Məhkəmə qərarları › İş №2(005)-3518/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3518/2023

08.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3518/2023 08.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış, Cavabdeh1 təsdiq edilərək 4Ə-238 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 12 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh3 xx.xx.2015-ci il tarixdə ödənilməsi şərti ilə 70000 ABŞ dolları məbləğində borc pul vermişdir. Borc pul vaxtında geri qaytarılmadığından məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-7729/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh3 tərəfindən 70000 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qətnamə dəyişdirilmədən qüvvəsində saxlanmış və qətnamə qanuni qüvvəyə mindikdən sonra icrası Nərimanov rayon İcra Şöbəsinə həvalə olunmuşdur. Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, X2ndə yerləşən hər birinin 1200 kv.m sahəsi olan 551 V və 551 Q ünvanlarında yerləşən 2 bağ sahəsi birlikdə 85000 manat dəyərində qiymətləndirilib açıq hərraca çıxarılmışdır. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələri barədə tərtib olunmuş Y- 599 saylı protokola əsasən həmin bağ sahələri 85000 manat satış qiyməti ilə ona satılmış, yəni borc əvəzinə verilmişdir. Bu əqd hərracın yekunları üzrə tərtib olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Bununla da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmuş və Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu ilə həmin bağ sahələrinin üzərindən qadağaların götürülməsi və bağ sahələrinin iddiaçının adına rəsmiləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin bağ sahələrinə hüquqlarını qeydiyyatdan keçirmək istəyərkən məlum olmuşdur ki, həmin bağ sahələri üçüncü şəxsə bağışlanmışdır. Qətnamənin icrası ilə əlaqədar Nərimanov rayon İcra Şöbəsinə yenidən müraciət edib zəruri sənədləri əldə etdikdən sonra məlum olmuşdur ki, aralarında borc müqaviləsi bağlandıqdan 7 ay sonra Cavabdeh3 icra orqanının və iddiaçının məlumatı olmadan Cavabdeh1 təsdiq edilmiş xx.xx.2016-cı il tarixli əmlakın bağışlanması müqaviləsi əsasında hər iki bağ sahəsini həyat yoldaşı Cavabdeh4 bağışlamışdır. Cavabdeh3 bunu gələcəkdə borcun ödənilməsinin bağ sahələrinə yönəldilməsinin qarşısını almaq və bununla borcun ödənilməsindən yayınmaq niyyəti ilə qəsdən etmişdir. Bununla da borclu borc müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmaq məqsədi ilə uydurma, yalan əqd bağlayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik yaratmış, borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən də onun tərəfindən alınmış bağ sahələrinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh3 digər şəxsləri də oxşar qaydada aldatma yolu ilə onların əmlakını ələ keçirdiyinə görə barəsində olan və qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etmədiyi üçün Nərimanov Rayon Məhkəməsinin 1(005)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göstərilənlərlə Cavabdeh3 borc müqaviləsi adı ilə müxtəlif vətəndaşların, o cümlədən iddiaçının da əmlakını ələ keçirib mənimsəməni özünə bir peşə kimi seçməsi təsdiq olunmuşdur. Cavabdeh3 tərəfindən 70000 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçıya ödənilməsi barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-7729/2016 saylı qətnaməsi hazırda icra mərhələsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının təmin olunması üçün Cavabdeh1 təsdiq edilmiş xx.xx.2016-cı il tarixli əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və onun əsasında Cavabdeh4 adına Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlar ləğv olunmalıdır. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında iklüm« mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı« olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə onun bu iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması öz təsdiqini tapır. Digər tərəfdən daşınmaz əmlakla bağlı müqavilə bağlanarkən onun ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə hər hansı qadağanın olmaması müqavilədə öz əksini tapmışdır. Bundan əlavə şəxsin yəni iddiaçının müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməlidir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Hazırki işdə iddiaçı bu halın ona 2017-ci il tarixdə məlum olduğunu qeyd edir. O qeyd olunanlara əsasən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, bağışlama müqaviləsi qanuna uyğun tərtib olunmamışdır. Bağışlama müqaviləsi olsa idi, əmlak hərraca çıxarılmazdı və bu barədə dövlət orqanlarında məlumat olardı. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsinə etiraz edərək bildirdi ki, sözügedən bağ sahəsini keçmiş həyat yoldaşının atası aldığından, o nikah pozulan zaman həmin torpa sahələrini həyat yoldaşına bağışlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur və mübahisə ilə bağlı kəsici müddət tətbiq edilməlidir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən müqavilənin saxta və qanuna uyğun olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri 6 saylı Notarius Kontoru ərizə təqdim edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.4 və 185.5-ci maddələrinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq: xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixədək 70000 ABŞ dollar məbləğində borc vermiş və Cavabdeh3 tərəfindən bu pul qəbul edilmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 70000 ABŞ dollar məbləğində borcun qətnamənin icra edildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və 30 manat dövlət rüsumunun Cavabdeh3 İddiaçı xeyrinə tutulması qət olunmuşdur; “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli, Y-599 nömrəli protokoluna və hərracın yekunları üzrə əmlakın alqsatqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləyə görə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2, 551v və 551q saylı bağ sahələri İddiaçı 85000 manata satılmışdır; xx.xx.2016-cı il tarixli, 4Ə-238 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2, 551v və 551q saylı bağ sahələri ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh4 tam hissədə (0,24 ha) bağışlanılmışdır; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-110/220 saylı hökmünə görə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-cil tarixli, 1(1030)- 1598/2021 saylı hökmünə görə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-110/220 saylı hökmü məhkum edilmiş şəxs Cavabdeh3 müdafiəçisi Valeriy Vəliyevin apellyasiya şikayətinə əsasən ləğv edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-604/2022 saylı qərarına görə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-cil tarixli, 1(1030)-1598/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır; Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2, 551v və 551q saylı bağ sahələrinin üzərinə qoyulmuş qadağaların götürülməsi və alıcı İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa görə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2, 551v və 551q saylı bağ sahələri X1 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisəsiz hal ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə İddiaçı tərəfindən 70000 ABŞ dollar məbləğində borc Cavabdeh3 verilmiş, sonuncu tərəfindən bu pul qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə bu borcun Cavabdeh3 İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Lakin məhkəmə qətnaməsi qəbul edilməmişdən əvvəl xx.xx.2016-cı il tarixli, 4Ə-238 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2, 551v və 551q saylı bağ sahələri ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan torpaq sahəsi Cavabdeh3 tərəfindən Cavabdeh4 tam hissədə (0,24 ha) bağışlanılmışdır. İddiaçı iddia tələbində qeyd olunanlara əsasən iddiasını əsaslı hesab edir və təmin edilməsini xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etməyərək, iddiaçının bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olmadığını bildirir, həmçinin kəsici müddət tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab edilməsilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Həmçinin məhkəmə onu qeyd edir ki, iddiaçının “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, İddiaçı olduğu iş üzrə pul tələbinə dair iddiası xx.xx.2016-cı il tarixdə qətnamə qəbul edilməmişdən əvvəl xx.xx.2016-cı il tarixdə mübahisələndirilən əmlaklara dair bağışlama müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbinin əsasını pul tələbi ilə bağlı qətnamənin olması və qətnamənin icra edilməsi ərəfəsində bu əmlakların qəsdən başqa şəxsin adına bağışlanması faktı təşkil edir. Bu halda isə “bağlanmış bağışlama müqaviləsinin etibarsızlığını” birbaşa onun mübahisələndirmə imkanı olmadığına qənəatinə gəlməyə əsas verir. Çünki pul tələbinə dair iddia ərizəsi ilə müraciət edilərkən onun özgəninkiləşdirilməsini, bağışlanmasıını qadağan edən məhkəmə qərardadı olmamış, öhdəliyin təminatı kimi müqavilələr bağlanmamışdır. Belə olan halda isə cavabdehin əmlakı borcu ödəməmək üçün bağışlaması ehtimalı aradan qalxır. Bundan əlavə məhkəmə hesab edir ki, hətta iddiaçının subyektiv hüququ olsa idi belə, o mübahisələndirdiyi əqd ilə bağlı hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə, iddiaçının məlumatlı olması məsələsinə münasibətdə bildirir ki, iddiaçı bağışlama müqaviləsindən 2017-ci ildən məlumatlı olmuş, lakin bağışlama müqaviləsinin etibarsızlığına əsas olan halları bildiyi (yaxud bilməli olduğu) vaxtdan 1 il ərzində mübahisələndirməli olduğu halda bunu etməmişdir. Beləliklə, iddiaçı torpaq sahələrinin bağışlandığını bilsə də, qanunvericiliklə lazımi qaydada müəyyən edilmiş iddia ərizəsi ilə yalnız 2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Belə ki, hazırki iddia ərizəsi ilə mübahisələndirdiyi daşınmaz əmlakla bağlı müqavilədən xəbəri olsa da, hazırki mülki iş üzrə iddiaçı bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən (bilməli olduğu gündən) qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin “bağışlama əsasında verilmiş çıxarışın ləğvi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “çıxarışın ləğv edilməsi”nə dair əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması” na dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar