Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3192/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasından kənar baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müxtəlif sənədlərdə səhvən göstərilmiş "Ərizəçi" adının "Ərizəçi" adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in: - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Ərizədən görünür ki, Ərizəçi ona məxsus bir neçə sənədlərdə atasının adının müxətlif cür göstərildiyini bildirmiş, ərizəsində tələbini dəqiq ifadə etməmiş, adın səhv göstərildiyi konkret sənədləri qeyd etməmiş, ümumi olaraq müxtəlif sənədlərdə səhvən göstərilmiş "Ərizəçi" adının "Ərizəçi" adı ilə eyni şəxsə məxsus olması faktının tanınmasını məhkəmədən xahiş etmişdir. Bununla da qeyd olunan sənədlərin hüquqmüəyyənedici sənədlər olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi faktların müəyyən edilməsi barədə ərizə təqdim edilməmişdən qabaq ərizəçi tərəfindən qeyd olunan sənədlərin alınması imkanının tükənməsi barədə sübutların (sənəddə olan yanlışlıqla bağlı müvafiq orqana müraciət etməsi, imtina cavabı alması və s.) ərizəyə əlavə edilməsi maddi hüquq normasının imperativ tələbidir. Bu tələbə əməl edilməməsi isə ərizə və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılması üçün əsasdır. Hazırki ərizə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Bununla belə qeyd olunan sənədi məhkəmədənkənar qaydada ala bilməməsinə dair sübutları - hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması və s. ərizəyə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin tələbi dəqiq olmadığından, habelə o, məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən və buna dair sənədi ərizəyə əlavə etmədiyindən, onun icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3192/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3192/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver