Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3451/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, reyesterdən çıxarışdakı yanlışlığın aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, reyesterdən çıxarışdakı yanlışlığın aradan qaldırılması” tələbinə dair iddia ərizəsi verərək, mənzillərin ünvanındakı yanlışlıqların aradan qaldırılması, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı 2 otaqlı yaşayış sahəsindən istifadə hüquqlarının olmaması müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ******* saylı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti və 102699 saylı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ayrı-ayrı sənədlərlə həm İddiaçı və Cavabdeh mülkiyyətində göstərilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun və cavabdehin mənzilləri ayrı olsa da, lakin hər iki mənzil bir ünvanla qeyd edilmiş və tərəflərə mülkiyyətə dair sənəd verilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 15.4-cü bəndinə görə inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ilk növbədə sənədlərdə olan yalnışlıqla əlaqədar müvafiq qeydiyyatı aparan orqana müraciət etməli və həmin qurumdan mübahisənin həll olunmasınından imtina (rədd) cavabı aldıqda, səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.3-cü madəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbulundan imtina olunmalı, iddiaçıya pasport qeydiyyatını aparmış orqanın onun müraciəti ilə bağlı məsələ həll olunmadıqda müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi, reyesterdən çıxarışdakı yanlışlığın aradan qaldırılması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3451/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3451/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver