Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-474/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri 15 nömrəli xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2016-cı il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 226H nömrəli sahənin bir hissəsi ünvanında yerləşən 0,004735 ha torpaq sahəsininin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 226H nömrəli sahənin bir hissəsi ünvanında yerləşən 0,004735 ha torpaq sahəsini 27 mart 2014-cü il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 23.514 (iyirmi üç min beş yüz on dörd) manata X1 almışdır. Həmçinin, həmin torpaq sahəsinin üzərində avtoyuma məntəqəsi fəaliyyət göstərir. Cavabdeh və onun ailə üzvləri ilə şərikli fermer təsərrüfatları olmuşdur. Cavabdeh atası vəfat etdikdən sonra anası atasının ölümündə guya onu günahkar bildiyindən həmin torpaq sahəsini onların adına keçirməli olduğunu bildirirdi. Buna görə də, Rasim torpaq sahəsini anasının hirsi keçənədək formal olaraq ona bağışlamağını xahiş etdi, anasının hirsi keçdikdən sonra yenidən onun özünə qaytaracağını və bu müddət ərzində də torpaq sahəsinin və üzərində yerləşən avtoyuma məntəqəsinin onun sahiblik və istifadəsində olacağını bildirdi. O, Rasimin sözünə aldanıb onunla razılaşdı. Bundan sonra təxminən 2016-cı ilin may ayında Rasim onu özünün əvvəldən tanıdığı 15 nömrəli notariat kontoruna apararaq müəyyən sənədlərə qol çəkdirdi. Həmin vaxt notarius da ona bunun formal olaraq bağışlama olduğunu, sonradan torpaq sahəsinin ona geri qaytarılacağını bildirmişdir. O, sonunculara inanıb sənədlərə qol çəkmişdir. Torpaq sahəsi və üzərində yerləşən avtoyuma məntəqəsi 01 may 2019-cu il tarixinədək faktiki olaraq onun sahiblik və istifadəsində olmuşdur. Bunu avtoyuma məntəqəsində işləyən işçilər və digər şahidlər də təsdiq edə bilər. Həmin tarixdə Rasim əlində sənədlə gələrək torpaq sahəsinin və üzərində yerləşən avtoyuma məntəqəsinin ona məxsus olduğunu bildirdi və onun mülkiyyətində olan əmlakını onun etibarından sui-istifadə edərək aldatmaq yolu ilə ələ keçirmişdir. Bundan sonra 15 nömrəli notariat kontoruna müraciət edərək notariat işini əldə etdikdən sonra ona məlum oldu ki, Rasim notariusla əlbir olaraq formal bağışlama adı ilə onu aldadaraq onun 2014-cü ildə 23.514 (iyirmi üç min beş yüz on dörd) manata almış olduğu əmlakını guya ki, 18 may 2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 2.000 (iki min) manata Rasimə satmışdır. Onun 2014-cü ildə 23.514 (iyirmi üç min beş yüz on dörd) manata almış olduğu əmlakı 2016-cı ildə 2.000 (iki min) manata satmağı heç bir məntiqə sığmır. Həmçinin, o bu müddət ərzində torpaq sahəsinin üzərində yerləşən avtoyuma məntəqəsinə xeyli vəsait xərcləmişdir. Göründüyü kimi, Cavabdeh notariusla əlbir olaraq formal bağışlama adı ilə onu aldadaraq onun əmlakını ələ keçirmişdir. 18 may 2016-cı il tarixli, AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsini cavabdeh və notarius onu aldadaraq imzalatmışdır. Ona görə də, həmin müqavilə etibarsızdır və heç bir hüquqi nəticə doğura bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-836/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər Bakı şəhəri 15 nömrəli xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə icraat iddiaçının hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-474/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflərin məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsinin 30.01.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 22.11.2019-cu il tarixdə ağciyərin bədxassəli yenitörəməsi səbəbindən Abşeron rayonu Məmmədli kəndində vəfat etmişdir. Bakı Apelyasiya Məhkəməsi 06.05.2021-ci il tarixli sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edərək mərhum İddiaçı adına vərəsəlik işinin açılıb-açılmaması və vərəsə olan şəxslərin dairəsinin müəyyən edilməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirlinin 01.06.2021-ci il tarixli 05/3718-11 saylı məktubundan görünür ki, İddiaçı adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, prosessual hüquq varisliyindən bəhs etmək üçün ilkin şərt maddi hüquq varisliyinin mövcud olmasıdır. Bu baxımdan hüquq varisi məhkəməyə onun maddi hüquq münasibətlərində hüquq varisliyini təsdiq edən sənədləri (vərəsəlik şəhadətnaməsi, hüquqi şəxsin yenidən təşkili haqqında təsis sənədləri, tələbin güzəşt edilməsi haqqında müqavilə və s.) təqdim etməlidir. Hazırki işdən görünür ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yolverilmiş olsa da, vəfat etmiş iddiaçının hüquqi varislərinin olduğunu təsdiq edən sübut məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin məhkəmə öz təşəbbüsü ilə İddiaçı vərəsələrinin dairəsini müəyyən etmək üçün müvafiq dövlət orqanın sorğu versə də, sorğuya verilmiş cavabdan İddiaçı vərəsələrinin dairəsini müəyyən müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 22.11.2019-cu tarixdə vəfat etdiyindən və onun vərəsələrinin dairəsini müəyyən etmək mümkün olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili X2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3221/2019 saylı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-474/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-474/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver