrə İddiaçı tərəfindən öhdəlik tam yerinə yetirildiyi üçün borc öhdəliyi mövcud olmadığı qeyd edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanındakı 30 saylı mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş 29.11.2013-cü il tarixli hərrac qanunvericiliyin tələblərini pozmaqla baş vermiş və qeyd edilən əmlak Zamin Bank ASCnin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi qaydada təmin edilməli, "xxxx" MMC tərəfindən keçirilmiş 29.11.2013-cü il tarixli hərrac, həmin hərracın yekunları barədə 99/01 nömrəli 29.11.2013-cü il tarixli protokol, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" ASC ilə bağlanmış 29.11.2013-cü il tarixli müqavilə etibarsız hesab edilməli, mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 27.02.2014-cü il tarixli dövlət qeydiyyatı etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanındakı 30 saylı mənzilin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş 29.11.2013-cü il tarixli hərrac, həmin hərracın yekunları barədə 99/01 nömrəli 29.11.2013-cü il tarixli protokol, həmin hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" ASC ilə bağlanmış 29.11.2013-cü il tarixli müqavilə etibarsız hesab edilsin, mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış 27.02.2014-cü il tarixli dövlət qeydiyyatı etibarsız hesab edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar