Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3297/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Quliyeva Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, gecikdirilmiş əmək haqqına görə ödənişin və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının, gecikdirilmiş əmək haqqına görə ödənişin və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən mart ayının 15-dən bu günədək ödənilməmiş dəyəri ümumilikdə 1500 (min beş yüz) manat, gecikdirilməyə görə aylıq əmək haqqının 1%-dən az olmayan hissəsi, yəni 45 (qırx beş) manat, dəymiş mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh “AS TEXNOSERVİS" MMC ilə arasında 22.07.2020-ci il tarixdə aylıq əmək haqqı 740 AZN olmaqla iddiaçının məşğulluq təsərrüfatı üzrə quraşdırıcı peşəsində fəaliyyət göstərməsi barədə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron informasiya sisteminə inteqrasiya olunmuşdur. Əmək haqqı üzrə ödənişlər bir müddət stabil olaraq ödənilsə də, sonradan ödəmələrdə azalmalar aparılmış, daha sonra isə əmək haqqının ödənilməsi ümumiyyətlə təmin edilməmişdir. Belə ki,o 27.09.2020-ci ildə torpaqların işğaldan azad edilməsi üçün başlamış iri miqyaslı Vətən müharibəsində könüllü iştirak etmiş, 28.12.2020-ci ilədək Cənab prezidentin könüllülərin tərxis olunması barədə qərar qəbul edənədək xidmətdə olmuş və döyüşlərdə fəal iştirak etdiyinə görə medalla təltif olunmuşdur. Xidmətdən tərxis olunduqdan sonra 22 may 2021ci il tarixədək “AS TEXNOSERVİS" MMC-də əmək müqaviləsi üzrə quraşdırıcı peşəsində çalışmağa davam etmişdir. Lakin bu müddət ərzində onun mart ayına görə əmək haqqı natamam ödənilmiş digər 2 aya (aprel, may) görə əmək haqqı isə heç ödənilməmişdir. Dəfələrlə əmək haqqımın ödənilməsini tələb etdiyi təqdirdə hər dəfə müxtəlif bəhanələr gətirərək heç bir ödəniş olunmayıb və əmək kitabçasını tələb eldiyi zaman verməkdən imtina etmişlər. İş materiallarına əlavə edilmiş bank çıxarışından və digər sənədlərdən göründüyü kimi, işəgötürən tərəfindən qeyd olunan normaların tələbləri pozulmuş, 2021-ci ilin mart ayından 2021-ci ilin may ayınadək 3 ay ərzində ona əmək haqqı ödənilmədiyindən cavabdehin mart ayına görə əmək haqqının yarı hissəsi və aprel, may aylarının bütöv hissəsi olmaqla ümumilikdə 1500 (min beş yüz) manat miqdarında pul ona ödənilməmişdir. Belə ki, onun “Unibank" ASC-dən 3 il müddətinə götürdüyü 7000 (yeddi min) manat dəyərində kredit borcumu ödəyə bilmədiyi üçün ödəmədiyi günlərə görə müəyyən miqdarda faiz və cərimə əlavə olunmuşdur. Buna görə də ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, cavabdeh tərəfindən ödənilməmiş əmək haqqının məhkəmə mübahisəsi gedişatında tam ödənildiyini, lakin əmək haqqının ödənilməsinin gecikdirilməsi səbəbindən 1 faiz həcmində ödənişin və əmək müqaviləsində göstərilmiş iş vaxtından əlavə işlədildiyi üçün ona mənəvi ziyan dəydiyindən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 22 iyul 2020-ci il tarixli 62/20 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı HAOR Layihəsi, Quraşdırıcı vəzifəsinə işə qəbul edilir, 22 iyul 2020-ci il tarixdən işə başlayır, işçinin aylıq vəzifə maaşı 826,82 manat təşkil edir. Əmək haqqı ayda bir dəfə ayın sonuncu iş günündən başlayaraq növbəti ayın on beş iş günü ərzində ödənilir. İş materiallarında olan bank çıxarışının surətindən görünür ki, 2020-ci ilin dekabr ayı üçün 697,08 manat məbləğində əmək haqqı 15.01.2021-ci il tarixdə, 2021-ci ilin yanvar ayı üçün 160 manat məbləğində əmək haqqı 18.03.2021-ci il tarixdə, 2021-ci ilin fevral ayı üçün 196,90 manat məbləğində əmək haqqı 18.03.2021-ci il tarixdə, 2021-ci ilin fevral ayı üçün 196,90 manat məbləğində əmək haqqı 20.04.2021-ci il tarixdə, 2021-ci ilin mart ayı üçün 287,03 manat məbləğində əmək haqqı 22.04.2021-ci il tarixdə, 2021-ci ilin aprel ayı üçün 579,70 manat məbləğində əmək haqqı 10.06.2021-ci il tarixdə, 2021-ci ilin mart ayı üçün 287 manat məbləğində əmək haqqı 10.06.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə ilk növbədə iddiaçının “ödənilməmiş 1500 (min beş yüz) manat məbləğində əmək haqqı” tələbinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında iddiaçının özünün də etiraf etməsindən məlum olur ki, həmin hissədə tələblər cavabdeh tərəfindən yerinə yetirilmiş, iddiaçıya ödənilməli olan əmək haqqı ödənilmişdir, beləliklə həmin hissədə hər hansı mübahisə qalmamışdır. Ona görə də məhkəmə həmin hissədə iddia tələbini təmin etməməyi qanuni və ədalətli hesab edir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, İddiaçı əmək haqqı gecikmələrlə ödənilmişdir. Belə ki, iddiaçı ona mart ayına görə əmək haqqının yarı hissəsinin və aprel, may aylarının bütöv hissəsinin ödənilmədiyini iddia edir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki iş materiallarından göründüyü kimi iddiaçının qeyd etdiyi aylar üzrə əmək haqqının gecikdirmələrlə ödənilməməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, iddiaçıya müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının tələb etdiyi məbləğdə - 45 manat məbləğində ödəniş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, iddiaçının əmək haqqı mütəmadi gecikmələrlə verilmiş, iddiaçı isə həmin gecikdirilmiş günlərin sayına dair məhkəmə araşdırması zamanı izahat verə bilməmiş, habelə məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, iddiaçı tərəfindən gecikdirilmiş günlər və həmin günlərə görə hesablanmış ödənişin həcmi barəsində məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Nəticə etibarilə də məhkəmə iddiaçının tələb etdiyi ödənişin həcmi ilə kifayətlənməli olmuşdur. Məhkəmə mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən gecikdirilmiş əmək haqqına görə 45 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3297/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3297/2021
09.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver