Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3169/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Bakı Nəqliyyat Agentliyi X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Çinar Trans MMC-dən əmək müqaviləsi bağlanan gündən xitam verilən günə kimi yığılıb qalan əmək haqqlarının hesablanaraq ödənilməsi, 100.000 manat məbləğində mənəvi zərərin Cavabdeh MMC-dən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC-də 2019-cu il tarixdə işə qəbul olunmaq üçün müraciət etmiş, bundan sonra 40 saylı xətt marşrutu üzrə işə başlamışdır. Bu günə kimi iddiaçıya ümumiyyətlə əmək haqqı verilməmiş, yalnız pandemiya dövründə dövlət tərəfindən birdəfəlik maddi yardım verilən zaman məlum olmuşdur ki, iddiaçının adına müqavilə imzalanmışdır (hər ay əmək haqqı 350 manat yazılıb) və bu səbəbdən ona birdəfəlik maddi yardım verilməmişdir. İddiaçı faktiki olaraq 2019-cu ildən bu günə kimi ümumiyyətlə əmək haqqı almamışdır, başqa xətt marşrutunda işlədiyi vaxt Cavabdeh MMC-nin rəhbərliyi həmin xətt marşrutunun sahibinə xəbər verərək iddiaçının işdən çıxarılmasına səbəbkar olmuşdur. Baxmayaraq ki, o rəhbərlikdən ailədə xəstə atasının olmasını, ondan başqa ailəyə qazanc gətirənin olmamasını bildirsə də, belə buna heç bir məhəl qoyulmamışdır. Nəticədə hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməmiş və məhkəmədə verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinin tələblərinin nəzərə alınmasını, iddia tələbinə iddia müddəti tətbiq etməklə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 06.03.2019-cu il tarixli, xxxxxxx000401 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 160 manat” sözü “aylıq əmək haqqının məbləği 180 manat” olaraq dəyişdirilmiş, 04.01.2019-cu il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 16.02.2021-ci il tarixli, xxxxxxx000802 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 250 manat” sözü “aylıq əmək haqqının məbləği 260 manat” olaraq dəyişdirilmiş, 19.10.2020-ci il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq 165 saylı marşrut xəttinin sürücü vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 31.01.2021-ci il tarixli, xxxxxxx000801 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 350 manat” sözü “aylıq əmək haqqının məbləği 250 manat” olaraq dəyişdirilmiş, 19.10.2020-ci il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq 165 saylı marşrut xəttinin sürücü vəzifəsinə işə qəbul edilmişdir; Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 06.05.2021-ci il tarixli, **********4 saylı X6 və digərlərinin müraciətlərinə (10.03.2021, 12.04.2021, 13.04.2021-ci il tarixli müraciətlər) cavab olaraq, “Sizin və digərlərinin “Çinar Trans" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərə X10 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı “Çinar Trans" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən X7. X5, X3. X8 və İddiaçı əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a“ bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesablarının ödənilmədiyi məlum olmuşdur. Eyni zamanda məktubda müəssisənin maliyyə problemlərinin olduğu və qısa zamanda bu problemlərin aradan qaldırılacağı bildirilmişdir. Sizin və digərlərinin əmək haqqlarının eyni zamanda əmək müqaviləsinə xitam verilmiş işçilərin son haqq-hesablarının ödənilməməsi ilə bağlı "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4, maddəsinə uyğun olaraq 04.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, sizə və digərlərinə olan borcun ən qısa zamanda ödənilməsi barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz vardır.” qeyd olunmuşdur; Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. İddiaçının iddia ərizəsinin məzmunundan və məhkəmədə verdiyi izahatlardan görünür ki, o, 2019-cu il tarixdən əmək münasibətlərinə xitam verildiyi vaxta qədər əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia ərizəsində işə bərpa olunması tələbi mövcud deyil, cavabdehdən ödənilməmiş əmək haqqı tələb edir. Buna görə də məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin hərəkətlərinin qanuni olubolması məhkəmə araşdırılmasının predmeti deyil. Məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçmişdir. Bugünədək iddiaçının əmək haqqı tələbi olmamış, hazırkı iddia tələbi ilə 01.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, iddiaçının iddia tələbinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının pozulmasını Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətininə müraciət etdiyi vaxtdan, yəni 10.03.2021-ci il tarixdən bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1. bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2. bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırda iddia etdiyi hüquqlarının pozulduğunu Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından bilmiş, iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin «100.000 manat məbləğində mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, əməkə haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Bakı Nəqliyyat Agentliyi X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Bakı Nəqliyyat Agentliyi X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3169/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3169/2021
17.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver