Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3381/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi-X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən X5 Xidmətinə qarşı “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən X5 Xidmətinə qarşı “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, əmək haqqı ödənişləri üzrə ümumilikdə 7686 (1281 manat x 6 ay) manat məbləğində pulun “Akelik Group" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi, işəgötürən tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin (mütəxəssi tərəfindən hesablanaraq) və son haqqhesabın cavbdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 iyul 2019-cu il tarixdən etibarən “Akelik Group" ASC-də tikinti sahəsi üzrə briqadir vəzifəsinə işə qəbul edilmişdir. Sonradan ona məlum olmuşdur ki, ASC-nin İdarə Heyətinin 18 yanvar 2021-ci il tarixli əmri ilə guya öz xahişinə əsasən işdən azad edilmişdir. Lakin onun cavabdehdən belə bir xahişi olmamışdır. Orada işlədiyi müddətdə 2020-ci ilin iyul ayınadək hər ay 1000 manat məbləğində əmək haqqı almışdır. Əmək haqqı onlara kart vasitəsilə verilməli olsa da, buna əməl edilməyərək şirkətin əməkdaşları tərəfindən şəxsən təqdim edilmişdir. Sonradan isə ona məlum olmuşdur ki, adlarına olan kartlara daha çox əmək haqqı oturur, lakin kartlar onlarda olmadığı üçün bundan xəbərləri yoxdur. O, kartlardan pulların hansı qaydada çıxarılmasından məlumatsızdır. 2020-cı ilin avqust ayından isə 6 ay ərzində ona ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Adına olan kart çıxarışından görünür ki, əmək haqqı hər ay 1281 manat təşkil etmişdir. Həmçinin işlədiyi müddətdə məzuniyyətə də buraxılmamış və əksər vaxt qeyri iş günləri də işdə olmuşlar. Rəsmi olaraq bu məsələnin həll edilməsi və ona dəymiş ziyanın ödənilməsi üçün ASC-yə müraciət etsə də, heç bir nəticəsi olmamış, 24 may 2021-ci il tarixdə verdikləri rəsmi cavabda bildirmişlər ki, əmək haqqını və son haqq-hesabını kartından və ya Kapital Banka yaxınlaşaraq götürə bilər. Lakin hesabına əmək haqqı və digər ödənişləri tam olaraq köçürülməmişdir. Bu barədə Əmək müfəttişliyinə məlumat versə də, heç bir nəticəsi olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçı ilə 22.07.2019-cu il tarixində əmək müqaviləsi bağlamışdır. İddiaçı Cavabdeh ASC-nin Tikinti sahəsi üzrə briqadir vəzifəsinə qəbul edilmiş, Əmək müqaviləsinin: 4.2. bəndinə əsasən işçiyə hər ay ödənilən əmək haqqı vəzifə maaşı Cəmiyyətin ştat cədvəlinə müvafiq olaraq 700 (yeddi yüz) manat məbləğində müəyyən edilmiş; 4.5 bəndinə əsasən Əmək haqqı İşçinin Bank hesabına köçürülmə yolu ilə ödənilməsi göstərilmişdir. İşçi İddiaçı 18.01.2021-ci il tarixli ərizəsi ilə 18.01.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşçi İddiaçı işllədiyi dövr 22.07.2019-18.01.2021 illər ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. 18 yanvar 2021-ci il tarixli 15 A/21 saylı əmrə əsasən Cavabdeh ASC işçi Osmanov kövşən Osman oğlu aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə müvafiq olaraq 32 (otuz iki) istifadə olunmamış məzuniyyət günlərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsinə dair əmr verilmişdir. Baş mühasib tərəfindən təqdim edilmiş 01 iyul 2021-ci il tarixli 81/21 saylı arayışa əsasən, işçi İddiaçı işlədiyi dövr 22.07.2019-18.01.2021 illər ərzində ödənilməli əmək haqqı məbləği cədvəli üzrə əmək haqqı 11.475,44 (on bir min dörd yüz yetmiş beş manat 44 qəpik) manat və istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi 666,11 (altı yüz altmış altı manat 11 qəpik) manat; beləliklə işçi İddiaçı işlədiyi dövr ərzində məcburi dövlət ödənişləri tutulmaqla ümumi ödənilməli olan əmək haqqı məbləği 12.141,55 (on iki min yüz qırx bir manat 55 qəpik) manat təşkil edir. Kapital Bank tərəfindən təqdim edilmiş 29 iyun 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışına əsasən, işçi İddiaçı kartın nömrəsi 510307******7816, çıxarışın dövrü 22.07.2019- 29.06.2021 dövr üzrə mədaxil olunduğu məbləğ 12.392,65 (on iki min üç yüz doxsan iki manat 65 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda arayışdan görünür ki, Cəmiyyətin balansına pul vəsaiti köçürülən zaman, işçilərin gecikmiş əmək haqqıların aylar üzrə yığılan borc tam olaraq köçürülür. Beləliklə məlum olub ki, səhv hesablamalar nəticəsində işçi İddiaçı əmək kartı hesabına 251.10 (iki yüz əlli bir manat 10 qəpik) manat məbləğində pul artıqlaması ilə köçürülmüşdür. Müstəqil tələb irəli sürməyən X5 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən və məzmunundan aydın olur ki, İddiaçı 22.07.2019-cu il tarixdə 64/19 nömrəli əmrlə Cavabdeh ASC-də “tikinti sahəsi üzrə briqadir” vəzifəsinə təyin edilmiş, 18.01.2021-ci il tarixli 15A/21 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış 21.04.2021-ci il tarixli, **********2 №-li məktubunun məzmunundan görünür ki, onun Cavabdeh ASC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”-nə, Azərbaycan Respublikası Prezidentinin Adminstrəsiyasına və Azərbaycan respubliksının Baş Prokurorluğuna ünvanladığınız müraciətlərə X5 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar cəmiyyətin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 18.01.2021-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda həmin sənədlərdən son haqq-hesabınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh ASC-nin sədri A.V.Babayev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 15.04 2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirilir ki, son haqqhesabının ödənilməsi barədə Cavabdeh ASC-nin rəhbərliyinə məktub göndərilmişdir. Qeyd edilənlərlə razılaşılmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış 24.05.2021-ci il tarixli, 76/21 №-li məktubundan görünür ki, onun 19.05.2021-ci il tarixində Cavabdeh ASC-ə ünvanladığı müraciəti araşdırılmış, əmək haqqı əmək haqqı kartına köçürülmüşdür. Son haqq-hesabı 27 aprel 2021-ci il tarixində əmək haqqı kartına köçürülmüşdür. Əmək haqqını və son haqq-hesabını əmək haqqı kartından və ya Kapital Banka yaxınlaşaraq götürə bilər. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı işlədiyi müddət ərzində (17 ay 26 gün) əmək haqqı 700 manat olmaqla 12392,65 manat pul ödənilmişdir. Cavabdeh ASC-nin 01.07.2021-ci il tarixli 81/21 №-li arayışından görünür ki, Cavabdeh ASCdə “tikinti sahəsi üzrə briqadir” vəzifəsində işləmiş İddiaçı aid olan "xxxx" hesabına ******************** göstərilən 22.07.2019-18.01.2021 dövr ərzində ödənilməli olan əmək haqqı məbləğ 13239,39 manat, karta köçürülməli 12141,55 manatdır. İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı 18 yanvar 2021-ci il tarixli ərizənin surətindən və məzmunundan görünür ki, o, 18 yanvar 2021-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət etmişdir; Cavabdeh ASC üzrə 15A/21 №-li 18 yanvar 2021-ci il tarixli ƏMR-dən Çıxarışdan görünür ki, tikinti sahəsi üzrə briqadir vəzifəsində işləyən 18 yanvar 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndini rəhbər tutaraq əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə müvafiq olaraq 32 (otuz iki) istifadə olunmamış məzuniyyət günlərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 18 yanvar 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci massədinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən 22.07.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 22.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh ASC-də “tikinti sahəsi üzrə briqadir” vəzifəsinə 13 ay müddətinə işə götürülmüşdür. Aylıq əmək haqqı 700 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında MN № 1051409, 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı Cavabdeh ASC-nin müraciətinə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında MN № ******* №-li 27.04.2021-ci il tarixli qərardan görünür ki, X7 700 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, iddiaçı 22 iyul 2019-cu ildən 18 yanvar 2021-ci ilə kimi Cavabdeh ASC-də əmək müqaviləsi ilə briqadir vəzifəsində işləmişdir. 18 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68:ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində 2020-ci ilin avqust ayından etibarən 6 ay ərzində ona əmək haqqının ödənilmədiyini, həmçinin son haqq-hesabın ödənilmədiyini iddia edir və Cavabdeh ASC-dən qeyd edilən pozuntulara görə onun xeyrinə pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının ərizəsində istibad etdiyi hallar əsassızdır. Belə ki, mülki işə əlavə edilmiş materiallardan görünür ki, İddiaçı cavabdeh tərəfindən ödənilməli olan əmək haqqı və son haqq-hesab ödənilmişdir. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, İddiaçı işlədiyi müddət ərzində (17 ay 26 gün) əmək haqqı 700 manat olmaqla 12392,65 manat pul ödənilmişdir. Cavabdeh ASC-nin iddiaçıya ödənilməmiş əmək haqqı borcu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 87.5-ci maddəsinə görə işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir; 143.2-ci maddəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir; 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir; İddiaçı iddia ərizəsində ona 7686 manat məbləğində əmək haqqı məbləğinin ödənilməməsini iddia etsə də bu halı məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC- qarşı “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC- qarşı “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3381/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3381/2021
30.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver