Məhkəmə qərarları › İş №2(005)-3520/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3520/2023

22.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3520/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK və "xxxx" MMC cəlb olunmaqla) «müqavilənin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahə mülkiyyətçiləri üçün ümumi olan hissəni bina sakinlərinin icazəsi olmadan icarəyə verdiyinə görə, icarə müqaviləsinin etibarsız hesab olunmasına, quraşdırılmış mobil rabitə baza stansiyasının binanın üzərindən təcili olaraq götürülməsininə və binanın idarəedilməsilə bağlı qərarların AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçılar Nərimanov rayonu H.Əliyev prospekti 105 ünvanlı binanın sakinləridirlər. Bina dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarış ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, bina tikinti şirkəti olan "xxxx"xxxx"xxxx" ilə deyil, Evro-Tikinti MTK ilə bağlanmışdır. Başqa sözlə, çıxarışlı bina orada mənzil sahibi olan vətəndaşların mülküdür. "xxxx" Azərbaycan Respublikasının MM-in 105 və 119-cu maddələrini kobud surətdə pozaraq binanı tikib təhvil verdikdən sonra da idarəçiliyi əllərində saxlamış, istədikləri kimi də kommunal ödəniş haqqı müəyyən etmişlər. Hətta bu ödənişləri tələb edərkən dövlətin mənzil üzərində əsas sənədi sayılan reyestr çıxarışındakı məlumatlara deyil, öz nuiqavilələrindəki məlumatlara əsaslanıblar. Halbuki qanunvericilik bunu onlara qadağan edir. "xxxx"-nm binaya təyin etdiyi kommendant Cavabdeh Azerconnect MMC ilə öz aralarında müqavilə imzalayaraq bina sakinlərinin icazəsi və xəbəri olmadan binanın damı üzərində mobil rabitə baza stansiyası quraşdırmaqla, ilk növbədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsini və binanın hər bir sakininin Azərbaycan vətəndaşı olaraq mənzil mülkiyyətçisi kimi hüquqlarını kobud surətdə pozmuşdur. Halbuki, AR Mənzil Məcəllənin 44-47-ci maddələrinə əsasən idarəetmə orqanı çoxmənzilli binada sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən olunmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin araşdırmalarına əsasən binanın dam hissəsinin 20 kv. metrini məhz Cavabdeh xx.xx.2009-cu il tarixində Azerconnect MMC-ə icarəyə vermişdir. Problemlə əlaqədar BŞİH-dən verilmiş cavab məktubunda məsələnin razılıqla həlli təmin olunmadığı təqdirdə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bina sakinləri dəfələrlə Cavabdeh sağlamlıqları üçün güclü təhlükə mənbəyi olan həmin mobil rabitə baza stansiyasının (mobil rabitə baza stansiyalarının 30 metr radiusunda yaşayış olmamalıdır) binanın üzərindən götürülməsini tələb etsələr də, heç bir nəticə alınmamışdır. Sonuncu “Məhkəməyə müraciət edin” deyə cavab vermişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı3 bina sakinlərinin xəbəri və razılığı olmadığı halda ümumi mülkiyyətdə olan sahədə mobil rabitə qurğusunun yerləşdirilməsinə dair Cavabdeh və "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməli olduğunu bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil binanın idarəedilməsilə bağlı qərarların AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilməsinə dair hissədə iddia tələbinə münasibətdə Cavabdeh heç bir cavabdehlik daşımadığını, digər hissədə də iddia tələblərinin əsassız olduğundan rədd edilməli olduğunu bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 15 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M7, m 3) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 13 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M7, m 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, ev 105, mənzil 21 (Yeni qaydalarla : AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 97, M7, m 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. xx.xx.2019-cu il tarixli "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış ilkin icra müqaviləsindən görünür ki, icarəyə verən "xxxx" MTK-ya ilə xx.xx.2019-cu ildə bağlanmış müqaviləyə görə Bakı şəhəri,Nərimanov ray.,H.Əliyev pr.l05,1951-ci saylı məhəllədə ,l(birinci) və 2(ikinci) giriş binanin dam örtüyünün üst sətində 20 kv m sahənin icarəyə verməsini öz üzərinə götürür. Həmin sahənin xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilinə tarixinə qədər icarəçinin istifadəsinə verməyi və onun bitməsinə l(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 5(beş) il müddətinə uzadılmış hesab edilir. Tərəflər İcarəyə verilən sahədən aylıq istifadə haqqını 25AZN olaraq müəyyən edirlər. Bu müqavilə imzaladığı andan qüvvəyə minir nəzərdə tutulan müddətdə qədər etibarlı olacaqdır. İcarəçi Cavabdeh istifada etdiyi 20 kv m. sahəni başqa şəxsə icarəyə verə bilər. “Şəbnur" MTK-nın xx.xx.2019-cu il tarixli arayışından görünür ki, "xxxx" MTK-nın rəhbərliyi "xxxx" MMC şirkətinə yazıb bildiririk ki, onunla "xxxx" MTK fiziki şəxs Cavabdeh (Ş/V AZE №0*******, Şahbuz RPŞ)arasında bağlanmış müqaviləyə əsasən dam örtüyündə mobil baza stansiya tikilməsinə heç bir etirazı olmadığı qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., 105, 1951-ci məhəllə ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 (iyirmi) kv.m olan icarə obyektini "xxxx" MMC-nin istifadəsinə verir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, MTK ilə payçılar arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərin bağladığı müqavilələrə uyğun tənzimləndiyindən, yaranmış problemlərə dair qarşılıqlı razılaşma əldə olunmadığı təqdirdə, mülki qanunvericiliyə uyğun olaraq, mübahisənin həlli məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X1 tərəfindən verilmiş sanitariya-epidemioloji rəydən görünür ki, rəyə qoşma olan əlavədə göstərilən radio baza stansiyalarının istismarı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli 065 nömrəli qərarı ilə təsdiq edilmiş “ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə cavab verir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri, Heydər Əliyev prospekti 105 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. İddiaçılar həmin binada yaşamaqla bu binada yerləşən mənzillərin mülkiyyətçiləridirlər. Bu Binanın üst hissəsinin 22 kv.m sahəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh “Şəbnur" MTK tərəfindən icrayə verilmiş, o isə həmin sahədə ötürücü antenna yerləşdirilməsi üçün "xxxx" MMC ilə icrarə müqaviləsi (xx.xx.2019-cu il tarixli) bağlamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, müqavilənin etibarsızlığına dair hazırki iddia müqavilə tərəflərinin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda bütün müqavilə tərəfləri üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə müqavilə tərəfi olan "xxxx" MMC mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Hazırda baxılan iş üzrə məhkəmə iddiaçılara iddia tələbinə müvafiq dəqiqləşdirmələrin aparılması, "xxxx" MMC-ni də cavabdeh qismində cəlb edilməsini təklif etsə də, iddiaçılar bununla razılaşmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunanlara əsasən məhkəmə hazırki iddia tələbinin təmin edilməsi mülki prosessual qanunvericliyə ziddir, iddia tələblərinin yönəldiyi şəxs işə cavabdeh qismində cəlb olunmamışdır. Məhkəmə öz təşəbbüsü ilə şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, lakin şəxsin cavabdeh kimi cəlb edilməsi iddiaçılar tərəfindən təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Ümumi icraat qaydasında baxılan işlərdə icraatın əsas iştirakçıları iddiaçı(lar) və cavabdeh(lər) olaraq müəyyənləşdirilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən isə, iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçıların iddia ərizəsindən görünür ki, onlar cavabdeh qismində göstərdiyi Cavabdeh qarşı olan icarə müqaviləsinin etibarsız hesab olunması tələbi üzrə müqavilə tərəfindən biri həm də "xxxx" MMCdir. Digər tərəfdən, «binanın idarəedilməsilə bağlı qərarların AR Qanunvericiliyinə uyğun olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilməsi» ilə bağlı tələb Cavabdeh qarşı yönəltməli deyil, beləliklə də, iddiaçıların cavabdeh kimi xarakterizə etdiyi bu şəxsdən konkret nəyi tələb etdiyi qeyrimüəyyən qalmışdır. Halbuki iddiaçı, ərizəsində həmin cavabdehə qarşı məhz hansı tələbi yönəltdiyini aydın göstərməli idi, çünkü mülki-prosessual qanunvericilik iddiaçının tələbinin konkret və aydın olmasını, cavabdehə qarşı yönəlmiş tələbin dəqiq ifadə olunmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. "xxxx" MMC işə cavabdeh kimi cəlb edilmədiyi halda mülki prosessual hüququn əsas prinsiplərindən olan çəkişmə prinsipinin təmin edilməsi mümkün olmayacaq. Məhkəmə onu da qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixli Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş, mülki işin araşdırılması zamanı bu müqavilənin bağlanması üçün əsas olaraq bu müqaviləni Cavabdeh bağlamaq səlahiyyətinin onunla “Şəbnur" MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında verildiyi müəyyən edilmişdir. İddiaçılar iddia tələblərinin əsası olaraq Cavabdeh "xxxx" MMC ilə icarə müqaviləsi bağlamaq səlahiyyəti olmaması ilə əsaslandırsalar da, iddia tələbində ona bu səlahiyyətin verilməsi barədə “Şəbnur" MTK ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə münasibət bilirdilməmiş, həmin müqavilə mübahisləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırda baxılan işdə iddia tələbinin əsası olaraq Cavabdeh "xxxx" MMC ilə müqavilə bağlamaq səlahiyyəti mübahiəsləndirilsə də, bu səlahiyyətin verilməsinə dair müqavilə (xx.xx.2019-cu il tarixli) mübahisələndirilmir. Bu səbəbdən də, Cavabdeh "xxxx" MMC ilə icarə müqaviləsi bağlamaq səlahiyyəti verən “Şəbnur" MTK və Cavabdeh arasında bağlanılmış icarə müqaviləsi məhkəmə araşdırmasının predmetini təşkil etmir, buna görə də məhkəmə tərəfindən həmin müqaviləyə münasibət bildirilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin rədd edilməsini mülki prosessual qanunvericiliyin tələbi hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MTK və "xxxx" MMC cəlb olunmaqla) müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar