Məhkəmə qərarları › İş №2(005)-3198/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3198/2023

19.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3198/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X16 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC Nərimanov rayon sukanal idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Nərimanov rayon sukanal idarəsinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC Nərimanov rayon sukanal idarəsinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərsu ASC-nin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında qeyri-qanuni yaradılmış süni borc fakturasının ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti 4-cü keçid ev 25 mənzildə 2011-ci ildən heç kəs yaşamır, sadəcə olaraq həmin ünvanda anası X7 və qardaşı X5 qeydiyyatdadırlar. Bütün bunlara baxmayaraq qeyri-leqal olaraq müxtəlif dövrlərdə özlərini Nərimanov rayonunu su idarəsinin nəzarətçisi kimi təqdim edən şəxslərə hər ay 15 manat olmaqla pul ödənilmişdir. İddiaçı qeyd edir ki, qonşuluğunda yaşayan şəxslər ona məlumat verərək bildirmişlər ki, qapının üzərində Azərsu ASC Nərimanov rayonu su idarəsi tərəfindən hesab faktura qoyulmuşdur. Qanunsuzluqlarla əlaqədar Azərsu ASC-nin rəhbərliyinə və eyni zamanda hüquq mühafizə orqanlarına etdiyi müraciət bu günə kimi nəticəsiz qalmışdır. Heç vaxt yaşamadığı, suyundan istifadə etmədiyi mənzil üzrə 2011-ci ildən başlayaraq hər ay 15 manat ödəməyinə baxmayaraq bu gün 700 manata yaxın borc pul yazılması yəqin ki, dövlətin və onun qanunlarını korporativ maraqlarına fəda etmiş dələduz şəbəkənin əlavə qazanc yerləridir. İddiaçı hesab edir ki, mənzilinin qarşısından asılmış "borc" bildirişi qanunsuzdur, ləğv edilməli və bu süni formal mülahizələrə əsasən müəyyən edilmiş borc da silinməlidir. İddiaçının müklkiyyətçi kimi pozulmuş hüquqlarının məhkəmə müstəvisində bərpa edilməsi üçün bütün hüquqi əsaslar mövcuddur. Qeyd edir ki, son illər qeyri-leqal xərac yığma missiyasi Nərimanov rayonu Su İdarəsi nəzarətçisi X8 (***-***-**-**) üzərində idi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC Nərimanov rayon sukanal idarəsinin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Azərsu ASC-nin “sayğacsız abonentin yoxlanılması”na dair sənədə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, ev 25 ünvanında qapını açan olmamış, həmin ünvanda yaşayış olmadığı qeyd olunmuşdur. İş materiallarında olan hesab fakturadan görünür ki, İddiaçı 652.60 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartının surətindən görünür ki, Minarə Quliyevanın 2023-cü il tarixinə 667.60 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, ev 25 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** nöömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyətinin Nərimanov rayonu 53 saylı MKİS-in 037238 saylı arayışdan məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, 25 saylı mənzil xx.xx.2023-cü il tarixdən İddiaçı məxsusdur. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyətinin Nərimanov rayonu 53 saylı MKİS-in 037218 saylı arayışdan məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, 25 saylı mənzildə 2012-ci ilin əvvəlindən 2023-cü ilin bu gününə kimi yaşayış olmamışdır. Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə təsdiq edilmiş akta əsasən X6, X9, X10 bildirmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, ev 25 ünvanının mülkiyyətçisi X4 adınadır və 2012-ci ilin əvvəlindən 2023-cü ilin bu gününə kimi həmin mənzildə kimsənin yaşadığının şahidi olmamışlar, yəni həmin ünvanda nə ailə üzvləri, nə də ki digər başqa şəxslərin yaşadığını görməmişlər. 01 yanvar 2000-ci il tarixli müqavilədən görünür ki, Azərsu ASC ilə Minarə Quliyeva arasında “Sudan istifadə qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının” 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununa əsaslanaraq məhkəmə qeyd edir ki, sudan istifadəyə görə xidmət haqqının ödənilməsi istehlakçıların həmin obyektdə yaşaması və istifadə faktına əsaslanır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 4-cü keçid, 25 saylı mənzildə uzun müddətdir yaşayış yoxdur. Bu fakt eyni zamanda cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinin dəlillərini təkzib edən təsdiqedici sübutların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında borc fakturası üzrə əsassız hesablanmış borc pul silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında borc fakturası üzrə əsassız hesablanmış borcun silinməsi vəzifəsi cavabdeh "xxxx" ASC Nərimanov rayon sukanal idarəsinin üzərinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar