Məhkəmə qərarları › İş №2(005)-3229/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3229/2021

05.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3229/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” ASC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh” MMC-dən işlədiyim müddət ərzində əmək haqqımın hesablanaraq ödənilməsi, kompensasiyanın və dövlət tərəfindən ayrılan birdəfəlik müavinətin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bildirir ki, 04.01.2019-cu il tarixdə "xxxx" MMC-in rəhbərliyi ilə aralarında müddətsiz əmək müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə görə 81 nömrəli xətt maşınında sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq ona hər ay 350 manat aylıq maaş yazılmışdır. Lakin bu günə kimi "xxxx" MMC-in rəhbərliyi ona heç bir məbləğdə maaş verməmişdir. Belə ki, adına formal olaraq tərtib edilmiş əmək müqaviləsi olduğu üçün pandemiya dövründə dövlət tərəfindən ayrılan birdəfəlik maddi yardımdan məhrum olunmuşdur. Yalnız bundan sonra ona cavabdeh tərəfindən əməkhaqqı yazılması barədə məlumatı olmuşdur. Sonradan cavabdehdən əmək haqqını tələb etdikdə onu işdən çıxartdılar. DƏM Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilmiş rəsmi cavabda göstərilir ki, son haqq hesabı cavabdeh tərəfindən ödənilməlidir və 12.03.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh orqan əmək haqqını ödəməkdən imtina edir. Nəticədə hüqularının qorunması məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Daha sonra İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh xxxx MMC-dən əmək müqaviləsinə xitam verilən günə kimi 26 ay müddətinə hər ay 350 manat olmaqla (26 ay x 350 manat) =9.100 manat, işləmədiyi aylar üzrə 3000 manat kompensasiya, pandemiya dövrü ərzində 6 ay müddətinə (6 ay x 190)= 1.140 manat, ümumilikdə cavabdeh xxxx MMC-dən 13.240 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair yazılı ərizə təqdim edərək, iddia tələbinin pandemiya dövrü ərzində 6 ay müddətinə hesablanmış 1.140 manat hissəsində azaldaraq, iddia tələbini digər hissələrdə müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh «Cavabdeh” ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onların səlahiyyətli nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 04.01.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 04.01.2019-cu il tarixdən müddətsiz Cavabdeh MMC-də əlavə iş yeri üzrə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı 150 manat təşkil edir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 07 may 2021-ci il tarixli məktubundan görünür ki, Sizin “xxxx" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətlərə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla bağlı aparılan araşdırma zamanı “xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən sizin əmək müqavilənizə 12.03.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi və son haqq-hesabınızın ödənilmədiyi məlum olmuşdur. Son haqq-hesabınızın ödənilməməsi ilə bağlı “xxxx” MMC-nin vəzifəli şəxsi barəsində tərəfimizdən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.4, maddəsinə uyğun olaraq 04.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş, sizə olan borcun ən qısa zamanda ödənilməsi barədə “xxxx” MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə 04.01.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanmasına dair müvafiq bildiriş elektron portala yerləşdirilmişdir. Sonuncunun əmri ilə işçi İddiaçı 12.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” (tərəflərdən birinin təşəbbüsü) əsasən tutduğu vəzifədən azad edilmiş və son haqq-hesabı ödənilməmişdir. Son haqq-hesabının ödənilməməsi ilə bağlı “xxxx” MMC-nin vəzifəli şəxsi barəsində X4 tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq 04.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. İddiaçı hazırda Əmək müqaviləsinə uyğun olaraq ona hər ay 350 manat aylıq maaş yazıldığını, bu səbəbdən də Cavabdeh MMC-dən əmək müqaviləsinə xitam verilən günə kimi 26 ay müddətinə hər ay 350 manat olmaqla cəmi 9100 manat əmək haqqının, habelə işləmədiyi aylar üzrə 3000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh isə iddiaya etiraz edərək, əmək haqqının ödənildiyini bildirir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının əmək haqqının ödənilməsi ilə bağlı cavabdehin bu halı təkzib edən hər hansı mötəbər sübutları mövcud deyil, iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının ödənilməməsi səbəbindən işçiyə 26 ay ərzində 150 manat məbləğində əmək haqqı ödənilməlidir. Belə ki, iddiaçı izahatında ona 350 manat əmək haqqı yazıldığını qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hala dair sübutlar mövcud olmamışdır, əksinə iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olmuşdur ki, işçinin əmək haqqı 150 manat təşkil edir. Bu səbəbdən də məhkəmə iddia tələbinin “26 ay müddətinə hər ay 350 manat olmaqla cəmi 9100 manat əmək haqqı tutulması” hissəsində iddianı qismən təmin edilməsini əsaslı və qanuni hesab edir. Nəticə etibarilə məhkəmə belə qənaətə gəlir ki, 26 ay ərzində aylıq 150 manat əmək haqqı hesablanmaqla cəmi 3900 manat məbləğində əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yuxarıda bildirdiyi kimi, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır ki, cvabadeh tərəfindən də əmək haqqının ödənilməsi ilə bağlı iddiaçının iddia tələblərinin əksini sübut edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “3000 manat kompensasiya” hissəsində əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, “3000 manat kompensasiya” hissəsində sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulun işəgötürəndən ona ödənilməli olduğunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, işləmədiyi dövrlər üçün kompensasiya tələb etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir halın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı pandemiya dövründə hansı müddətlərdə işləyib-işləməməsi barədə konkret izahatlar verə bilməmiş, həmin kompensasiyanın tələb edilməsini hansı hallardan irəli gələrək tələb etdiyini əsaslandıra bilməmiş, nəticə etibarilə mülahizə xarakterli izahatlar verməklə kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı mübahisə üzrə 30 manat dövlət rüsumu cavabdeh «Cavabdeh” ASC tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Cavabdeh” ASC-dən 3900 manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh «Cavabdeh” ASC-dən 30 manat dövlət rüsumu tutulsun Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar