Məhkəmə qərarları › İş №2(005)-3081/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3081/2021

25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3081/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Kərimli Elvin Şəkur oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri İH X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə qarşı “əqdin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri İH X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə qarşı “əqdin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, A.Neymətulla küçəsi 47 nömrəli evin 33 saylı mənzilinə dair olan 17.07.2002-ci il tarixli bağışlama müqaviləsi və sonuncunun adına verilmiş 23.08.2002-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilməsi və iddianın təmin olunması məqsədi ilə birgə mülkiyyət kimi Bakı şəhəri, A.Neymətulla küçəsi 47 nömrəli evin 33 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın tarixlərdə ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldadır. Belə ki, Cavabdeh1 ilə 04.06.1993-cü il tarixdə nikah bağlamış və bu haqda Vl-ЖГ seriyalı, 351828 nömrəli şəhadətnamə verilmişdir. Birgə nikahdan 02.07.1997-ci il tarixdə doğulmuş Əlizadə Murad ad- familiyalı oğlan övladı vardır. Nikah müddətində aşağıdakı əmlakı əldə etmişlər və onlar ümumi birgə mülkiyyətiləri sayılır: 1) Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsindəki 47 №-li yaşayış evinin 33 saylı mənzili. Həmin mənzil 1996-cı ildə alınmış və 13.03.1996-cı ildə Bakı şəhəri İH Başçısı Aparatının Tİ və MHQİ-də xüsusi mülkiyyət kimi Cavabdeh1 adına hüquqi qeydiyyatdan keçirilmiş, ona MH seriyalı, 002737 №-li, həmin tarixli qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Cavabdeh1 bundan istifadə edərək birgə mülkiyyətimizdə olan, Bakı şəhəri, Nərimanov , rayonu, A Neymətulla küçəsində yerləşən 47 nömrəli yaşayış evinin 33 saylı mənzilini, qardaşı Cavabdeh2 adına keçirmişdir. Tİ və MHQİ-dən alınmış 30/5881 saylı, 28.08.2002ci il tarixli arayışdan görünür ki, həmin mənzil 23.08.2002-ci ildə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Qeydiyyat 42 nömrəli notariat kontorunda təsdiq edilən 17.07.2002-ci il tarixli 4 ə-08-699 nömrəli reyestrli bağışlama müqaviləsinə əsasən aparılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, A Neymətulla küçəsində yerləşən 47, nömrəli yaşayış evinin 33 saylı mənzilini kirayə vermişdilər və bu günlərə kimi həmin mənzili kirayədə olduğunu hesab etmişdir. Əqd barədə məlumatı əri Cavabdeh1 mübahisə edərkən bilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A Neymətulla küçəsində yerləşən 47 nömrəli yaşayış evinin 33 saylı mənzilini qardaşının adına keçirmişdir. Bununla əlaqədar əri Cavabdeh1ı məcbur eləmişdir ki, həmin mənzilə dair sənədlərin sürətlərini, Notariat kontorundan alaraq ona versin. Sənədlərə baxan zaman, həmin bağışlama müqaviləsi bağlanarkən onun bundan xəbərim olmamış, həmin əqdə razılıq verməmişdir. Məhz bu səbəbdən də mülki hüquqlanı pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. Əvvəllər iddia predmeti olan mənzildə yaşamışlar, lakin valideyinlərinin arasında bağlanmış nikah pozulduqdan sonra, yəni 2002-ci ildən həmin mənzildən iddiaçı olan anası ilə çıxmışlar. Daha sonra onlara məlum olmuşdur ki, həmin evi qeyri-yaşayış sahəsi kimi satmışlar. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, hazırki iddia üzrə iddia müddəti keçmiş və ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə rəsmi nikahları olmuş, lakin nikahları 2002-ci ildə məhkəmə tərəfindən pozulmuşdur. İddianı qəbul etmədiyini qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 42 saylı Dövlət Notariat Ofisinin 42-08-699 nömrəli, 17.07.2002-ci il tarixli işindən görünür ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 47, mənzil 33-də yerləşən bir otaqlı, sahəsi 21,9 kv.m olan mənzili qardaşı Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 13.03.1996-cı il tarixli, Seriya MH 002737 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, A.Neymətulla küçəsindəki 47 №-li yaşayış evinin 33-cü mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 47 №-li reyestr kitabında 30N6566 nomrə ilə 13.03.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 1993-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikah dövründə iddia predmeti olan mənzili almışlar və həmin mənzili 13.03.1996-cı il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Tərəflər arasında nikah 2002-ci ildə rəsmi olaraq pozulmuş və iddiaçı qeyd edilən tarixdə həmin mənzildən köçüb getmişdir. Daha sonra 2002-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan mənzili qardaşı Cavabdeh2 bağışlamışdır. Məhkəmə cavabdeh tərəfindən iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə verilməsini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsaən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə tərəflərin izahatlarını, təqdim olunmuş sənədləri tədqiq edərək və yuxarıda göstərilmiş maddi normaları əsas götürərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak ilə bağlı, hazırda iddia predmeti olan mənzil ilə bağlı nikah pozulduqdan, yəni 2002-ci ildə 2005-ci ilə qədər tələb etmə hüququ olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya şamil edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia ərizəsi rədd edilməli, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri İH X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə qarşı “əqdin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar