Məhkəmə qərarları › İş №2(005)-3282/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3282/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3282/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)- 2898/2018 saylı icra vərəqəsinə və cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli 17/72-231384/8-1374 saylı sifarişinə əsasən xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinin (ev 1 A) cavabdeh “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(103)-2898/2018 saylı icra vərəqəsinə və Yasamal rayon icra və Probasiya Şöbəsinin 17 yanvar 2019-cu il tarixli 17/72-231384/8-1374 saylı sifarişinə əsasən cavabdeh "X4" Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi mülkiyyət hüququ ilə qohumum X5 məxsus oan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahəsində yerləşən, ilkin satış qiyməti 247 500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisini (ev 1 A) təkrar hərrac baş tutmadığıdan cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti təkrar hərracdakı 15 faiz endirimələ olan 210 375 manat hərrac qiymətindən 25 faiz aşağı qiymətə, yəni 157 781 manata almışdır. Cavabdeh hərrac təşkilatı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmış və cavabdehlər Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinin sifarişçi icra məmuru Məmməd Bayramovun, hərracın təşkilatçısı "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin, alıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə hərracın yekunları barədə 18 mart 2019-cu il tarixli 35 saylı Protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və hərracın qanunsuz olaraq keçirildiyini bildirdi, ona görə də iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Accessbank” QSC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və çıxışını dinləyib, mülki iş üzrə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(005)-2304/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh1-yə Cavabdeh2 QSC-yə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli 2(103)-13481/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 07 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı X3 Cavabdeh1MMC-yə, Cavabdeh2 ASC-yə və Bakı şəhəri Yasamal Rayon icra və probasiya Şöbəsinə (DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Repsublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.10.2020-ci il tarixli 2(102)-4830/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı №0207896 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsi, ev 1 25.05.2011-ci il tarixdə X3 adına hüquqi rəsmiləşdirilişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi, 1 saylı evin “A” tikilisi Yasamal rayon İcra və Probasiya şöbəsinin 17/72-231384/8-1374 saylı 17.01.2019-cu il tarixli sifarişi məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2898/2018 saylı 05.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 247 500 manat, əmlakın 15% endirimlə 210375 manat, 25% aşağı qiyməti 157781 manat olmaqla Cavabdeh2 QSC-nin balansına keçirilmişdir. Bununla bağlı 18.03.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh2 QSC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi, 1 saylı evin “A” tikilisi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda sadalanan sübutlardan da göründüyü kimi, eyni predmet üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2304/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 Cavabdeh1-yə Cavabdeh2 QSC-yə və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən hallar araşdırılmış və həmin mübahisəli hallara hüquqi qiymət verilmişdir. Bununla yanaşı məhkəmə bir daha bildirir ki, sübutlardan da göründüyü kimi hazırda iddiaçının hərracın qanuniliyini mübahisələndirməsi əsasları eyni olmuş və bu barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-2304/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsi mövcuddur. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı hal-hazırda Nərimanov rayon məhkəməsinin icraatında olan iddia tələbində mübahisələndirilən məsələyə yuxarıda sözügedən qətnamə ilə hüquqi qiymət verilmişdir. Belə olan təqdirdə İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1-nə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1-yə və Yasamal rayon icra şöbəsinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar