Məhkəmə qərarları › İş №2(005)-3440/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3440/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3440/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu məbləği uzun illər ödəməyərək gecikdirdiyinə görə 16200 (on altı min iki yüz) ABŞ dolları və ona dəyən maddi zərərə görə 55000 (əlli beş min) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan 54000 (əlli dörd min) ABŞ dolları məbləğində borcu almışdır və həmin borcu uzun illərdir qaytarmır. Bu səbəbdən də o borcun gecikdirilməsinə görə faiz məbləğlərinin və ona dəyən maddi zərərin cavabdehdən tutulması məqsədilə “pul tələbinə dair ”iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, o Cavabdeh əvvəllər tanımış və o, özünü iddiaçıya etibarlı insan kimi göstərmişdir. O, iddiaçıdan ünvan 1 ünvanında yerləşən mənzilə dair alqı-satqı müqaviləsi bağladığını, lakin ödəniş üçün pulu yetmədiyini bildirərək ondan 54000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Cavabdeh çox israr etdiyindən iddiaçı onunla 24.12.2015-ci il tarixli borc müqaviləsi bağlamış və 24.03.2016-cı il tarixinə qədər ödəmək şərti ilə ona 54000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu ödəməkdən yayındığına görə o “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2021 saylı 18.09.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 54000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 25.10.2017-ci il tarixli icra vərəqəsi ilə qətnamə icraya yönəldilmişdir. 10.03.2021 -ci il tarixli bank hesabından çıxarışdan da göründüyü kimi, cavabdeh ona yalnız 10850 manat məbləğində (6373 ABŞ dolları) pul ödəmişdir. Hal-hazırda cavabdehin ona 47627 ABŞ dolları məbləğində pul borcu vardır. Cavabdeh ona məxsus olan pul vəsaitini 6 il müddətində qanunsuz olaraq özündə saxlamışdır. Belə ki, borc müqaviləsinə əsasən, cavabdeh 24.03.2016-cı il tarixinə qədər ona olan borcunu tam ödəməli idi. Buna baxmayaraq, hətta cavabdehdən pulun tutulmasına dair məhkəmənin qanuni hüquqi qüvvəyə minmiş qətnaməsi olsa belə, o buna məhəl qoymamışdır. Açıq-aşkar görünür ki. cavabdeh qanunsuz olaraq ona məxsus olan pul məbləğini uzun müddət özündə saxlamış və bundan faydalanmışdır. Bu səbəbdən də, cavabdeh ona borcu gecikdirdiyi hər ilə görə 5% məbləğində faiz ödəməlidir. Cavabdeh ona 54000 ABŞ dolları məbləğində pul borclu idi. Bu səbəbdən də, hər il üçün 2700 ABŞ dolları olmaqla, ümumilikdə 16200 ABŞ dolları məbləğində pul ödəməlidir. Nəzərə çatdırmaq istəyir ki, o əlində olan 54000 ABŞ dolları ilə özünə daşınmaz əmlak alacaqdı. Buna baxmayaraq, o Cavabdeh borc pulu ona görə vermişdir ki, o artıq ünvan 1 ünvanında yerləşən mənzilə dair artıq alqı-satqı müqaviləsi imzalamışdı və ondan ödəniş etmək tələb olunurdu. İddiaçı onun çətin vəziyyətdə oluğunu görüb ona bir insan olaraq yardım əlimi uzatmaq istəmiş və tələb etdiyi məbləğin kifayət qədər çox olmasına baxmayaraq, ona borc pul vermişdir. O cavabdehə etibar etmiş və onun 3 ay ərzində həmin pulu geri ödəyəcəyini düşünmüşdür. Buna baxmayaraq cavabdeh ona hər hansı ödəniş etmədi və Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5683/2021 saylı 18.09.2017-ci il tarixli qətnaməsinə də məhəl qoymadı. Nəticədə, o özü üçün mənzil ala bilmədi. Hal-hazırda da o mənzil ala bilməsi üçün cavabdehin ona ödəniş etməsini gözləyir. Lakin, cavabdeh ona cəmi 10850 manat məbləğində (6373 ABŞ dolları) məbləğində ödəniş etdiyi üçün, bu istəyinin həyata keçirilməsi qeyri-mümkündür. Məlumdur ki, hal-hazırda daşınmaz əmlak bazarında mənzillərin qiyməti iki dəfədən də çox yüksəlmişdir. 2016-cı ildə bir kvadrat metri 1000 manat olan mənzili hal-hazırda yalnız 1 kvadrat metrinə görə 2000 manat ödəniş etməklə almaq olar. Açıq-aşkar görünür ki, 54000 ABŞ dolları ona mənzil almaq üçün kifayət etməyəcəkdir. O 2016-cı ildə almalı olduğum mənzil üçün hazırda ikiqat ödəniş etməli olacaq. Bu isə onun əlavə vəsait xərcləməyi ilə nəticələnir. Göründüyü kimi, cavabdehin ödəniş etməməsi ona maddi zərərin dəyməsi ilə nəticələnmişdir. Cavabdehin qanunsuz olaraq ona ödəniş etməməsi ilə ona maddi zərər dəyməsi arasında səbəb-nəticəli əlaqə vardır. Hesab edir ki, ona 55000 (əlli beş min) ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Odur ki, cavabdeh ona dəyən maddi zərər görə 55000 (əlli beş min) ABŞ dolları məbləğində pul ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, qeyd etdi ki, hazırki mübahisəyə eyni tərəflər arasında eyni əsaslar üzrə, eyni predmet barəsində əvvəllər məhkəmə qərarı olduğu üçün mülki işin icraatına xitam verilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 24 mart 2016-cı il müddətinə qaytarmaq şərti ilə 54.000 ABŞ dolları məbləğində pul vəsaitini faizsiz ödəməklə kredit vermişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(005)-5683/2021qətnaməsindən görünür ki, Cavabdeh 54.000 (əlli dörd min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 18 sentyabr 2017-ci il tarixli2(005)5683/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(005)-5683/2021qətnaməsi 25 oktyabr 2017-cil il tarixdə qüvvəyə minərək icraya yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 54000 (əlli dörd min) ABŞ dolları məbləğində borcu almışdır. Cavabdeh borc pulu ödəməkdən yayındığına görə İddiaçı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2021 saylı 18.09.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 54000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdehin ona 47627 ABŞ dolları məbləğində pul borcu vardır. İddiaçı hesab edir ki, Cavabdeh ona məxsus olan pul vəsaitini 6 il müddətində qanunsuz olaraq özündə saxlamış, cavabdeh 24.03.2016-cı il tarixinə qədər ona olan borcunu tam ödəməli olduğu halda ödəməmişdir. Bu səbəbdən də, cavabdeh ona borcu gecikdirdiyi hər ilə görə 5% məbləğində faiz ödəməlidir. Cavabdehin ödəniş etməməsi ona maddi zərərin dəyməsi ilə nəticələnmişdir. Cavabdehin qanunsuz olaraq ona ödəniş etməməsi ilə ona maddi zərər dəyməsi arasında səbəb-nəticəli əlaqə vardır. Hesab edir ki, ona 55000 (əlli beş min) ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Odur ki, cavabdeh ona dəyən maddi zərər görə 55000 (əlli beş min) ABŞ dolları məbləğində pul ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 16200 (on altı min iki yüz) ABŞ dolları məbləğində əldən çıxmış fayda və 55000 (əlli beş min) ABŞ dolları məbləğində real zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh mülki hüquqi baxımdan təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar