Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3354/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən CLAAS Dominator-130 markalı taxılyığan kombaynının təmirinə çəkdiyi 3475 manat xərcin və ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2021-ci il tarixli, 01/01408 nömrəli operativ lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən onun istifadəsinə 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn verilmişdir. Kombaynın istifadəsinə görə 5000 manat ödəniş etməli idi. Lakin kombayn sürmək üçün orta dərəcədə yararsız olduğundan, kombaynın təmirinə 3475 manat xərc çəkmişdir. Kombaynın pulunu vermədiyi üçün cavabdeh ona qarşı Bərdə Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-576/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədə sübutlarda xx.xx.2021-ci il tarixli arayışda onun CLAAS Dominator-130 markalı taxılyığan kombayn üçün 3475 manat xərc çəkdiyi qeyd edilmişdir. Hazırda kombaynın təmirinə çəkdiyi 3475 manatı cavabdehdən tələb edir. İddiaçı məhkəməyə teleqram vuraraq iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə ASC arasında lizinq müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən texnika saz vəziyyətdə verilmişdir. Belə ki, texnika iddiaçıya may ayında verilmiş və avqust ayında isə təhvil alınmışdır. Birinci aktdan da göründüyü kimi iddiaçıya texnika saz vəziyyətdə təqdim edilmiş, lakin iddiaçı tərəfindən nasaz vəziyyətdə geri qaytarılmışdır. Lizinq müqaviləsində texnikanın təyinatına uyğun istifadə edilməsi və onun istifadəsi zamanı yaranan xərclərin ödənilməsi lizinq alanın üzərinə qoyulmuşdur. Eyni zamanda lizinq alanın texnikanı aldığı vəziyyətdə lizinq verənə qaytarması da müqavilənin şərti kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən həmin xərclərin bizdən tələb edilməsi müqavilənin şərtlərinin pozulmasıdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC (lizinq verən – istifadəyə verən) ilə İddiaçı (Lizinq alan – istifadəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/01408 saylı lizinq müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, istifadəyə verən kənd təsərrüfatı texnikasını - CLAAS Dominator-130 markalı taxılyığan kombaynını xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 5000 manat müqabilində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verir; Lizinq müqaviləsinin “Lizinq alan – istifadəçi”-nin öhdəlikləri hissəsində əks olunmuş 2.2.5 və 2.2.6-cı bəndlərinə görə texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Texnikanın qəzaya düzdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir; Müqavilənin 2.2.8-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda Lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürür; Texnika operativ lizinqə verilərkən tərtib edilmiş texniki vəziyyət haqqında xx.xx.2021ci il tarixli, 01/01408 nömrəli AKT 1-dən görünür ki, Cavabdeh ASC-nin Şəmkir RN-nin Ağstafa rayon bölməsinin istifadəsində olan CLAAS Dominator-130 markalı taxılyığan kombaynın texniki vəziyyəti, mühərriki “saz” kimi qeyd edilmişdir. Cavabdeh ASC-nin Şəmkir RN-nin Ağstafa rayon bölməsi tərəfindən texnika İddiaçı təhvil verilmişdir; Texnika operativ lizinq alandan geri alınarkən tərtib edilmiş texniki vəziyyət haqqında xx.xx.2021-ci il tarixli, 01/01408 nömrəli AKT 2-dən görünür ki, Cavabdeh ASC-nin Şəmkir RN-nin Ağstafa rayon bölməsinin istifadəsində olan CLAAS Dominator-130 markalı taxılyığan kombaynın texniki vəziyyəti “saz”, mühərriki “nasaz” kimi qeyd edilmişdir; Bərdə Rayon Məhkəməsinin 2(021)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 5000 manat lizinq borcunun və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ASC lizinq ödənişləri ödənilmədiyindən məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 5000 manat lizinq borcunun Cavabdeh ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı həmin texnikanın təmirinə 3475 manat xərc çəkdiyini bildirərək, dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-5.1 və 747-5.2.1-ci maddələrinə uyğun olaraq lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır (Mülki Məcəllənin 748-1.1, 748-1.2 və 748-1.4-cü maddələri). Eyni Məcəllənin 748-1.7-ci maddəsinə görə, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Məcəllənin 748-1.10-ci maddəsinə uyğun olaraq, əgər lizinq alan lizinq verənin yazılı razılığı olmadan lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Maddələrin məzmunundan göründüyü kimi, lizinq verən lizinq obyektini müqavilə lə müəyyənləşdirilmiş şərtlərə uyğun şəkildə təqdim etməlidir. Əgər lizinq obyektində hər hansı bir çatışmazlıq aşkar olunarsa, qəbul protokolunda bu barədə qeydlər aparılmalı və dərhal lizinq verənə məlumat verilməlidir. Lizinq obyektinin əsaslı təmiri lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmadığı halda lizinq verən tərəfindən həyata keçirilir. Lizinq verən lizinq obyektinə çəkdiyi yaxşılaşdırmaların dəyərini yalnız o halda tələb edə bilər ki, həmin yaxşılaşdırmalar lizinq verənin yazılı razılığı ilə həyata keçirilmiş olsun. Məhkəmə iddiaçı tərəfindən lizinq obyektinin təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı iddia ərizəsində lizinq obyekti olan CLAAS Dominator-130 markalı taxılyığan kombaynın təmiri üçün 3475 manat xərc çəkdiyini bildirir və bu halın qanuni qüvvəyə minmiş məhkəmə aktında da öz əksini tapdığını göstərir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, 30 may 2021-ci il tarixli akta əsasən İddiaçı tərəfindən lizinqə götürülmüş kombaynın təmirinə 3475 manat xərc çəkilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yalnız bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların preyudisiallığı vardır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Hazırki iş üzrə istinad edilən məhkəmə qətnaməsində mübasələndirilən lizinq obyektinə xərclərin çəkilməsini əks etdirən akt yalnız sübutlar siyahısında sadalanmış, hər hansı tələb və ya etirazın predmeti olmadığından həmin sübut məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli akta əsasən operativ lizinqə verilərkən kombaynın texniki vəziyyəti, mühərriki “saz” vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli akta əsasən isə operativ lizinq alandan geri alınarkən kombaynın texniki vəziyyəti “saz”, mühərriki “nasaz” vəziyyətdə olmuşdur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.2.5-ci bəndinə görə lazinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Həmçinin müqavilənin 2.2.8-ci bəndinə əsasən lizinq alan müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinq verənə geri qaytarılmalıdır. Qeyd edilən müqavilənin məzmunundan göründüyü kimi, texnikanın təmirinin lizinq alan tərəfindən həyata keçirilməsi və texnikanın saz vəziyyətdə qaytarılması şərtləşdirilmişdir. Mülki Məcəllənin 748-1.7-ci maddəsi isə lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmadığı halda lizinq obyekti olan əmlakın əsaslı təmirinin lizinq verən tərəfindən həyata keçirildiyini nəzərdə tutmuşdur. Yəni Məcəllənin müvafiq maddəsi dispozitiv norma kimi çıxış etməklə, tərəflər arasında bağlanmış müqavilədə fərqli qaydaların müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan tərəflərin iradə azadlığı əsasında lizinqin istənilən növündə müqavilə bağlana bilər. Qeyd olunan maddədə müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarı). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı lizinq obyektinə 3475 manat pul xərclədiyini bildirsə də, həmin iddia tələbinin əsası kimi istinad etdiyi halları, eləcə də zərərin lizinq verənin təqsiri üzündən yarandığını, lizinq obyektinin müqavilə ilə şərtləşdirilmiş vəziyyətdə təqdim edilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, hazırki iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddianı irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Mülki prosessual qanunvericiliyə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri). İnsan hüquları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və tələbin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3354/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3354/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver