Məhkəmə qərarları › İş №2(005)-3466/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3466/2020

18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3466/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı X7 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzilə istifadə hüquqlarının tanınmasına, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhədi, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzil tam mülkiyyət hüquqi əsasında həyat yoldaşı Cavabdeh məxsusdur. O, Cavabdeh ilə xx xxxxxxxx 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Həmin müddətə kimi və həyat yoldaşı həbs olunanadək o həyat yoldaşı ilə Bakı şəhəri, Bakıxanov küçəsində qaynatasına məxsus evdə yaşamışdılar. Onların ailə münasibətlərinə 2016-ci il tarixdə xitam verilmiş, lakin 2018-ci il tarixdən barışdıqları üçün yenidən 2019-cu ilin yanvar ayının 22-də nikahlarını rəsmiləşdirmişlər. 2016-ci il tarixdən onun cehiz əşyaları həyat yoldaşı Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzilə köçürüldü və ona barışdıqdan sonra orada qalacaqlarına dair söz verdilər. 2019-cu ilin yanvar ayından həyat yoldaşı Qasımov X6 Respublikasına getmişdir. O, hər dəfə gələcəyi ilə bağlı yalan vədlər versə də, bu günə kimi geri qayıtmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Cavabdeh evdə başqa şəxslər saxlamaqla ona məxsus yaşayış evində yaşamağına müxtəlif maneələr yaradır. Övladı X7 artıq böyüyüb, onun Bakı şəhərində yüksək və keyfiyyətli təhsil almasını istəyir. Atası övladının harada və necə yaşaması, onun təhsili və tərbiyəsi ilə maraqlanmır. O və az yaşlı övladı X7 Cavabdeh ailə üzvləridirlər, onların Cavabdeh məxsus mənzildə yaşamaq və ondan istifadə etmək hüquqları vardır. xx xxxxxx 2019-cu il tarixli 08 nömrəli nikah şəhadətnaməsinə əsasən onunla Cavabdeh arasında nikahları rəsmiləşdirilmişdir. xx xxxx 2014-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X7 onun və Cavabdeh övladıdır. Yaşayış sahəsindən istifadə etmək hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Azərbaycan Respublikası Mənzil və Mülki Məcəllələrində əks olunmuşdur. Odur ki, Cavabdeh məxsus yaşayış evi onun və az yaşlı övladı üçün yeganə yaşayış yeri olduğundan, onun azyaşlı övladıX7 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzilə dair istifadə hüquqlarının tanınmasına, mənzilə köçürülmə və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etmədi və iddiaya yazılı etiraz verərək bildirdi ki, sözü gedən mənzil xx xxxxxx 2017-ci ildə atası X12 oglu tərəfindən cavabdehə hədiyyə kimi verilmişdir. Həmin vaxt onların nigahı məhkəmə tərəfindən pozulmuşdur. xx xxxxxx 2019-cu ildən cavabdeh məzili “X5 Verilməsi haqqında” Müqavilə əsasında Oguz şəhəri Z.Tagıyev küc ev 6-da qeydiyyatda olan X3 icarəyə vermişdir. Atası o evi cavabdehə hədiyyə verən zaman onların nigahı olmamış, yəni onlar sözü gedən mənzili birgə nigah dövründə əldə etməmişlər. Hal hazırda nigahın pozulması ilə baglı Ağdam Rayon məhkəməsinə iddia ərzəsi ilə müraciət etmişdir. Məlum məsələrlə bağlı məhkəmə prosesi noyabr ayının dördünə təyin edilsədə, baxılmamışdır və dekabr ayının dördünə təyin olunmuşdur. Onun mülkiyyətində olan evə iddiaçının iddia etməyə hec bir hüququ yoxdur. İddiacının bu əsassız tələbi ilə onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyət hüqüqu ilə qanunla qorunan hüquqdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vasiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Agdam rayonu Şotlanlı kəndində anadan olmuş, Agdam rayonu Şotlanlı kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vasiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuş, Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küç.ev 9 mənzil 8də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8 Cavabdeh oğlunun adına xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və həmin nikah 08 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23.6.2014-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 5700/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan mebel əşyalarının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-dən çıxarılması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1311/2018 saylı qərardadına əsasən İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı iddialarından imtina ərizələri qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ləgv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən görünür ki, hədiyyə verən X8 hədiyyə alana mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8i hədiyyə etmişdir. İşdə olan xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-i hər ay 250 manat ödəniş olmaqla icarəçi X4 icarəyə vermişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2013-cü il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından xx xxxx 2014-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Onların ailə münasibətlərinə 2016-ci il tarixdə xitam verilmişdir. 2018-ci il tarixdən barışdıqları üçün yenidən 2019-cu ilin yanvar ayının 22-də nikahlarını rəsmiləşdirmişlər. Hazırda da nikah pozulmamış, lakin Agdam Rayon Məhkəməsinin icraatında hikahın pozulması ilə bağlı mülki iş vardır. Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsi, ev 9, 8 nömrəli mənzil tam mülkiyyət hüquqi əsasında Cavabdeh məxsusdur. Mənzil xx xxxxxx 2017-ci ildə cavabdehin atası X12 oglu tərəfindən cavabdehə hədiyyə kimi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının tələbinə dair ilk iddia ərizəsi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı məxsus olan mebel əşyalarının Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-dən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1311/2018 saylı qərardadına əsasən İddiaçı və Cavabdeh ilkin və qarşılıqlı iddialarından imtina ərizələri qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5700/2017 saylı qətnaməsi ləgv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən; 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2- 30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-ə dair istifadə hüquqları vardır, belə ki o hal-hazırda da mülkiyyətçinin ailə üzvüdür, onlar arasında hazırda nikah pozulmamışdır. Belə olan halda onun həmin mənzilə istifadə hüququ olduğundan azyaşlı övladı X7 ilə birlikdə köçürülməsi qanuni, ədalətli və əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüquq, həm də borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. X10 Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib hesab edir ki, İddiaçı hazırda da cavabdehin ailə üzvü oldugundan onunBakı şəhəri, Nərimanov rayonu, Nərimanov rayonu, İsaqzadə küç.ev 9 mənzil 8-ə istifadə hüquqları yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından məhkəməyə iddia vermək hüququna malikdir. Məhkəmə iddianın “yaranmış maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd edir ki, həmin maneələrin nədə ifadə olunması, hansı şəkildə və kim tərəfindən maneələr törədilməsinə dair sübutlar təqdim olunmadıgında həmin hissədə tələb rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı azyaşlı övladı X7 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küç.9 saylı evin 8 saylı mənzilinə köçürülməli, qalan hissədə iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. İddiaçı azyaşlı övladı X7 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu İsaqzadə küç.9 saylı evin 8 saylı mənzilinə köçürülsün. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar