Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3199/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X9 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat kontoruna qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat kontoruna qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakın qəbulu müddətinin üzrlü səbəbdən ötürülməsi və mirasın qəbul edilməsi müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum X2 arvadı və yeganə vərəsəsidir. Mərhumla xx.xx.1982-ci ildə ailə həyatı qurmuşdur. Mərhum yoldaşı X4 xx.xx.2017-ci ildə vəfat etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 287 saylı sərəncamına əsasən mərhum X3 Binəqədi rayonu ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin bu günə qədər həmin əmlakın çıxarışı olmamışdır. xx.xx.2024-cü il tarixdə həmin əmlaka dair vərəsəlik işinin açılması üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin rəsmi cavab olaraq bildirmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. 3 nəfər övladı mərhum atalarından qalmış mirası qəbul etməkdən imtina etmişlər. Mərhumun ölümündən sonra ona məxsus əmlakın özəlləşdirilməsi üçün icra nümayəndəliklərinə müraciət elmiş, lakin dəfə bildirilmişdir ki, qeyd olunan əmlakın özəlləşdirilməsi gələcəkdə olacaq. Məhz buna görə də, mərhumun ölümü ilə əlaqədar ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılması üçün müraciət etməmişdir. Nəticə etibarilə, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat kontorunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ИЕ seriyalı, 551416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1951-ci il tarixdə doğulmuşdur; İİİ-ЖГ seriyalı, 286221 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 arasında nikah xx.xx.1982-ci il tarixdə Kirov rayonu Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 682 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Aslanova” soyadı verilmişdir; AZ-İ seriyalı, 901006 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür; Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 287 saylı sərəncamının surətindən görünür ki, X3 Binəqədi rayonu ərazisindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat kontorunun İddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 1104 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsəlik işinin həlli ilə əlaqər təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X4 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İddiaçı mərhumun arvadı olmaqla birinci növbə vərəsəsidir. Mirasın qəbulu üçün notariat ofisinə müraciət etsə də, müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Hazırda iddiaçı mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməməsinə, miras qalmış əmlakı faktiki olaraq idarə etməsinə və müvafiq əmlakla bağlı ödənişləri vaxtı-vaxtında etməsinə istinad edərək, miras əmlakın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Hazırki iş üzrə vərəsənin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməməsinə, miras qalmış əmlakı faktiki olaraq idarə etməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, mülki dövriyyənin davamlılığı və fasiləsizliyi, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin qorunmasının zəruriliyi, iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaları, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.3-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən miras qoyan X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən miras qoyan X1 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3199/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3199/2024
17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver