Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-317/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Mağar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2la 2012-ci ildə özünün sahibkarlıq fəaliyyəti ilə bağlı tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına səbəb olmuş, eləcə də, onların bir-birinə olan inam va etibarını artırmışdır. O, 2012-ci ildən xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinin olması barədə cavabdehə bildirdikdə, cavabdeh həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyini demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehin səmimiyyətinə inanaraq və tanışlıq münasibətlərini nəzərə alaraq cavabdehə o şərtlə etibarnamə verməyə razlaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Həmin razılaşmadan sonra cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamağa və onunla görüşmək istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Nəhayət, xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşərək torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Ertəsi gün o, notariat kontoruna gedərək 2018-ci il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonradan məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini ondan xəbərsiz həmin etibarnamə ilə Bakı şəhəri 38 saylı natoriat kontorunda öz anası Cavabdeh1 17.000 manata satmışdır. Beləliklə cavabdeh ona qarşı olan səmimi münasibətdən və onun etibarından sui-istifadə etməklə onu aldatmış, onun xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini onun razılığı və məlumatı olmadan ələ keçirib xx.xx.2020-ci il tarixdə anası Cavabdeh1 satmışdır. Bununla da cavabdehlər onun xüsusi mülkiyətində olan 0,5708 hektar torpaq sahəsini dələduzluq yolu ilə öz mülkiyyətlərinə keçirmiş, nəticədə onun mülkiyyət huquqları kobudcasına pozulmuşdur. Eyni zamanda, alqısatqı müqaviləsinə görə torpaq sahəsi onun adından 17.000 manat məbləğində satılmışdır. 0,5708 hektar torpaq sahəsinin bazar dəyəri 17.000 manat deyil, hazırda 1 sotu, təxminən, 1500 manatdan başlayır. Belə olan halda Cavabdeh2 0,5708 hektar torpaq sahəsinin onun razılığı va məlumatı olmadan 17.000 manata satılması qanunvericiliyə əsasən həmin əqdin etibarsızlığına səbəb olur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin stılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir. Əgər onun xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq fikri olsaydı, alqı-satqıda özü şəxsən iştirak edərdi. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış olduğundan isə özünə məxsus avtomobillə bağlı cavabdehlə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur. Hesab edir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair baglanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibardan sui-istifadə və aldatma nəticəsində bağlandığından etibarsızdır. Ona görə də Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010- cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə minik avtomobilinin alınaraq iddiaçıya qaytarılması barədə olsa da, o, həmçinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı əlavə olaraq göstərmişdir ki, iddiada bildirdiyi kimi belə razılığa gəlmişdilər ki, torpağı birlikdə satıb, satışdan əldə olunmuş vəsaitdən ona qalan 20.000 manat borcunu qaytarmalı, qalan məbləğ isə mülkiyyətçi olaraq ona qalırdı. Eyni zamanda ilk iddiada bildirdiyi kimi o, torpaqla bağlı sənədləri və etibarnaməni Nizamiyə verən zaman torpaq sahəsinin bir sotu 1.200 manat olub. Belə olan halda Nizami hansı haqla ona məxsus olan 0.5708 ha (57 sot) torpaq sahəsini cəmi 17.000 manata satmışdır. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə ilə müraciət edərək 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsini, Cavabdeh2 ona məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə növbəti ərizədə qeyd edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi xahiş olunduğundan hesab edirlər ki, sonuncunun adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də ləğv olunmalıdır. Daha sonra məhkəmə baxışı dövründə ilkin iddia üzrə İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması” hissəsinin ayrı məhkəmənin icraatında mübahisələndirdiyi üçün hazırda tələbinin bu hissəsindən imtina etdiyini bildirmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı 2018-ci ilin mart ayında ona 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı borcunu bir dəfəyə ödəyə bilməcəyini bildirmiş və borcun bir qismini özünə məxsus torpaq sahəsinin hesabına ödənilməsini təklif etmişdir. Aralarında əldə olunmuş razılığa əsasən İddiaçı borcun əvəzində xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. İddiaçı arvadı Günay Əbdürəhimova da həmin torpaq sahəsinin özgəninkilləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə notariat qaydasında razılıq ərizəsi vermişdir. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc besabına götürməsini ona təkidlə demişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş etmişdir. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anaları Cavabdeh1 hədiyyə etmək istədiyini demiş, bunun üçün ona 17.000 manat pul təklif etmişdir. Torpaq sahəsinə daha artıq qiymət verən digər alıcılar olmadığından o, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satmışdır. Bakı şəhəri, 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqı-satqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat bildirməmişdir. O, alqısatqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin - 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Hətta İddiaçı torpaq sahəsini onlardan geri alacağını, əvəzində isə heç bir məbləğ verməyəcəyini demiş, sonradan da bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda da İddiaçı ona borclu olduğu məbləğin qalan hissəsini ödəməkdən imtina edir. Ona görə də o, borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirdi ki, Cavabdeh2 İddiaçı çətin vəziyyətdə olduğunu, onun mübahisəli torpaq sahəsini dəyərindən çox ucuz qiymətə satmağa da razı olacağını bildiyi halda iddiaçının nümayəndəsi olaraq bu torpaq sahəsinin alıq-satqısı ilə bağlı qarşı tərəflə pis niyyətlə razılığa gəlmişdir. Nəticədə torpaq sahəsi, onun satış qiyməti barədə iddiaçıya məlumat verilmədən dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə Cavabdeh2 tərəfindən anası Cavabdeh1 satılmışdır. Bununla da İbrahimov X1 Ramin Vaqif oğlu tərəfindən ona verilmiş etibarnamə üzrə səlahiyyətlərdən sui-istifadə etmişdir. Belə ki, İddiaçı həmin torpaq sahəsini 2011-ci il tarixdə 30000 manata satın almışdır. Bundan 9 il sonra eyni torpaq sahəsini 17000 manata satmağa razı olması inandırıcı deyil. Cavabdeh2 torpaq sahəsinin satışından alınmalı olan pul məbləğini də İddiaçı, ona olan borcunun qarşılığı kimi qaytarmışdır. İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə Ədalər oğlu izahat verərək bildirdi ki, torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh2, ona olan borcunun qarşılığı olaraq verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı etibarnamə də Cavabdeh2 2018-ci il tarixdə verilmişdir. Əgər Cavabdeh2 ilkin iddia üzrə iddiaçı tərəfindən qeyd etdiyi kimi hərəkətlər etmək niyyəti olmuş olsaydı, bu hərəkətləri etmək üçün etibarnamə aldıqdan sonra 2 il gözləməzdi. Torpaq sahəsinin dəyərindən ucuz qiymətə satılması ilə bağlı onu qeyd edir ki, ilkin iddia tərəfi özü də bir neçə dəfə bildirmişdir ki, torpaq sahəsini göstərikləri qiymətə satmaq istədikdə heç bir alıcı tapa bilməmişlər. Hazırda torpaq sahəsinin dəyərinin artmasına səbəb sonradan həmin torpaq sahəsində yolların çəkilməsi, obyektlərin tikilməsi ilə bağlı olmuşdur. İddiaçı iddia tələbi üzrə cavabdehlərin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhəri 38 saylı Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikir bidirilməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişlər Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İş materiallarına olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 012425 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında hazırki iş üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - 2020-ci ildə tərtib edilmiş bölgü planının surətindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsinin şimal-qərb tərəfindən 0,10 hektardan ibarət hissəsinə dair özgəninkiləşdiriləcək torpaq sahəsi kimi bölgü planı tərtib edilmişdir - xx.xx.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək, bu barədə adından ərizələr vermək, müqavilələr bağlamaq, imza etmək, ona çatası pulu almaq, daşınmaz əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etribarnamə 3 il müddətinə verilmişdir. - xx.xx.2002-ci il tarixli AZ-İ 015292 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin surətlərindən görünür ki, İddiaçı arvadı Günay Əbdürəhimova iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. - xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrin, daşınmaz əmlaka dair həmin tarixli arayışın və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixli mədaxil orderinin surətlərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılması ilə bağlı İddiaçıla (müqaviləni onun adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) Cavabdeh1 arasında alqı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, alqı-satqı predmeti olan torpaq sahəsi müqavilədə 17.000 manat miqdarında qiymətləndirilmişdir. - xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin müəyyən edilir ki, mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. -xx.xx.2018-ci il tarixdə elanlar saytına yerləşdirilmiş elanın mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 58 sot torpaq sahəsinin 1 (bir) sotu 1500 manat olmaqla, cəmi 90.000 manat həddində (real alıcıyla razılaşmaq olar) qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. - Elanlar saytına yerləşdirilmiş və hazırda vaxtı bitmiş kimi qeyd edilən digər elanlardan birinin mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 60 sot torpaq sahəsinin 15.000 manat həddində, digərində isə 60 sot torpaq sahəsinin hər sotu 1300 ABŞ dolları olmaqla 128.330 manat həddində qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. - Oğuz rayonu Xalxal Bələdiyyəsi tərəfindən Cavabdeh1 şifahi müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 (bir) sot üçün bazar dəyərinin 2020-ci ildə 400 manat təşkil etdiyi qeyd edilmişdir. - Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış, bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmasının nəticəsi barədə xx.xx.2020-ci il tarixli 1980 nömrəli müraciətdə bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir. - Oğuz rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 246 nömrəli sorğuya cavab məktubunda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanıtorpaq sahələrinin 1 (bir) sotunun 2018-2020-ci illər ərzində 500 - 1500 manat həddində qiymətləndirildiyi qeyd edilmişdir. - İkram Nəbiyev adlı fiziki şəxs (VÖEN 6********) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, daşınmaz əmlak bazarında aparılmış araşdırma nəticəsində Oğuz rayonu Xalxal kəndi ərazisində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələrinin bazar qiymətləri, yerləşməsindən asılı olaraq, təxminən, 1700 - 2200 manat həddində müəyyən edilir. - “X2” MMC-dən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində aparılmış araşdırma və hesablamalar əsasında 0,5708 hektar torpaq sahəsinin hazırki bazar dəyərinin, yol mövcud olduqda 91.200 manat, yol mövcud olmadıqda isə 72.960 manat miqdarında müəyyən olunduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatına, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqısatqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin nəzəri qaydada orta bazar qiyməti 85.620 manat (1 sot 1500 manat), likvid orta bazar qiyməti 68.496 manat (1 sot 1500 manat - 20% = 1200 manat) miqdarında müəyyən edilir. Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahələrinə mövcud olan tələb və təklifdən asılı olaraq hazırda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. 0,5708 hektar həyətyanı torpaq sahəsinin qiyməti nəzəri qaydada müəyyən edildiyindən həmin torpaq sahəsinə gediş-gəliş yolunun mövcudluğunun olubolmaması nəzərə alınmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 2019- 2021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlər 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi xx.xx.2011-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmış, xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeyd olunan torpaq sahəsi ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 3 il müddətinə etibarnamə verilmişdir. Verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq,bağışlamaq və s. səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin surətlərindən görünür ki, İddiaçı arvadı Günay Əbdürəhimova iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 həmin etibarnamə və razılıq ərizəsinni əsasında 0,5708 hektar torpaq sahəsini xx.xx.2020-ci il tarixdə iddiaçının adından alqı-satqı müqaviləsi bağlamaqla öz anası Cavabdeh1 17.000 manata satmışdır. Bundan sonra qeyd olunan torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda 0,5708 hektar torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsindədir. İlk iddiaçı etibarnamə əsasında bağlanmış əqdin etibarsızlığının əsası kimi 0,5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 onun verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlarından yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı iddiaçının həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirməsini mübahisələndirmiş, cavabdeh isə ilk iddianı qəbul etməyərək alqı-satqı ilə əldə etdiyi vəsaiti iddiaçının ona olan borcuna hesablamasını, eləcə də, qarşılıqlı iddia ilə də müraciət edərək İddiaçı ona avtomobilin dəyərindən 25000 manat pulun qaldığını və həmçinin sonuncunun əvəzinə ödədiyi 14000 ABŞ dolları məbləğində borcunun olmasını bildirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, İddiaçı topaq sahəsini satmaq niyyəti olduqda ona yaxınlaşaraq torpaq sahəsini satmasına kömək etməsini xahiş etmişdir. Həmin sahəni almaq istəyən bir neçə potensial alıcı olmuş, lakin həmin sahənin yolunun olmaması, Ə.Raminin qohumları ilə həmin torpaq sahəsi ilə bağlı anlaşmazlıqlarının olması və digər səbəblərlə əlaqədar alqı-satqı baş tutmamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, hər iki iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ilk iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaqla bağlı etibarnamə verilməsi (özgəninkiləşdirilməsi məqsədi ilə) aralarında olan borc münasibətlərinin mövcud olması ilə əlaqədar olmuşdur. İlk iddiaçı ilk dəfə verdiyi iddia ərizəsində bu halı qeyd etməyərək cavabdehin ona qarşı olan səmimi münasibətdən və onun etibarından sui-istifadə etməklə onu aldatması, onun xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini onun razılığı və məlumatı olmadan ələ keçirməsi, torpağının satılması ilə bağlı cavabdehlə aralarında olan razılaşmanın cavabdeh tərəfindən pozulması, qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini cavabdehə ona olan borcunun təminatı kimi verməsi, özünə məxsus olan torpaq sahəsini heç kimə satmaması və satmaq fikrində də olmaması, cavabdehə etibarnamə versə də, torpaq sahəsinin satılması ilə əlaqədar ona heç bir tapşırıq verməməsi, belə bir iradə ifadəsinin olmaması kimi göstərsə də, sonradan qarşılıqlı iddia veriləndən sonra təqdim etdiyi iddia ərizəsinə əlavədə həm də qarşılıqlı iddiaya münasibət bildirirək cavabdehlə torpağı birlikdə satıb, satışdan əldə olunmuş vəsaitdən cavabdehə qalan 20.000 manat borcunu qaytarmalı, qalan məbləğin isə mülkiyyətçi olaraq ona qalması barədə razılığa gəlmələrini göstərmişdir. Başqa sözlə, ilk iddiaçı cavabehə etibarnamə verməsində məqsədinin özünə məxsus olan torpağın sonuncu tərəfindən satılması olmasını inkar etmir. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranması hazırki mülki işin əvvəl predmeti olmuş avtomaşının alınması istifadəsi və satılması ilə bağlı olmuşdur. Daha sonra müəyyən edilmişdir ki, ilk iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 3 il müddətinə etibarnamə verdikdən iki il sonra məhz sözügedən avtomaşınla bağlı aralarında narazılıq yarandıqdan sonra mübahisəli torpaq sahəsinin satılması məqsədi ilə verdiyi etibarnamənin 2020-ci ilin sentyabr ayında ləğv etdirməsini və bu etibarnamə əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirməyə başlamışdır. Başqa sözlə, tərəflər arasında sözügedən avtomobillə bağlı narazılıq yaranana kimi torpaq sahəsinin satılması ilə bağlı ilk iddiaçının cavabdehə verdiyi etibarnamənin və onun əsasında aparılmış əqdin qanuniliyi tərəflər arasında mübahisə predmeti olmamışdır. Məhkəmə ilk iddianın dəlilləri ilə bağlı hesab edir ki, ilk iddiaçının ilk dəfə verdiyi iddiasında bu halı təsdiq etməsə də, sonrakı iddia ərizəsinə əlavədə və məhkəmə baxışı zamanı izahatlarında mübahisəli torpaq sahəsini satmaq və bununla da cavabdehə olan borcunun ödəmək niyyətinin olmasını göstərməsi artıq işin mübahisəsiz halları kimi qəbul edilir. Belə ki, iddiaçının Cavabdeh2 verdiyi etibarnamədə 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2 həvalə edilməsi olmuşdur. Eyni zamanda, ilk iddiaçının niyyəti özünə məxsus olan torpaq sahəsini satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. İşin bu halı həmçinin ilk İddiaçı arvadı Günay Əbdürəhimovanın ərinin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirməsinə dair sonuncunun xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinin və torpaq sahəsinin satılması ilə əlaqədar bir neçə potensial müştərinin olması ilə bağlı iş üzrə dindirilmiş şahid ifadəsinin məzmunu ilə də tam təsdiq edilir. Beləliklə də müəyyən edilmişdir ki, ilk İddiaçı Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyə dair xx.xx.2018-ci il tarixdə cavabdehə verdiyi etibarnamə onun iradə ifadəsi olmuş, bu iradə ifadəsi arvadı Günay Əbdürəhimovanın xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə bir daha təsdiqlənmişdir. Məhkəmə qeyd etməyi də zəruri sayır ki, birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin qanuniliyi həmin torpaq sahəsində müəyyən pay sahibi olmuş Günay Əbdürəhimova tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 ilə arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, (müqaviləni İddiaçı adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) alqısatqı müqaviləsi ilk iddiaçının iradə ifadəsinə uyğün əqd kimi qiymətləndirilir. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığının əsasını torpağının ucuz satılması ilə əlaqələndirir və bunu belə əsaslandırır ki, cavabdeh torpağı istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmalı idi. İlk iddiaçı 0,5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 onun verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlarından yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı iddiaçının həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdir. Belə ki, ona məxsus torpağın hər sotunun bazar dəyəri 1500 manat civarında olduğu və cavabdehlə onun arasında olan razılaşma hər sotu üçün 1200 manat müəyyən edildiyi halda, sonuncu torpağı ümumlikdə 17000 manata satması real olmamışdır. İlk iddiaçı bununla bağlı iş materiallarında olan torpağın 1 sotunun qiymətinin 1500 manat civarında olmasına dair rəylərin məzmununa da istinad edir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə, eləcə də, ilk iddiaçının istinad etdiyi digər rəylərə qiymət verərək hesab edir ki, bu rəylərin məzmunu mübahisələndirilən əqdin məhz satış qiymətinin real olmaması əsası ilə etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, verilən etibarnamə və onun məzmununda olan satmaq səlahiyyəti ilk iddiaçının cavabdehə olan borcunun əvəzinin ödənilməsi ilə əlaqədar olduğu üçün cavabdeh ona etibarnamə ilə verilən səlahiyyətlər daxilində torpağın alqı-satqısı ilə bağlı əldə edilən vəsaitin ilk iddiaçıya verməli deyildir. Belə olan halda isə işin konkret halları baxımından satış qiymətinin az və ya mülkiyyətçini qane etməyən məbləğ olması əhəmiyyətsizdir. Belə ki, mülkiyyətçi olan ilk iddiaçı satışla bağlı etibarnamə və torpağın sənədlərinin əslini cavabdehə verməsi ilə artıq torpaqla bağlı bütün hüquqlarını da ona verməsi kimi qəbul olunur ki, bu da yuxarıda da göstərildiyi kimi onun cavabdehə olan və etiraf etdiyi borcunun əvəzini ödəmək üçün qeyd edilən addımları atması işin mübahisəsiz halıdır. Buna baxmayaraq məhkəmə hər bir halda işdə olan ekspert rəyinə qiymət verməsini zəruri sayaraq onun hazırki iş üzrə sübut əhəmiyyətli olması kimi qiymətləndirmir. Belə ki, ən azından ona görə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 2019- 2021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlərin 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edildiyi halda, ekspertin bu həddin ən aşağı həddinə deyil, daha yuksəyinə istinad etməsi ağlabatan deyildir və onun hazırki işə əvvəl baxmış məhkəmə zamanı rəyin bu formada verilməsinə dair əsaslandırmasına dair fikirlərini məhkəmə əhəmiyyətsiz sayır. Belə ki, Oğuz rayonu X4 rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 (bir) sot üçün bazar dəyərinin 2020-ci ildə 400 manat təşkil etdiyi qeyd edilməsinə dair xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubunda göstərilənlər ərazi üzrə yerli idarə etmə orqanının məlumatı kimi daha inandırıcıdır. Şahid ifadəsindən də görünür ki, həmin sahənin yolunun olmamasına görə alıcılarla alqı-satqılar baş tutmurdu. Belə ki, torpaq sahəsinə yolun olmaması əmlakın satış qiymətinə təsir edən ən vacib və mühüm amillərdəndir. Qeyd edilənlərə əsasən məhkəmənin qənaətinə görə mübahisəli sahənin 2020-ci ildə 1 sotanın qiymətinin bələdiyyənin məktubunda göstərilən məbləğə uyğun olmasının daha ağlabat olmasına dəlalət etməklə inandırıcıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, ilk iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından ilk iddia əsaslı sayıla və təmin edilə bilməz. İlk iddianın alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissəsi əsassız olduğu üçün məhkəmə hesab edir ki, tələbin çıxarışın ləğv edilməsinə dair hissəsinə də hüquqi qiymət verilməsinə artıq zərurət yoxdur. Məhkəmə tələbin bu hissəsinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbbərinə qiymət verərək qeyd edir ki, Cavabdeh2 özü qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsini satmaq yolu ilə əldə etdiyi 17.000 manat məbləğin borc əvəzi götürməsini qeyd etmişdir. Qarşılıqlı iddiaçının cavabdehə verilən qalan pulun miqdarı və verilmə şəraiti ilə bağlı izahatında göstərilənlər qeyri-müəyyən əsaslarla əhatə olunduğundan məhkəmə hesab edir ki, bu izahatlar mötəbər sübut kimi qəbul edilə və qarşılıqlı iddianın təsdiqi üçün yetərli sayıla bilməz Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından qarşılıqlı iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, iş üzrə cəmi 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manat pul İddiaçı, qalan 50%-i, yəni 50 manat pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair ilk iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh2 İddiaçı qarşı “borc məbləğlərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. İş üzrə cəmi 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manat pul İddiaçı, qalan 50%-i, yəni 50 manat pul Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-317/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-317/2023
29.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver