Məhkəmə qərarları › İş №2(005)-353/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-353/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-353/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Cavabdeh2 ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışım ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilinə dair keçirilən 25.11.2019-cu il tarixli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 27.10.2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi”ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iddia ərizəsinə əlavə etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən verilmiş 27.12.2019-cu il tarixli, 83/03-1 saylı hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilinə dair Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-27/2017 saylı, 21.02.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası təmin edilmiş və kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən tələbin ipoteka qoyulmuş ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilə yönəldilməsi və açıq hərracda satılması qət edilmişdir. Hazırda həmin iş üzrə Azərbaycan Republikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün qətnamənin rəsmi qaydada əldə edilməsi barədə ərizə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-27/2017 saylı, 21.02.2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin qanuna zidd sifarişi ilə əmlak hərraca çıxarılmışdır. Belə ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar-bildiriş ona təqdim edilməmiş, tələbin könüllü icrasına dair qanunun tələbi pozulmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin maddənin 2-ci hissəsinə əsasən “İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir”. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmənin nəzərinə çatdırıram ki, Nəsimi rayon İcra və probasiya Şöbəsi tərəfindən ona nəinki könüllü icra müddəti verilmiş heç icraata başlamaq haqqında qərar barədə məlumat belə mənə verilməmişidr. İcra haqqında qanunun tələbi kobud şəkildə pozulmaqla ona borclu kimi heç bir məlumat verilmədən ipoteka predmeti olan ev gizli olaraq hərraca çıxarılmışdır. 19.10.2021-ci il tarixində Bank tərəfindən mənə telefon vasitəsi ilə məlumat verilərək mənzilin artıq Bankın mülkiyyətində olması və qısa müddətdə mənzili boşaltmağım tələb edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən keçirilən hərraclar barədə ona heç bir məlumat verilməmişdir. Belə ki, həmin MMC-nin ona təqdim edilməsi üçün göndərdiyi 11.10.2019-cu il tarixli, 3483 saylı 1 №-li bildirişinin göndərilməsinə dair poçt qəbzində tamamilə ona məlum olmayan bir ünvan göstərilmişdir. (ünvan 1.10.2019-cu il tarixli və 15.11.2019-cu il tarixli bildirişlərdə eyni ünvana göndərilmişdir. Halbuki tələbkar Bank onun ünvanını bilir və həmçinin girov qoyulmuş əmlak da həmin Bankın Bülbül prospektində yerləşən filialının üzərində yerləşir, yəni ikinci mərtəbəsində. Buradan da görünür ki, tələbkarın yeganə məqsədi onun xəstəliyindən istifads etməklə ona məxsus olan əmlakı qanunsuz olaraq ələ keçirmək olmuşdur. Bank tərəfindən ona əmlakın hərracda alınması telefon vasitəsi ilə bildirildikdən sonra 20.10.2021-ci il tarixində “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə müraciət edərək hərrac bildirişlərini, icra sənədini, hərrac protokolunu və s. sənədlərin ona verilməsini tələb etmişdir. Cavabdeh təşkilat tərəfindən mənə yalnız hərrac bildirişləri və poçt qəbzlərinin surətləri təqdim edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, hərrac təşkilatı hərracın keçirilməsi barədə ona nəinki “çatdırılmasını təsdiq etmə üsulu ilə” xəbər vermiş hətda şifahi də məlumat verməmişdir. Poçt qəbzlərinin surətlərindən də göründüyü kimi tamamilə yad bir ünvana bildiriş göndərilməklə hərracın keçirilməsi ondan gizlədilmişdir. Nədənsə nə icra şöbəsi nə də hərrac təşkilatı ona icra prosesi barədə heç bir məlumat vermədən əmlakını gizli yolla hərracda Banka satmağa tələsirmişlər kimi hərəkət etmişlər. Bu da Azərbaycan Respublikasının İpoteka və İcra haqqında qanunlarına tamamilə ziddir və onun əmlak hüquqları pozulmaqdadır. Yuxarıda göstərilənlərlə yanaşı həmçinin məhkəmənin nəzərinə çatdırır ki, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çıkir və məhkəmə prosesinin başladığı 2017-ci ildən o, xarici dövlətlərdə xəstəliyinin müalicəsi ilə məşğul olmuşdur. Odur ki, bu proseslər onun vəziyyətinin pis olmasından istifadə etməklə gizli şəkildə keçirilmişdir. İddia ərizəsinə əlavə etdiyi xəstəlik tarixçələrindən də göründüyü kimi uzun müddətdir ki, xəstəliklə mübarizə aparır və bu müddət ərzində məhkəmənin və icra qrumunun qanunsuz əməllərindən xəbəri olmamışdır. Qanunvericiliyin təlbindəndə göründüyü kimi hərrac qanunun pozulması ilə keçirildikdə hərrac etibarsız hesab edilməlidir. Eyni zamanda icra məmuru tərəfindən icra haqqında qanunun tələbi pozulmaqla ona könüllü icra müddətinin verilməməsi də qauna ziddir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X7 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və qeyrisinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların satışı X10" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzilinə dair keçirilən 25.11.2019-cu il tarixli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır, iddia ərizəsində göstərilənlər heç bir sübuta söykənmədiyi üçün iddia rədd edilməlidir. Belə ki, ilk olaraq qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında 15.04.2014-cü il tarixli 100850-010\14 nömrəli və 01.09.2014-cü il tarixli 100850-032\14 nömrəli kredit müqavilələri imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı arasında 05.09.2014-cü il tarixli 100850-032\14 nömrəli sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 286.9 kv.m olan 29 nömrəli mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən kredit müqavilələri üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün Bank tərəfindən müvafiq iddia ərizəsi ilə 2015-ci il tarixdə məhkəməyə müraciət edilmiş və Nəsimi rayon məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(006)-27\2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı cəmi 531.926.21 ABŞ dolları məbləğində pulun tutularaq Banka ödənilməsi, tələbin İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 286.9 kv.m olan 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi qət olunmuşdur. Sonradan həmin qətnamədən müxtəlif vaxtlarda həm Bank tərəfindən, həm də İddiaçı tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25.08.2017-ci il tarixli, 2(103)-5167\2017 saylı qətnaməsi ilə Bankın apelyasiya şikayəti, 11.02.2019-cu il tarixli, 2(103)-1933\2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin 01.07.2019-cu il tarixli, 2(102)-4743\2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(006)-27\2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İş icrada olduğu vaxt İddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verildiyi üçün bir neçə dəfə icra dayandırılmışdır. Ali Məhkəmənin qərarından sonra icra hərəkətləri davam etdirilmiş, hərrac keçirilmiş və 27 dekabr 2019-cu il tarixli, 83\03-l nömrəli hərracın yekunları barədə protokolu ilə ipoteka predmeti olan əmlak "İpoteka haqqında" AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 328312,50 manat qiymətlə "xxxx" ASC tərəfindən əldə edilmişdir. İş icrada olduğu müddətdə İddiaçı həm icrada, həm də Bankda dəfələrlə olmuş, iş üzrə aparılan bütün proseslərdən, o cümlədən hərrac prosesindən məlumatı olmuşdur. Hazırda da həmin əmlaka dair Bankın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə 22.02.2021-ci il tarixdə Çıxarış da verilmişdir. Göründüyü kimi, iş üzrə keçirilmiş məhkəmə və icra proseslərinin bütün mərhələlərində İddiaçı nümayəndəsi və vəkili iştirak etmiş, iş üzrə aparılmış bütün proseslərdən ətraflı məlumatları olmuşdur. Bütün bunlara baxmayaraq, iddiaçı iddia ərizəsində göstərir ki, guya iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi üçün qətnamənin rəsmi qaydada əldə edilməsi üçün ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Halbuki, artıq İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin 01.07.2019-cu il tarixli, 2(102)- 4743\2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə, iddiaçı ərizədə göstərir ki, guya icra prosesindən heç bir xəbəri olmamış, ona icra orqanı tərəfindən heç bir məlumat verilməmiş, ipoteka predmeti olan əmlak gizli olaraq hərraca çıxarılmışdır. Mənzilin artıq Bankın mülkiyyətində olmasını isə guya 19.10.2021-ci il tarixdə Bank tərəfindən ona telefonla məlumat verilmişdir. Halbuki, icra orqanı tərəfindən iş üzrə keçirilmiş bütün icra hərəkətləri barədə bütün tərəflərə lazımi qaydada məlumatlar verilmiş, hətta İddiaçı tərəfindən icra hərərkətlərini dayandırmaq üçün 1-ci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya, kassasiya şikayətləri verilmişdir. Bundan əlavə, bütün icra prosesi müddətində İddiaçı, oğlu və həyat yoldaşı dəfələrlə Bankda olmuşlar, borcun ödənilməsi və girovla bağlı onlarla söhbətlər aparılmışdır. Hər dəfə onlar müxtəlif bəhanələrlə ödəniş etmək üçün vaxt almış, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, İddiaçı özü 18 yanvar 2019-cu il tarixdə Banka ərizə ilə müraciət edərək, 2019-cu ilin dekabr ayının sonuna kimi banka olan borcu bağlayacağına söz verdiyini və "İcra haqqında" AR Qanununun 18.1.6-cı maddəsinə əsasən işin dayandırılmasını xahiş etmişdir. Göstərilənlər bir daha sübut edir ki, İddiaçı həm məhkəmə, həm də icra mərhələsində aparılmış bütün proseslərdən ətraflı məlumatı olmuşdur. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərir ki, hərrac barədə bildirişlər guya ona məlum olmayan bir ünvana (ünvan 3na məlum olmayan ünvan kimi təqdim etdiyi Nəsimi rayonu, 28 May küçəsi, ev 5, mənzil 66\67 ünvanında İddiaçı qeydiyyatdadır və bunu DİN-nin MAPS şöbəsindən alınmış arayış da təsdiq edir. Hərrac təşkilatı tərəfindən də hərrac barədə bildirişlər də həmin ünvana göndərilmişdir. Bütün yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlərin heç bir əsası yoxdur, söz yığnağından başqa bir məna daşımır və tələbinin əsasları barədə də heç bir sübutu yoxdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5167/2017 saylı, 25.08.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017ci il tarixli, 2(006)-27/2017 saylı qətnaməsindən cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(006)-27/2017 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1933/2019 saylı, 11.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi apellyantlara aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)- 4743/2019 saylı, 01.07.2019 saylı qərarı ilə X2 və İddiaçı kassasiya şikayəti təmin ediləmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 11 fevral 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-nin hərracın keçirilməsi barədə 11.10.2019-cu il tarixli, 01 saylı və 25.10.2019-cu il tarixli, 01/2 saylı bildirişlərin surətindən görünür ki, iddiaçıya əmlakın 515000 manat ilkin satış qiymətilə 12.11.2019-cu il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-nin hərracın keçirilməsi barədə 15.11.2019-cu il tarixli, 02 saylı bildirişin surətindən görünür ki, iddiaçıya əmlakın 15% aşağı qiyməti ilə 437750 manata 12.11.2019-cu il tarixdə hərraca çıxarılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-nin Cavabdeh2 ASC-yə ünvanlanmış məktubundan görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 17060-178769/2019-5-1 saylı 01.10.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı ş. Nəsimi r. Bül-Biil pr. 29 saylı evin 29 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 29.11.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 328312.5 (üç yüz iyirmi səkkiz min üç yüz on iki manat 50 qəp) manat olmaqla ipoteka saxlayana təklif olunur. İş materiallarında olan hərracın yekunları barədə 27.12.2019-cu il tarixli, 83/03-1 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 29 saylı evin 29 saylı mənzili ilkin satış qiyməti 515000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 437750 manat, 25% aşağı olan dəyəri 328312,50 manat məbləğində müəyyən edilərək “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən hərraca çıxarılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-27/2017 saylı, 21.02.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı 416.458.97 (dörd yüz on altı min dörd yüz əlli səkkiz ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları əsas borc, 111.467,24 (bir yüz on bir min dörd yüz altmış yeddi ABŞ dolları, iyirmi dörd sent) ABŞ dolları faiz borcu, 4000 (dörd min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 531.926,21 (beş yüz otuz bir min doqquz yüz iyirmi altı ABŞ dolları, iyirmi bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 31 (otuz bir) nanat xərcin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospektində yerləşən ev 29, mənzil 29-a yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 29 saylı evin, 29 saylı mənzilin ilkin satış qiyməti 515 000 (beş yüz on beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh İddiaçı Cavabdeh2 ASC-yə olan kredit borcu ödənilməsi, ünvan 6 satıldıqdan sonra bir ay ərzində cavabdehlər İddiaçı və X5 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdeh İddiaçı tutularaq "xxxx" MMC-nin VÖEN: ********** hesab № AZ53CDBB********************, bank «X6» ASC. kodu 505174, VÖEN: **********, müxbir hesab: AZ30NABZ******************** . SWİFT: CDBBAZ22 hesabına köçürülməsi, ekspertiza tədqiqatının dəyəri 10 (on) manat cavabdeh İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************. X1, KOD210005 VÖEN **********. Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin 29.08.2019-cu il tarixli, 128769/2019-5-1 №-li tələbin könüllü icrasına dair bildirişdən görünür ki, qeyd edilən bildiriş və icraata başlamaq haqqında qərar İddiaçı təqdim edilmək üçün oğlu İbrahimov Anar tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 15-21 noyabr 2019-cu il tarixli, 29 noyabr 2019-05 dekabr 2019-cu il tarixli buraxılışında ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin hərraca çıxarılması yeri və vaxtına dair elan verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 22.02.2021-ci il tarixdən Cavabdeh2 ASC-nin mülkiyyətindədir. AZE seriyalı, 09274794 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə Ağdam şəhərində anadan olmuş İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Cavabdeh2 ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışım ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, İddiaçı, cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Cavabdeh2 ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışım ləğvi” tələbinə dair iddia ərizəsində “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən keçirilmiş hərracın qanunvericiliyin tələblərinin pozulmaqla keçirilməsini iddia edir. Belə ki, İddiaçı bildirmişdir ki, hərrac təşkilatı onları hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırmamış, hərracın təşkili ilə bağlı bildirişlər yanlış ünvana göndərilmişdir. Lakin məhkəməyə təqdim edilmiş icra işinin materialları ilə müəyyən edilmişdir ki, iddiaçının oğlu tərəfindən icra işinin bildirişləri İddiaçı təqdim edilmək üçün qəbul edilmiş, eyni zamanda hərrac bildirişlərinin ona məlum olmayan ünvana göndərilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı İddiaçı bildirişlərin göndərildiyi ünvan 8 ünvanında həmin vaxt qeydiyyatda olduğu müəyyən edilmişdir. Bundan əlavə hərrac təşkilatı “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC tərəfindən hərracın keçirilməsi vaxtı və yeri barədə “Birja yenilikləri” qəzetində elan yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir kii, İddiaçı hərrac barədə lazımınca məlumatlandırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmamış, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X10” MMC-yə və Cavabdeh2 ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar