Məhkəmə qərarları › İş №2(005)-3364/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3364/2020

19.11.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3364/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı Göksal Hakanın nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma və mənəvi zərər” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Hakan Göksala ödənilməmiş son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) əvəzi olaraq 15000 (on beş min) manatın və vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manatın və 30 AZN (otuz manat) məbləğində dövlət rüsumunun, ümumilikdə 25030 (iyirmi beş min otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı Hakan Göksala ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmrin etibarsız hesab edilməsi, iddiaçı Hakan Göksalın Cavabdeh MMC-yə işə bərpa edilməsi, xx xxxxxx 2020-ci il tarixindən Hakan Göksal işə bərpa olunan günə qədər hər ay üçün 4500 manat məbləğində məcburi işburaxmaya görə əmək haqqının və vurulmuş mənəvi zərərə 10000 manatın və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirirlər ki, Hakan Göksal "Cavabdeh" MMC (bundan sonra "Şirkət") ilə 2018- ci ilin sentyabr ayından 2020-ci ilin fevral ayına qədər əmək münasibətlərində olmuşdur. Həmin müddət ərzində Hakan Göksal 5 ulduzlu "Rich" və "Promenade" otellərində baş menecer vəzifəsində çalışmışdır. 2020-ci ilin fevral ayının ilk həftəsində Şirkətdə insan resursları üzrə menecer ("İR Meneceri") tərəfindən Hakan Göksala eyni vaxtda həm işdən çıxma, həm də işə qəbul ərizələri təqdim edilmiş və "müqavilənin təzələnməsi" səbəbilə və rəhbərliyin göstərişinə əsasən həmin ərizələrin imzalanmalı olduğu bildirilmişdir. Bundan sonra. Hakan Göksal Azərbaycan dilində tərtib edilmiş ərizələrin məzmununu tam başa düşmədən İR Menecerinin dediklərinə etibar edərək imzalamışdır. Həmin hadisədən bir həftə sonra. Şirkətdə koordinator vəzifəsində çalışan cənab Ceyhun Qəribzadə. İR Meneceri (Şeyla xanım) və təhlükəsizlik üzrə koordinator Elvin bəy tərəfindən Hakan Göksala hər hansı səbəb göstərilmədən və Şirkət rəhbərliyinin adından istifadə edilərək bildirilmişdir ki. Hakan Göksal cənab Emin Rüstəmovun göstərişi ilə işdən azad edilmişdir və buna görə də Öz işini təhvil-təslim etməlidir. Yalnız bundan sonra Hakan Göksal özünün İR Meneceri tərəfindən aldadıldığını bilmiş və əslində sözügedən ərizələrin Hakan Göksala imzalatdırılmasının əsl səbəbinin onun işdən guya öz təşəbbüsü əsasında çıxdığına qanuni don geyindirmək olduğunu başa düşmüşdür. Həmin vaxt Hakan Göksal adıçəkilən şəxslərə öz etirazını bildirərkən Şirkətin rəhbər şəxslərinin adından sui- istifadə etməklə həmin şəxslər Hakan Göksala müxtəlif hədə-qorxu gəlmişlər. Göründüyü kimi, əslində heç bir zaman Hakan Göksalın Şirkətdə tutduğu vəzifəsindən azad olunmaq kimi bir təşəbbüsü (iradəsi) olmamış, sözügedən məktub yalnız onun aldadılması nəticəsində baş vermişdir. Başqa cür ifadə etsək, Şirkətin İR Meneceri tərəfindən Hakan Göksalın etibarından sui-istifadə edilmişdir. Aldadıldığından xəbər tutduqdan sonra isə Hakan Göksala müxtəlif hədə-qorxular gəlinmişdir ki. o heç bir yerə şikayət etməsin. Digər tərəfdən, Hakan Göksalın əmək müqaviləsinə xitam verilərkən ona əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməmişdir. Əlavə olaraq qeyd edək ki. Hakan Göksalın verdiyi məlumata əsasən, onunla razılaşdırılmış əmək haqqı 4500 (dörd min beş yiiz) manat olduğu halda, həmin məbləğin yalnız 900 (doqquz yüz) manat olan hissəsi rəsmiləşdirilmiş, qalan hissəsi isə qeyri-rəsmi ödənilmişdir. Həmçinin, verilən məlumata əsasən, yuxarıda şərh olunan hallar (işdən bu formada (yəni, aldadılma və ya hədə-qorxu yolu ilə) çıxarılma və əmək haqqının müəyyən hissəsinin qeyri-rəsmi ödənilməsi) şirkətdə kütləvi xarakter almış və xüsusilə əcnəbilərə münasibətdə ayrı-seçkilik hallarına yol verilmişdir. Vurğulamaq istəyirik ki. Hakan Göksal işlədiyi dövrdə hər hansı bir nöqsana yol verməmiş, onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmiş, əksinə xx xxxxxx 2019-cu il tarixində o, "ilin ən yaxşı hotel meneceri" mükafatı ilə təltif edilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Habelə, həmin Məcəllənin 290-cı maddəsinin “Qeyd" hissəsində göstərilmişdir ki. bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Şərh olunanlardan göründüyü kimi. Hakan Göksalın əmək hüquqları Şirkət tərəfindən kobud şəkildə pozulmuş və o. maddi zərərlə yanaşı mənəvi zərərə də məruz qalmışdır. '‘Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə dövlət rüsumu 30 AZN təşkil edir. İddiaçı Göksal Hakanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları və tərəflərin təqdim etdiyi sübutlar ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları aşağıdakı kimidir. Cavabdeh MMC-nin xx xxx 2020-ci il tarixli məktubundan göründüyü kimi, müraciətinizə baxılmışdır və cavab olaraq bildirmək istəyirik ki, xx.xx.2018-ci il tarixli, 13 saylı Əmək Müqaviləsinə əsasən Hakan Göksal 700 AZN manat məbləğində rəsmi əmək haqqı ilə işləmişdir. 129-Ş №-İi ƏMR ilə Hakan Göksal “Rich” otelin Direktoru xx.xx.2019cu il tarixdən 3 aylıq sınaq müddəti ilə, “Promenade” otelin Direktoru vəzifəsini müvəqqəti icra edilməsi haqqında əmr verilmişdir. ƏMR № 04/VD xx.xx.2020-ci il tarixdə. Hakan Göksal xx xxxxxx 2020-ci il tarixdən “Promenade” otelin Direktoru vəzifəsini müvvəqqəti icra edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Hakan Göksai öz xahişi ilə, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. ƏMR № 29/tX xx.xx.2020-ci il tarixdə, Hakan Göksal Əmək Məcəlləsinin 68-ci maddəsinin 20ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən, xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, iş günləri xx.xx.2018-xx.xx.2020-ci il iş ili müddətinə 40 təqvim günündən ibarət istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanıb və xx.xx.2020-ci il tarixli Ödəniş tapşırığı № İ Hakan Göksala 1026.29 AZN son haqqı hesab ödənilib. Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmrin surətindən görünür ki, “Promenade” otelin Direktoru vəzifəsinin müvəqqəti icra edicisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən, xx xxxxxx 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilsin; iş günləri və xx.xx.2018-xx.xx.2020-ci iş ili müddətinə 40 təqvim günündən ibarət istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanılsın. Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli 04/VD nömrəli əmrin surətindən görünür ki, “Rich” otelin Direktoru xx xxxxxx 2020-ci il tarixindən “Promenade” otelin Direktoru vəzifəsini müvəqqəti icra etməsi barədə əmr Cavabdeh MMC-nin baş direktoru X2 tərəfindən imzalanmışdır. Cavabdeh MMC-nin xx xxxxxxx 2020-ci il tarixli 129-Ş nömrəli əmrin surətindən görünür ki, "Rich” otelin Direktoru 08 10.2019-cu il tarixindən 3 aylıq sınaq müddəti ilə, "Promenade” otelin Direktoru vəzifəsini müvəqqəti icra etməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Göksal Hakan öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, «xxxx» MMC-nin direktoru X2 ilə Göksal Hakan arasında bağlanmış müqaviləyə əsasən sonuncu “Rich” otelinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış, işçiyə üç ay sınaq müddəti müəyyən edilmişdir. Müqavilə ilə əmək haqqı 700 manat müəyyən edilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. Məzuniyyət üzrə işçi ilini xx.xx.2018-xx.xx.2019-cu il tarixinədək olan dövrü əhatə edir. Əmək məzuniyyətinin müddəti 30 təqvim günüdür. xx xxxxxx 2020-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Göksal Hakana məxsus ******************** nömrəli hesaba 1026.29 manat məbləğində pul ödənilmişdir. Göksal Hakan xx.xx.2018-xx.xx.2020-ci iş ili məzuniyyət üzrə kompensasiya və fevral ayı 6 iş günü əmək haqqı hesablanması cədvəlindən (29/İX nömrəli işdən azad olma əmri) görünür ki, orta aylıq əmək haqqı 700 manat, bir gün üçün 23,03 manat 40 günlük məzuniyyət 921,05 manat fevral ayı üçün əmək haqqı 210 manat cəmi hesablanan 1131,05 manat, işçinin əmək haqqı kartına köçürüləcək 1026,29 manat. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatlar xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, müddətsiz xx.xx.2020-ci il tarixdə ƏM 68.20) a maddəsinə əsasən xitam verilmişdir Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4-cü maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69.6-cı maddəsinə əsasən, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.2-ci maddəsinə əsasən, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onları işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 87.3-cü maddəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. 113-cü maddəsinə əsasən, Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Məhkəmədə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə «xxxx» MMC-nin direktoru X2 ilə Göksal Hakan arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu “Rich” otelinin direktoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli ərizə ilə Göksal Hakan öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmri ilə “Promenade” otelin Direktoru vəzifəsinin müvəqqəti icra edicisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən, xx xxxxxx 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və Cavabdeh MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə ƏM 68.2) a maddəsinə əsasən xitam verilmiş, xx xxxxxx 2020-ci il tarixdə xitam sistemə işlənmişdir. Göksal Hakan xx.xx.2018-xx.xx.2020-ci iş ili məzuniyyət üzrə kompensasiya və fevral ayı 6 iş günü əmək haqqı hesablanması cədvəlindən görünür ki, orta aylıq əmək haqqı 700 manat, bir gün üçün 23,03 manat 40 günlük məzuniyyət 921,05 manat fevral ayı üçün əmək haqqı 210 manat cəmi hesablanan 1131,05 manat, işçinin əmək haqqı kartına köçürüləcək 1026,29 manat. Əmək müqaviləsinə xitam verilərkən iddiaçı Göksal Hakana məxsus ******************** nömrəli hesaba 1026.29 manat son haqq-hesab edilmişdir. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas işçinin özünün işdən çıxma barədə yazılı ərizəsi olmuşdur. Məhkəmə bildirir ki, ilkin olaraq hazırki mübahisə üzrə Göksal Hakanın işdən çıxmasına əsas olan Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Göksal Hakan işdən azad edilməsi barədə yazılı ərizənin məzmununu başa düşmədiyini, insan resursları üzrə menecerin dediklərinə etibar edərək imzaladığını qeyd etsə də, məhkəmə araşdırması zamanı bunu sübuta yetirə biləcək hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş ərizədən müəyyən edilmişdir ki, həmin ərizə iddiaçının özü tərəfindən tərtib edilmişdir. (məhkəmə prosesində yazılı ərizənin iddiaçının özü tərəfindən icra edilməməsi mübahisələndirilməmişdir) Əksinə, məhkəmə araşdırması zamanı, tərəflərin izahatları və mülki iş materiallarından iddiaçının istinad etdiyi hallar - iddiaçının işdən azad edilməsi ilə bağlı tutduğu vəzifəsindən azad olunmaq kimi bir təşəbbüsünün (iradəsi) olmaması, sözügedən məktubun yalnız onun aldadılması nəticəsində imzalanması, son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməməsi, onunla razılaşdırılmış əmək haqqının 4500 (dörd min beş yiiz) manat olması kimi hallar müəyyən edilmədi. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli 29/İX nömrəli əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə iddiaçı Göksal Hakan Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma və mənəvi zərər” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar