Məhkəmə qərarları › İş №2(005)-3336/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3336/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3336/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsinin və özəlləşdirilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsinin və özəlləşdirilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət X13 və özəlləşdirilməsi departamenti ilə Cavabdeh2 arasında “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin İnvestisiya Müsabiqəsində satılmış səhmlərin alqı-satqısı barədə İM-23S nömrəli xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin 94,73% hissəsini investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, “Çinar” İstehsalat Birliyi 1959-cu ildən fəaliyyət göstərir və əsas fəaliyyəti məişət soyuducularının istehsalı və satışından ibarət olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” xx xxxx 2001-ci il tarixli, 647 nömrəli sərəncamına əsasən “Çinar” İstehsalat Birliyi bazasında “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq səhmlərin özəlləşdirilməsində 600 nəfərdən çox əmək kollektivi iştirak etmiş, lakin özəlləşdirmə zamanı əmək kollektivinin rəyi nəzərə alınmadan qeyri-qanuni hərəkətlərə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin təsiri nəticəsində İM-23S nömrəli, xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında müəssisənin 94,73% hissəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. X12 Cəmiyyəti müəssisənin normal iş fəaliyyətini bərpa etmək, işçilərin mənafeyini qorumaq, yerli istehsalı inkişaf etdirmək, investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək əvəzinə müəssisənin avadanlıqlarını yararsız hala salaraq, müəssisənin əmlaklarını qorumayaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, sözügedən müqaviləyə əsasən 2.000.000 (iki milyon) ABŞ dolları dəyərində yeni avadanlıqların alınması, sosial məsələlər, dövriyyə vəsaiti məqsədi ilə invenstisiya qoyulmalı idi. Lakin bu günə qədər müqavilənin investisiya qoyuluşunun istiqamətləri üzrə plan-cədvəlinin və müqavilənin şərtləri yerinə yetirilməyibdir. Cəmiyyət bu gün qeyri-qanuni şəkildə əmlak xidmətinin səlahiyyətli nümayəndələri tərəfindən kənarda idarə olunur, hesabatlar qəbul edilir. Hesab edirlər ki, özəlləşdirmə zamanı qeyri-qanuni hərəkətlərə yol verən şəxslər müəyyən edilməli, müəssisəyə vurulan zərərin miqdarı araşdırılaraq əmək kollektivinin hüquqları bərpa edilməlidir. Hazırda cəmiyyətin səhmdarları olaraq pozulmuş hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Həmin xidmətin onlara ünvanladığı məktubda qeyd edilmişdir ki, şikayət ərizəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qanunvericiliyə əsasən, investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilən müəssisələrdə mülkiyyətçilər özəlləşdirmədən sonra dövlət müəssisələrinin fəaliyyətinin yenidən qurulması, istehsalın bərpası, yeni istehsal, xidmət və digər fəaliyyət sahələrinin işə salınması yolu ilə iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, müəssisədə məşğulluğunun təmin edilməsi və işçilərə münasibətdə sosial məsələlərin həlli, bütövlükdə qeyd olunan istiqamətlərdə səmərəli nəticələrin əldə edilməsi üçün investisiyalar qoymalı və digər müvafiq tədbirlər görməlidir. Eyni zamanda, mülki qanunvericiliyin tələblərinə görə, özəlləşdirilmiş “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə və icra orqanları müəssisənin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən səhmdar cəmiyyətinin onun bütün iştirakçılarının (səhmdarlarının) maraqlarına sadiq olmaq və səhmdar cəmiyyətinin maraqlarını öz maraqlarından üstün tutmağa borcludurlar. Qeyd olunanlar əsasında dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələrin məhkəmədə həll edildiyini nəzərə alaraq, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və özəlləşdirilməsi, həmçinin səhmdar cəmiyyətinin hazırki fəaliyyəti və idarə edilməsi, səhmdarların və əmək kollektivi üzvlərinin hüquqlarının pozulması, müəssisənin istehsal fəaliyyətinin bərpası və inkişafı məqsədilə səmərəli investisiya qoyuluşlarının aparılmadığı barədə müraciətlərində qaldırılan məsələlərə hüquqi qiymətin verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Açıq Səhmdar Cəmiyyətin əmək kollektivi üzvlərinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubundan göründüyü kimi, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 5,27% hissəsi əmək kollektivi üzvləri arasında güzəştli satış vasitəsilə bölüşdürüldükdən sonra, səhmlərin qalan 94,73% mövcud qanunvericiliyə uyğun olaraq 2004-cü ildə investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti dövlət qurumlarının nümayəndələrindən (Ədliyyə, Maliyyə, İstisadiyyət, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və s.) formalaşdırılmış müsabiqə komissiyasının müəyyən etdiyi qalib şirkətlə imzalanmış alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirildikdən sonra 2006-cı ildə müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Hazırda “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyəti tam özəl sahibkarlıq subyektidir və öz inkişaf strategiyasını və marketinq siyasətini qanunvericlikdə müəyyən edilmiş qaydada müstəqil həyata keçirir. Dövlət mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə müəyyən edilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1 -ci maddə). Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1 -ci maddə). Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi, sözügedən əmlak Cavabdeh2 adına rəsmiləşdirilməsinə və özəlləşdirilməsinə baxmayaraq, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da müqavilə öhdəliyini pozmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx xxx 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən “dövlət əmlakının özəlləşdirilməsi üsulları” və 17-ci maddaəsinə əsasən “özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştlər” müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.2-ci bəndinə əsasən dövlət müəssisənin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15% digər səhmlərin və hissələrinin satışı üsulundan asılı olmayaraq işçilərə birbaşa güzəştli satışa yönəldilir. Dövlət Proqramının 4.2.4-cü yarımbəndinə əsasən güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir. “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin qalan səhmləri 94,73% hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmişdir. İddia ərazisində yazıldığı kimi yuxarıda qeyd edilən Qaydaların 3-cü bəndinə əsasən müsabiqənin keçirilməsi üçün aidiyyatı dövlət təşkilatlarının iştirakı ilə 11 (on bir) nəfərdən ibarət komissiya yaradılmışdır. Qaydalara uyğun olaraq investisiya müsabiqəsinin qalibi komissiyaya təqdim edilmiş təkliflər əsasında 11 (on bir) nəfərlik komissiya tərəfindən müəyyən olunmuş və alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra müqavilə üzrə nəzərdə tutulan öhdəliklər və investisiya proqramı tam yerinə yetirildikdən sonra alıcı investisiya şərtlərinin və öhdəliklərinin icrası olaraq müstəqil auditor tərəfindən təsdiq olunan yekun hesabatı komissiyaya təqdim edilir. Aidiyyatı dövlət qurumlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən yekun hesabat sənədlər təsdiq edilmişdir. Göründüyü kimi müəssisə üzrə investisiya şərtlərində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra yekun icra aktı tərtib edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlaka mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İddiaçı şəxslərin yazdığı kimi investisiya şərtləri üzrə öhdəliklər icra edilməsəydi aidiyyatı dövlət qurumlarının (Azərbaycan Respublikası Ədliyyə, Vergilər, İqtisadiyyat, Ekologiya Nazirlikləri, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyəti) (11 (on bir) nəfər) iştirakı ilə yaradılmış komissiya alıcı tərəfindən investisiya proqramının tam yerinə yetirilməsini təsdiq edən yekun icra aktını təsdiq etməz və alıcıya mülkiyyət hüququ verilməzdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X8 iddia ərizəsini əsassız hesab edərək onun qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək, iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı şəxslər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət X13 və özəlləşdirilməsi departamenti ilə Cavabdeh2 arasında bağlanmış “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısı barədə İM-23S nömrəli xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin 94,73% investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X13 və Özəlləşdirilməsi Departamenti ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli, İM-23S nömrəli alqı-satqı müqaviləsi ilə “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmləri özəlləşdirilmiş və 2006-cı ildə şəhadətnamə verilmişdir. Həmin dövrdən indiyə kimi on dörd ilə yaxın vaxt keçmişdir. Qeyd edilməlidir ki, iddiaçı şəxslər qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, ümumi iddia müddəti on il təşkil edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsi), hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsi), məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Qeyd edilənlərə əsasən, iddiaçı şəxslər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “cavabdeh “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin satışı barədə İM-23S nömrəli, xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin və “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin 94,73% investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə iddia müddəti ötürüldüyünə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında xx xxxxxx 2002-ci il tarixli 83 nömrəli sərəncamının surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Çinar” İstehsalat Birliyinin Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, 4 ünvanında yerləşən Bakı soyuducular zavodunun bazasında “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin yaradılması (1-ci bənd), cəmiyyətin nizamnamə kapitalının 8.907.900.000 (səkkiz milyard doqquz yüz yeddi milyon doqquz yüz min) manat həcmində müəyyən edilməsi (3-cü bənd), cəmiyyətin nizamnamə kapitalının müqabilində hər birinin nominal dəyəri 10.000 (on min) manat olmaqla, 890.790 (səkkiz yüz doxsan min yeddi yüz doxsan) ədəd sənədsiz adi səhmin buraxılması (4-cü bənd), cəmiyyətin özəlləşdirilməsi planının (emissiya prospekti) və nizamnaməsinin təsdiq edilməsi (5-ci bənd), cəmiyyətin səhmlərinin özəlləşdirmə üsullarına görə müvafiq nisbətdə (əmək kollektivinə güzəştli satışa yönəldilən səhmlər-15%, investisiya müsabiqəsinə yönəldilən səhmlər-85%) bölüşdürülməsi (6-cı bənd) qərara alınmışdır; Azərbaycan Respublikasının İqtisadı İnkişaf Nazirliyinin Dövlət X13 və özəlləşdirilməsi departamenti-satıcı ilə Cavabdeh2-alıcı arasında bağlanmış investisiya müsabiqəsinin nəticələri haqqında müsabiqə komissiyasının xx xxxxxx 2004-cü il tarixli Protokoluna (Əlavə 1) əsasən “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin İnvestisiya Müsabiqəsində satılmış səhmlərinin xx xxxxxx 2004-cü il tarixli İM-23S nömrəli alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət X13 və özəlləşdirilməsi departamenti tərəfindən investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmış Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, 4 ünvanında yerləşən, səhmlərinin hər birinin nominal dəyəri 10.000 (on min) manat, ümumi məbləği isə 8.438.270.000 (səkkiz milyard dörd yüz otuz səkkiz milyon iki yüz yetmiş min) manat təşkil edən “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin 757.172 (yeddi yüz əlli yeddi min yüz yetmiş iki) ədəd, nizamnamə kapitalının 85% miqdarında və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan 86.655 (səksən altı min altı yüz əlli beş) ədəd səhmlərinin cəmini təşkil edən 843.827 (səkkiz yüz qırx üç min səkkiz yüz iyirmi yeddi) ədəd adi səhmləri müqavilənin predmetidir (3.1-ci bənd). Satıcı “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin 843.827 (səkkiz yüz qırx üç min səkkiz yüz iyirmi yeddi) ədəd səhmini satır, alıcı isə bu miqdarda səhmi 9.802.000.000 (doqquz milyard səkkiz yüz iki milyon) manat həcmində İnvestisiya qoyuluşunun istiqamətləri üzrə Plan-Cədvəlinin və Müqavilənin 4.2, 4.3, 4.4, 4.5, 4.6, 4,7 və 7.4 bəndlərində göstərilmiş şərtlərin yerinə yetirilməsi müqabilində alır (4.1-ci bənd). Alıcı müqavilə imzalandığı andan 30 (otuz) təqvim günü müddətində investisiyanın ümumi həcminin 5% təşkil edən 490.100.000 (dörd yüz doxsan milyon yüz min) manat məbləğində hissəsini pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürməlidir. Bu məbləğ investisiya məqsədlərindən başqa, digər məqsədlər üçün istifadə oluna bilməz (4.2-ci bənd). Alıcı müqavilə imzalandığı andan 150 (bir yüz əlli) təqvim günü müddətində 120.000 (bir yüz iyirmi min) ədəd dövlət özəlləşdirmə çekini satıcıya təqdim etməlidir (4.3-cü bənd). Alıcı müqavilə imzalandığı andan 90 (doxsan) təqvim günü müddətində 1.400.000.000 (bir milyard dörd yüz milyon) manat məbləğində vəsaiti ödəmək öhdəliyi ilə investisiya müsabiqəsində iştirak etmək üçün depozit kimi ödədiyi 500.000.000 (beş yüz milyon) manat arasındakı fərqi təşkil edən 900.000.000 (doqquz yüz milyon) manat məbləğində vəsaiti İqtisadi İnkişaf Nazirliyinin Dövlət X13 və özəlləşdirilməsi departamentinin müvafiq tranzit hesabına köçürməlidir (4.4-cü bənd). Alıcı müqavilə imzalandığı andan 60 (altmış) təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və onlara bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir (4.5-ci bənd). Alıcı müqavilə imzalandığı andan 30 (otuz) təqvim günündən gec olmayaraq səhmdar cəmiyyətinin möhürlərini, sənədlərini və emissiya prospektində qeyd olunan aktivlərinin təhvil-təslimini həyata keçirməli və bu barədə bildirişi satıcıya təqdim etməlidir (4.6-cı bənd). Alıcı müqavilə qüvvədə olduğu müddət ərzində səhmdar cəmiyyətində çalışan işçilərin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində təqdim olunmuş investisiya proqramında qeyd olunan tədbirləri həyata keçirilməlidir və bu barədə satıcıya təqdim olunan hesabatlarda müvafiq məlumatlar verməlidir (4.7-ci bənd). Alıcı müqavilə müddəti ərzində səhmdar cəmiyyətinin kreditorları ilə müvafiq müqavilələri təzələməyə borcludur. Bu halda müqavilələrin şərtləri qarşılıqlı razılaşmalar yolu ilə tənzimlənir (7.4-cü bənd); Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyəti ********** nömrəli VÖEN ilə xx xxxx 2002-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 qeyd edilmiş, nizamnamə kapitalının miqdarı 1.781.580 (bir milyon yeddi yüz səksən bir min beş yüz səksən) manat məbləğində müəyyən edilmiş, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı: Cavabdeh2-94,7279%, X10- 0,011%, X6-0,011%, X19-0,011% və Milli Depozit Mərkəzinin xx xxxxxx 2007-ci il tarixli reyestrində göstərilən digər şəxslərdir; “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsində satışı üzrə Cavabdeh2 ilə imzalanmış xx xxxxxx 2004-cü il tarixli İM-23S nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi haqqında xx xxxxxx 2006-cı il tarixli icra aktının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, bu icra aktı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 7.6-cı bəndinə əsasən “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi Cavabdeh2 ilə imzalanmış xx xxxxxx 2004-cü il tarixli İM-23S nömrəli alqısatqı müqaviləsinə əsasən mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsi ilə əlaqədar müəyyən edilmiş müqavilə şərtlərinin yerinə yetirilməsini təsdiq etmək məqsədi ilə tərtib olunmuşdur; Azərbaycan Respublikası Dövlət X14 üzrə Dövlət Komitəsinin xx xxxxxxxx 2006-cı il tarixli “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmləri üzərində Cavabdeh2 mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında sərəncamının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq sərəncam Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 7.7-ci bəndinə uyğun olaraq, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqısına dair Cavabdeh2 ilə imzalanmış xx xxxxxx 2004-cü il tarixli İM-23S nömrəli müqavilə üzrə mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə qərara alınmışdır; Azərbaycan Respublikasının Dövlət X14 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ünvanladığı xx xxxxxxx 2006-cı il tarixli 08-3/10442 nömrəli məktubunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 94,73% satışı ilə əlaqədar xx xxxx 2005-ci il tarixində keçirilmiş investisiya müsabiqəsində Cavabdeh2 qalib gəlmiş və xx xxxxxx 2004-cü il tarixində onunla İM- 23S nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Cavabdeh2 2006-cı ilin aprel ayının 07-də 02 nömrəli məktubla Dövlət X14 üzrə Dövlət Komitəsinə müraciət edərək qeyd olunan müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsini əks etdirən və müstəqil auditor tərəfindən təsdiq edilmiş yekun hesabatı təqdim etmişdir. Bununla baglı müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi vəziyyətini yoxlamaq üçün “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 7.6-cı bəndinə əsasən müvafiq nazirlik və təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edilmişdir. Komissiya “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətində olmuş və investisiya öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini əks etdirən müvafiq icra aktı tərtib edərək yekun hesabatı təsdiq etmişdir. Komissiyanın rəyinə və müqavilənin 3.1-ci bəndinə müvafiq olaraq, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin investisiya müsabiqəsində satılmış 843.827 (səkkiz yüz qırx üç min səkkiz yüz iyirmi yeddi) ədəd sənədsiz adlı səhmləri üzərində mülkiyyət hüququnun Cavabdeh2Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsinə dair Dövlət X14 üzrə Dövlət Komitəsinin xx xxxxxxxx 2006-cı il tarixli 230 nömrəli sərəncamı verilmişdir. Satılmış səhmlər üzərində mülkiyyət hüququnun Cavabdeh2 adına rəsmiləşdirilməsi məqsədi ilə komissiya tərəfindən icra aktı tərtib edilmiş və Dövlət X14 üzrə Dövlət Komitəsi sədri tərəfindən müvafiq sərəncam verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin əmək kollektivinin üzvlərinə ünvanladığı xx xxx 2020-ci il tarixli **********10 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin mülkiyyətçisi haqqında məlumatın verilməsi, habelə müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi barədə İqtisadiyyat Nazirliyinə göndərilmiş kollektiv müraciətə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmış və bununla bağlı bildirilmişdir ki, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 5,27% əmək kollektivi üzvləri arasında güzəştli satış vasitəsilə bölüşdürüldükdən sonra, səhmlərin qalan 94,73% mövcud qanunvericiliyə uyğun olaraq 2004-cü ildə investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti dövlət qurumlarının nümayəndələrindən (Azərbaycan Respublikası Ədliyyə, Maliyyə, İqtisadiyyat, Vergilər, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və s.) formalaşdırılmış müsabiqə komissiyasının müəyyən etdiyi qalib şirkətlə imzalanmış alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirildikdən sonra, 2006-cı ildə müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Hazırda “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyəti tam özəl sahibkarlıq subyektidir və öz inkişaf strategiyasını və marketinq siyasətini qanunvericilikdə müəyyən edilmiş qaydada müstəqil həyata keçirir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına ünvanladığı xx xxxxxx 2020-ci il tarixli **********34 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2001-cu il 22 mart tarixli sərəncamı ilə özəlləşdirilməyə açılmış “Çinar” İstehsalat Birliyinin bazasında “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və özəlləşdirilməsi zamanı altı yüz nəfərdən çox əmək kollektivi üzvünün rəyinin nəzərə alınmadığı və qeyri-qanuni hərəkətlərə yol verildiyi, həmçinin səhmdar cəmiyyətinin hazırkı fəaliyyəti və idarə edilməsi ilə bağlı yaranmış problemlərlə əlaqədar Azərbaycan Respublikasının yuxarı dövlət orqanlarına ünvanlanmış kollektiv şikayət ərizələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılaraq bildirilmişdir ki, 2006-cı ildə “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin 94,73% investisiya müsabiqəsi vasitəsilə özəlləşdirmiş və mülkiyyət hüququ verilmiş Cavabdeh2 tərəfindən müəssisənin normal iş fəaliyyətini bərpa etmək, işçilərin mənafeyini qorumaq, yerli istehsalı inkişaf etdirmək, investisiyaların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafını və onun səmərəliliyinin artırılmasını təmin etmək əvəzinə müəssisənin istehsal sahələri və avadanlıqları sökülüb satılır, əmlakları qorunub saxlanılmır, istehsalın bərpası, qurulması və inkişafı məqsədilə yeni avadanlıqların alınması, dövriyyə vəsaitlərinin cəlb edilməsi üçün investisiyalar qoyulmur, müəssisədə sosial məsələlərin həll edilməsi məqsədilə tədbirlər görülmür. Bununla əlaqədar bildirilmişdir ki, qanunvericiliyə əsasən, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisələrdə mülkiyyətçilər özəlləşdirmədən sonra dövlət müəssisələrinin fəaliyyətinin yenidən qurulması, istehsalın bərpası, yeni istehsal, xidmət və digər fəaliyyət sahələrinin işə salınması yolu ilə iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, müəssisədə məşğulluğun təmin edilməsi və işçilərə münasibətdə sosial məsələlərin həlli, bütövlükdə qeyd olunan istiqamətlərdə səmərəli nəticələrin əldə edilməsi üçün investisiyalar qoymalı və digər müvafiq tədbirlər görməlidirlər. Eyni zamanda, mülki qanunvericiliyin tələblərinə görə, özəlləşdirilmiş “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə və icra orqanları müəssisənin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən səhmdar cəmiyyətinin və onun bütün iştirakçılarının (səhmdarlarının) maraqlarına sadiq olmaq və səhmdar cəmiyyətinin maraqlarını öz maraqlarından üstün tutmağa borcludurlar. Qeyd olunanlar əsasında dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələrin məhkəmədə həll edildiyini nəzərə alaraq, “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və özəlləşdirilməsi, həmçinin səhmdar cəmiyyətinin hazırkı fəaliyyəti və idarə edilməsi, səhmdarların və əmək kollektivi üzvlərinin hüquqlarının pozulması, müəssisənin istehsal fəaliyyətinin bərpası və inkişafı məqsədilə səmərəli investisiya qoyuluşlarının aparılmadığı barədə müraciətlərində qaldırılan məsələlərə hüquqi qiymətin verilməsi üçün məhkəməyə müraciət edilməsini məqsədəuyğun hesab edilmişdir; xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzindən görünür ki, İddiaçı1 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun: 1.1.1-ci yarımbəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 2.1-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir; 4.2-ci bəndinə əsasən dövlət müəssisənin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15% digər səhmlərin və hissələrinin satışı üsulundan asılı olmayaraq işçilərə birbaşa güzəştli satışa yönəldilir; 4.2.4-cü yarımbəndinə əsasən güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki,“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx xxx 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən “dövlət əmlakının özəlləşdirilməsi üsulları” və 17-ci maddaəsinə əsasən “Özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştlər” müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.2-ci bəndinə əsasən dövlət müəssisənin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15% digər səhmlərin və hissələrinin satışı üsulundan asılı olmayaraq işçilərə birbaşa güzəştli satışa yönəldilir. Dövlət Proqramının 4.2.4-cü yarımbəndinə əsasən güzəştli satışa çıxarılan səhmlərin əmək kollektivinin güzəştli satışda iştirak etməmiş Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir. “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinin qalan səhmləri 94,73% hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmişdir. Yuxarıda qeyd edilən Qaydaların 3-cü bəndinə əsasən müsabiqənin keçirilməsi üçün aidiyyatı dövlət təşkilatlarının iştirakı ilə 11 (on bir) nəfərdən ibarət komissiya yaradılmışdır. Qaydalara uyğun olaraq investisiya müsabiqəsinin qalibi komissiyaya təqdim edilmiş təkliflər əsasında 11 (on bir) nəfərlik komissiya tərəfindən müəyyən olunmuş və alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, müvafiq müqavilə üzrə nəzərdə tutulan öhdəliklər və investisiya proqramı tam yerinə yetirildikdən sonra alıcı investisiya şərtlərinin və öhdəliklərinin icrası olaraq müstəqil auditor tərəfindən təsdiq olunan yekun hesabatı komissiyaya təqdim edilmiş, aidiyyatı dövlət qurumlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən yekun hesabat sənədlər təsdiq edilmişdir. Göründüyü kimi, müəssisə üzrə investisiya şərtlərində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra yekun icra aktı tərtib edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlaka mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İnvestisiya şərtləri üzrə öhdəliklər icra edilmədiyi təqdirdə aidiyyatı dövlət qurumları tərəfindən 11 (on bir) nəfərin iştirakı ilə yaradılmış komissiya alıcı tərəfindən investisiya proqramının tam yerinə yetirilməsini təsdiq edən yekun icra aktı təsdiq edilməz və alıcıya mülkiyyət hüququnun verilməsi mümkün olmazdı. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırkı iddia tələbləri əsassızdır, iddiaçı şəxslər iddia tələblərini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia tələbi iddiaçı şəxs tərəfindən sübut edildiyi təqdirdə belə, iddia ərizəsi verilərkən ümumi iddia müddəti (10 il) ötürüldüyündən və cavabdeh şəxsin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. X18 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X15 üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqısatqı müqaviləsinin və özəlləşdirilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, iddia ərizəsi üzrə “alqı-satqı müqaviləsinin ləğv edilməsi” kimi tələblərin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia ərizəsinin “özəlləşdirilmənin ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi “özəlləşdirilmənin ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsinin və özəlləşdirilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar