Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3382/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X1 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, onun bacısı X4 xx.xx.1984-cü il tarixində anadan olmuşdur.Bacısı birinci qrup əlildir, ağır dərəcəli kəmağıllıq, kəskin imbesillik, iki tərəfli myrbsensor, 3-cü dərəcəli ağır eşitmə, nitqin pozulması ilə əlaqədar evdən çölə çıxa bilmir və yüksək təzyiqi var, özünü idarə edə bilmir. Bacısının səhhətində əmələ gəlmiş xəstəliklərlə əlaqədar və həmçinin öz hərəkətlərini idarə və rəhbərlik edə bilməməklə yanaşı zəif hərəkət edir. Onun kənar şəxslərin köməyinə kəskin ehtiyacı vardır. Bacısının səhhətində əmələ gəlmiş xəstəliklər nəticəsində müstəqil hərəkət qabiliyyətini itirdiyinə görə həmişə onun köməyinə və daimi nəzarətinə kəskin ehtiyacı vardır. Bacısının ailəsi yoxdur, ona görə də onun ona böyük ehtiyacı vardır. xx.xx.1984-cü il təvəllüdlü X4 Bakı şəhəri Nevroloji Dispanserdə daimi qeydiyyatda idi, lakin hal-hazırda 5 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. xx.xx.1984-cü il təvəllüdlü X1 durumu olduqca çox ağır olduğu üçün onu adi məişət əqdlərini bağlamaqdan, hətta öz pensiyasını müstəqil surətdə gedib almaqdan belə məhrum etmişdir. Ona görə hər dəfə o onun pensiyasını alarkən müəyyən çətinliklərlə üzləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə hazırlıq clasında ərzəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 454637 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X4 Bakı şəhərində doğulmuşdur. - Tibbi-Sosial Ekspertiza müayinəsindən Çıxarışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 oliqofreniya, kəskin nəzərə çarpan imbesillik, uşaqlıqdan əlillik diaqnozu qoyulmuşdur. - 464992 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1981-ci il tarixində Bakı şəhərində doğulmuşdur. - 5 nömrəli Şəhər Poliklinikasının 22 iyul 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 ağır dərəcəli kəmağıllıq kəskin imbesillik, iki tərəfli myrbsensor, 3-cü dərəcəli ağır eşitmə, nitqin pozulması diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 oktyabr 2024-cü il tarixli rəyində qeyd olunur ki, xx.xx.1984-cü il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur, xx.xx.1984-cü il təvəllüdlü X4 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə tələb ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir : Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının prosessual əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər. Məhkəmə qeyd edir ki, şəxsin fəaliyyət qabiliyyətinin olmaması barədə məsələnin həlli onun öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunmasından keçir ki, bu da psixiatriya sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur. MPM-nin 319-cu maddəsində də həmin işlərə baxılmasının prosessual qaydalarından biri kimi müəyyən olunmuşdur ki, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən xx.xx.1984-cü il təvəllüdlü X1 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən məhkəmə psixiatrik rəyi ilə xx.xx.1984-cü il təvəllüdlü X1 öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 17 oktyabr 2024-cü il tarixli rəyini təkzib edən heç bir hal mülki işin materialında olmadığından, rəy mülki işin digər dəlilləri ilə uzlaşdığından mötəbər sübut kimi qəbul edir. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1984-cü il təvəllüdlü X1 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, xx.xx.1984-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək xx.xx.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3382/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3382/2024
23.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver