Məhkəmə qərarları › İş №2(005)-3155/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3155/2024

25.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3155/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1961-ci ildə Şəki rayonunda anadan olmuşdur. X1 xx.xx.1960-cı ildə ünvan 1 ünvanında yaşayır. X7 Bakı şəhəri, Baş Səhiyyə İdarəsi 2 saylı X3 “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. X7 psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də Ərizəçi onun qəyyumu kimi təyin olunmaq niyyətindədir, lakin Nərimanov Rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik” komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, qardaşımın üzərində qəyyum və himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də o Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AA4323548 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki X7 24 yanvar 1960cı il tarixində doğulmuşdur. 859271 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 yanvar 1960-cı ildə Şəki rayonunda anadan olmuşdur. X2r. AZ-T 185573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1961-cı ildə Şəki rayonunda anadan olmuşdur. X2r. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, X6 F20.0 Paranoid şizofreniya, paranoid forma, emosial iradi sferanın defisiti diaqnozu qoyulmuşdur. Qeyd edilmişdir ki, onun daim kənar şəxslərin himayəsinə ehtiyacı vardır. 55 saylı MKİS-in 049308 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov, ev 22-də pasport qeydiyyatındadır. 02 oktyabr 2023-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi“ X12 rəyindən görünür ki, X6 şizofreniya, paranoid forma, emosial iradə sferanın defisiti diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından çıxarışdan görünür ki, X6 şizofreniya, paranoid forma, emosial iradə sferanın defisiti diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2492 saylı rəyində qeyd olunur ki, X5 şizofreniya, paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə tələb ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir : Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. MPM-nin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən X4 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən məhkəmə psixiatrik rəyi ilə X4 öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2492 saylı rəyini təkzib edən heç bir hal mülki işin materialında olmadığından, rəy mülki işin digər dəlilləri ilə uzlaşdığından mötəbər sübut kimi qəbul edir. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X4 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək 24 yanvar 1960-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 yanvar 1960-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar