Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3329/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-obyektiv, qanunsuz, əsassız və ədalətsiz olduğundan cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan və ona məxsus ünvan 1 ünvanında yerləşən 70,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin bazar dəyərinin 90000 manat məbləğində qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinin ləğv edilməsi və qeyd olunan ipoteka predmetinin başqa qiymətləndirici şirkət tərəfindən yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, ünvan 1 ünvanında yerləşən 70,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətidir. Səhhətində olan çoxlu sayda xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 70,5 kv.m ölçüdə qeyri-yaşayış sahəsini girov qoyaraq 18500 manat məbləğində pulun X2 borc almaq barədə onunla razılığa gəlmişdir. Adından verdiyi etibarnamə əsasında borc alan qismində qohumu X4 çıxış edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə və həmin tarixli ipoteka müqaviləsinə əsasən X2 3 ay müddətinə 18500 manat (10900 ABŞ dolları) məbləğində pulun borc verilməsinə dair cavabdehlə Bakı şəhəri 50 nömrəli notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş və 3M-505 nömrəli reyestrlə qeydə alınmış, xx.xx.2020-cı il tarixli kredit müqavləsi və ipoteka müqaviləsi imzalanmışdır. X1 müqavilə bağlandıqdan sonra müqavilə şərtlərinə əməl etməyərək, pulu alan X5 müqavilədə göstərilən 18500 manat əvəzinə 13000 manat pul vermiş, qalan 5500 manatı isə verdiyi borca görə 3 ayın sələm faizi kimi hesablayıb çıxmışdır. Abşeron rayonu 1 saylı Notariat Kontorunun 16 dekabr 2021-ci il tarixli, 8İ-12968 №-li icra qeydinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Ağayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssisin dəvət edilməsi qərarına əsasən ipoteka predmetı olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi üçün Cavabdeh MMC mütəxəssis qismində dəvət edilmişdir. Qeyd olunan qərarla bağlı Cavabdeh MMC-nin verdiyi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən aldığı xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bak şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi 16 ünvanında yerləşən 70.5 kv.m ölçüdə qeyri-yaşayış sahəsi olan əmlakın xx.xx.2023-cü il tarixə bazar dəyəri 90000 manat təşkil edir. Cavabdeh MMC-nin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 90000 manat məbləğində qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyini qeyri-obyektiv, qanunsuz, əsassız və ədalətsiz hesab edir. Qiymətləndırıcı şirkət olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2022-ci il tarixli, 0229/22 nömrəli ekspert rəyi ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid dəyəri 141000 manat məbləğində qiymətləndirilmişdir. Son bir ildə Azərbaycan dövlətində heç bir iqtisadi krizis, manatın devolvasiyası, daşınmaz əmlakların qiymətlərində ucuzlaşma və iqtisadi böhran baş verməmiş, əksinə Azərbaycan manatının kursu sabit olmuş, daşınmaz əmlakların qiymətləri Bakı şəhərinin bütün kateqoriyaları üzrə artmış, ümimilikdə Respublikanın iqtisadiyyatı daha da güclənmişdir. Bakı şəhərinin mərkəzi hissəsində yerləşdiyindən hazırkı vaxtda ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 1 kv.m minimum 3000 manat hesabı ilə azı 210000 manat təşkil edir. Son bir ildə ölkədə heç bir iqtisadi böhran, daşınmaz əmlakların qiymətlənnin ucuzlaşması və manatın devolvasiyası baş vermədiyindən Cavabdeh MMC-nin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 90000 manat qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyi qeyri-obyektiv, qanunsuz, əsassız və ədalətsizdir, obyektiv həqiqəti əks etdirmir və daha çox sair şəxsi maraqlar üzündən obyektin qiyməti artmaq əvəzinə, əksinə cavabdeh tərəfindən qiymətləndirmə qeyri-obyektiv aparılmış və qeyd olunan qeyri-yaşayış sahəsi bir il əvvəl müəyyən edilmiş bazar dəyərindən 51000 manat az qiymətləndirilmişdir. Cavabdeh MMC-nin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 90000 manat qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyi qeyri-obyektiv, qanunsuz, əsassız və ədalətsiz olduğundan və obyektiv həqiqəti əks etdirmədiyindən həmin rəy məhkəmə qaydasında ləğv edilməli və qeyd olunan ipoteka predmeti başqa qiymətləndirici şirkət tərəfindən yenidən qiymətləndirilməlidir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı əmlakın daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3329/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3329/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver