Məhkəmə qərarları › İş №2(005)-3469/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3469/2024

01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3469/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X7 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13, X10 və X14 cəlb edilməklə) “mirasın qəbul edilmə müddətinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13, X10 və X14 cəlb edilməklə) “mirasın qəbul edilmə müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə həvalə edoilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X3 X2nun qızıdır və onun birinci növbədən vərəsəsidir. İddiaçının bacıları miras əmlakdan imtina etmişdir. X2 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü ildə ölüm haqqında şəhadətnamə verilmişdir. X2 vəfat edən zaman ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi mülkiyyətində olmuşdur. Torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 8 may 2002-ci il tarixli 38 nömrəli qərarı vardır. İddiaçı bildirir ki, mərhumun ölümündən əvvəl də mərhumla birlikdə həmin evdə yaşamışdır. Həmçinin, mərhumun ölümündən sonra yaşayış yeri həmin mənzildir. Yəni, iddiaçı faktiki olaraq miras əmlakı qəbul edərək idarə edir. Lakin, vərəsəlik işinin açılması üçün 6 ay ərzində müraciət edə bilməmişdir. Hazırda vərəsəlik işinin açılması üçün və miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 1 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işinin açılması üçün mərhumun ölümündən 19 il keçdikdən sonra müraciət etdiyinə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Bununla əlaqədar iddiaçı mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X14 iddia tələbinin təmin edilməsinə və vərəsəliklə bağlı müddətin bərpa olunmasına hər hansı etirazının olmadığını bildirdi. Məhkəmə iclasında üçüncü şəxs X10 iddia tələbini qəbul edərək, miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsinə hər hansı etirazının olmadığını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu A.F.Hacıyevanın 24 iyul 2024-cü il tarixli, 1182 saylı məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş atasının adına açılmış vərəsəliyin qəbulu müddətini ötürdüyü, vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilməsi İddiaçı qızına izah edilmişdir; - Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 403085 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 mart 2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 720 nömrə ilə qeyd edilmişdir; - Bakı şəhər Binəqədi qəsəbə Bələdiyyəsinin sədriinin xx.xx.2002-ci il tarixli, 38 saylı qərarından görünür ki, ünvan 1 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X8 verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 mülkiyyətində olan 2-ci mədən küçəsi ünvanında yerləşən 600 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsəsi hazırkı iddiaçı 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək mərhum atasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür, müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan İsmayıl Quliyev xx.xx.2005-ci il tarixdə ölmüşdür. Miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olanda məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmayacaqdır. Belə olanda İddiaçı miras əmlakı faktiki qəbul edilib-edilməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi əsas götürüb, hesab edir ki, X6 xx.xx.2005-ci il tarixdə ölməsi ilə ona məxsus mənzil onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan qızı İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, iddiaçı mərhumun ölümündən əvvəl də mərhumla birlikdə həmin evdə yaşamışdır. Həmçinin, mərhumun ölümündən sonra yaşayış yeri həmin mənzildir. Buna görə iddiaçının mirası qəbul etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır. Lakin iddiaçı mərhum atası X6 ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməməsi səbəbindən miras əmlakın qəbul edilməsi ilə bağlı vaxtında notariat orqanına müraciət edə bilməmişdir. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mərhum atasının xx.xx.2005-ci il tarixdə vəfatından sonrakı mirasın qəbulu ilə bağlı hərəkətləri həyata keçirərkən ondan asılı olmayan üzrlü səbəblərdən müddəti ötürmüşdür, onun miras əmlakı faktiki olaraq qəbul etməsi müəyyən edildiyindən, mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməlidir. Bundan başqa məhkəmə iddianın “miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin həvalə edilməsi” hissəsində iddia tələbinin əsassız olması qənaətinə gəlir, hesab edir ki, bu hissədə iddianın heç bir hüquqi əsası mövcud deyil. Belə ki, həmin hissədə qeyd olunan hal məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddət bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar