Məhkəmə qərarları › İş №2(005)-3545/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3545/2021

19.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3545/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra Qusar filialının müdiri vəzifəsini icra edilməsi zaman ödənilməli olan, lakin ödənilməmiş 14 530 manat əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 14 500 manat məbləğində vəsaitin vaxtında ödənilmədiyi üçün həmin pula ümumilikdə hesablanmış 5 faiz məbləğində əlavənin, yəni 725 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi və cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının pozulması nəticəsində vurulmuş mənəvi ziyanın 50 000 manat məbləğində dəyərləndirilməsi və həmin məbləğin cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2013-cü ildən iddiaçı ilə cavabdeh bank arasında müvafiq əmək müqaviləsinə əsasən orada əmək fəaliyyəti ilə məşğul olmuşdur. 12.09.2019-cu il tarixdən Xaçmaz fılialının müdir vəzifəsinə təyin olunaraq əmək fəaliyyətini davam etdirməyə başlamışdır. Bununla bağlı müvafiq əmək müqaviləsi bağlanmış və həmin vəzifə üzrə əmək haqqı hər ay 2700 manat təşkil etmişdir. İşçi çatışmazlığlı səbəbindən, 16 sentyabr 2019-cu il tarixdən etibarən həm Xaçmaz filialının, həm də Bankın Qusar filialının müdiri vəzifəsini də həyata keçirməyə başlamışdır. Bu zaman Qusar filialının müdiri vəzifəsi vakant olduğundan və filialın işlərinin dayanmaması üçün həmin vəzifəni də əvəz edirdi. Həmin fəaliyyəti həyata keçirən vaxtlarda filial müdirlərinin vəzifəsi üzrə vergi və digər məcburi ödənişlər çıxılmadan vahid əmək haqqı cədvəli üzrə vəzifə maaşı 2700 manat təşkil etmişdir. Qusar filailının müdiri vəzifəsinin əvəz etməsi 24 avqust 2020-ci il tarixə kimi olmuşdur. Bu isə onu bildirir ki, artıq cavabdeh Bankda həm öz əmək funksiyasını (yəni Xaçmaz filialının müdiri vəsifəsini) yerinə yetirməklə, həm də digər vəzifənin də yerinə yetirilmişdir. Buna baxmayaraq, işlədiyi bu müddət ərzində Qusar filialının müdiri kimi hər ay ona ödənilməli olan 2 700 manat əmək haqqı ödənilməmişdir. 24.08.2020-ci il tarixdə iddiaçının Qusar filailının müdiri vəzifəsini əvəz etməsi ilə bağlı münasibətlərə xitam verilmişdir. 01.02.2021-ci il tarixdə iddiaçı Xaçmaz filialının müdiri vəzifəsindən azad edilərək həmin tarixdə Bankın Yasamal filialında biznes satışı üzrə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. 01.04.2021-ci il tarixdə iddiaçı ilə bank arasında bağlanmış əmək müqaviləsinə AR-nın ƏM-nin 68-ci maddəsinə əsasən xitam verilmişdir. Banka müraciət etməsinə baxmayaraq, 16.09.2019-cu il tarixdən Xaçmaz filialının müdir vəzifəsində olduğu müddətdə həm də Bankın Qusar filialının müdiri vəzifəsini yerinə yetirdiyi müddətdə ödənilməli olan əmək haqqını tələb etsə də ödəniş edilməmişdir. İddiaçı AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 şikayət etmişdir. Müfəttişlikdə müvafiq araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, cavabdeh təşkilat AR-nın İXMnin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, X16 sədri X10 barəsində müvafiq inzibati tənbeh verilmişdir. Bu barədə 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 04.08.2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı Xaçmaz filialının müdiri işlədiyi müddət ərzində Qusar filialının da müdirinin səlahiyyətlərini icra etmək həvalə edilmişdir. Lakin İddiaçı ona etibar edilən vəzifəni icra edərkən əmək vəzifələrini layiqincə yerinə yetirməmişdir. Belə ki, İddiaçı Qusar filialının idarəçiliyi üzrə şübhələr yarandığı üçün filialda audit yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsinə əsasən İddiaçı faktiki olaraq Qusar filialında olmadığı, yalnız həftədə bir dəfə müvafiq sənədləri imzalamaq üçün Qusar filialına getdiyi müəyyən olunmuşdur. Qeyd olunan hal aşkar edildikdən sonra filial işçilərindən müvafiq izahatlar alınmış və filialın idarəçiliyinin faktiki filial müdirinə namizəd olan, X19 attestasiyasını gözlədiyindən de-yure sənədlərə imza edə bilməyən Bankın əməkdaşı Samir Həsənov tərəfindən həyata keçirilməsi təsdiq edilmişdir. Yəni İddiaçı öz əmək vəzifələrini faktiki olaraq icra etməmişdir. Audit yoxlaması zamanı Qusar filialının əməkdaşlarının izahatına əsasən İddiaçı həftədə bir dəfə Qusar filialına gələrək təxminən 3-5 saat ərzində sənədləri imzalayaraq Xaçmaz filialına qayıtmışdır. Bu müddət ərzində kassa iki nəfər - X4 və kassa müdiri X17 tərəfindən açılıb-bağlanmışdır. İddiaçı bu prosedurlarda iştirak etməmişdir. Halbuki, həmin prosedurları icra etmək birbaşa İddiaçı vəzifə borcu idi. İşlədiyi müddət ərzində istər Daxili audit deparamentinin yoxlamaları zamanı, istərsə də Qusar filialı tərəfindən rübdə bir dəfə aparılan qəfləti kassa yoxlamaları zamanı İddiaçı təftiş olunan məkanda iştirak etməmiş və həmin aktları imzalamamışdır. Əməkdaşlardan alınan izahatların cavabı olaraq İddiaçı həmin qeydlərlə razı olduğunu bildirmiş və irad bildirilən faktlarla razılaşaraq həmin faktları öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı öz etirafı ilə tam təsdiq olunmuşdur ki, o, Qusar filialının müdirini əvəz edərkən öz əmək vəzifələrini faktiki olaraq icra etməmişdir. Filial müdiri vəzifəsinə təyin olunan şəxs attestasiya üçün AR Mərkəzi Bankına göndərilir. Mərkəzi Bank tərəfindən bu barədə müvafiq müsbət cavab gəldikdən sonra, şəxs filial müdiri vəzifəsinə təsdiq olunur. Lakin işəgötürən tərəfindən 2019-cu ilin oktyabr-noyabr aylarında işçilərin attestasiya olunması üçün Mərkəzi Banka müraciət olunmasına baxmayaraq Mərkəzi Bank tərəfindən pandemiya ilə bağlı attestasiyanın keçirilməsi gecikdirilmişdir. Bu səbəbdən İddiaçı həmin vəzifədə əvəz etmə müddəti işəgötürəndən asılı olmayan səbəblərdən uzanmışdır. Bu müddətin Bankdan asılı olmayan səbəblərdən uzadılması Qusar filialına vaxtında müdirin təyin edilməsinə mane olmuş, eyni zamanda İddiaçı formal olaraq həmin vəzifəni icra etməsinin uzadılmasına səbəb olmuşdur. Faktiki olaraq, filialda filial müdiri vəzifələrini icra edən əməkdaş (Samir Həsənov) mövcud idi (yəni işə götürülmüşdür), lakin yuxarıda qeyd edilən səbəblərə görə sözügedən əvəzetmənin müddəti formal (sənəd üzərində) olaraq uzanmışdır. Qanunvericiliyin tələblərinə əsasən boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi üç aydan çox olmamaq şərtilə müəyyən edilməli idi. X19 attestasiyasının keçirilməsinin yubanması nəticəsində İddiaçı əvəz etmə əmri 9 ay yarım, yəni 49 həftə davam etmişdir. İddiaçı həftədə bir dəfə 3-4 saat Qusar filialına gəlmiş, yığılmış müqavilələrə və digər zəruri sənədlərə imza etmişdir. Beləliklə İddiaçı təxminən 196 saat iş yerində olmuş və əmək funksiyalarını icra etmişdir. 196 saat 24,5 günü özündə ehtiva edir və nəzərə alsaq ki, İddiaçı 4 gün əmək məzuniyyətindən istifadə edib, o zaman iş günlərinin sayı ortalama 1 ay müəyyən olunur. Və beləliklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada İddiaçı Qusar filialının müdirinin bir aylıq əmək haqqısının yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilə bilər. İddiaçı öz tələbində Xaçmaz filialının müdirinin əmək haqqısını əsas götürərək hesablama aparmışdır, halbuki, hesablama Qusar filialının əmək haqqısına uyğun aparılmalıdır. Belə ki, Qusar filialının müdirinin əmək haqqı ilə Xaçmaz filialının müdirinin əmək haqqı arasında fərq vardır. Qusar filialının sabiq müdirinin əmək haqqı qanunda nəzərdə tutulmuş çıxılmalarla birlikdə 2,225 manat təşkil etdiyi halda, Xaçmaz filialının müdirinin əmək haqqısı 2,705 manat olmuşdur. İddiaçı öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsi öz etirafı ilə də təsdiq olunur. İddiaçı əvəzçilik üzrə əmrindən də görünür ki, ona şifahi razılaşmaya uyğun olaraq əmək haqqı nəzərdə tutulmayıb. İddiaçı əvəzetmə müddəti ərzində öz əmək funksiyalarını lazımınca yerinə yetirmədiyi üçün o, əvəz etdiyi müddət üçün əmək haqqının tam şəkildə ona ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. İddiaçı əvəz etdiyi müddət ərzində iyul-avqust aylarında 20 gün müvəqqəti əmək qabiliyyəti olmamış və 4 iş günü əmək məzuniyyətində olmuşdur. Bundan başqa qeyd olunduğu kimi İddiaçı əvəzetmə üzrə vəzifəsini həftədə cəmi 4 saat icra etmişdir. Belə olan halda, bu fakt da əmək haqqı hesablanarkən nəzərə alınmalıdır. Bu səbəbdən əgər İddiaçı tələbi haqlı hesab edilsə belə, işəgötürənin üzərinə tələb olunan məbləğin ödənilməsi deyil, əvəz etdiyi müddət üçün əmək haqqının hesablanaraq ödənilməsi vəzifəsi qoyula bilər. Belə bir vəzifənin qoyulmasının qanuniliyi həmçinin ondan irəli gəlir ki, əmək haqqı məbləğinə qeyd olunduğu kimi eyni zamanda çıxılmalar (gəlir vergisi, sosial sığorta haqları, işsizlik haqqı, icbari tibbi sığorta və sair) da daxildir. Bu səbəbdən əgər işəgötürənin üzərinə müəyyən məbləğin ödənilməsi vəzifəsi qoyularsa, bu halda işəgötürən həmin tutmaları əmək haqqı məbləğindən tuta bilməyəcək. Mənəvi zərərlə bağlı qeyd edilir ki, AR ƏM-nin 290-cı maddəsinin qeyd hissəsində göstərilir ki, mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılası, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 iddianı qəbul etmədi və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli **********3 saylı məktubdan müəyyən olunur ki, İddiaçı son haqq-hesabının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günündə, düzgün hesablanıb ödənilmədiyindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti AR-nın İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, X16 sədri X10 barəsində müvafiq inzibati tənbeh verilmişdir. Bu barədə 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Qusar filialının müdiri Oruc X1 Qusar filialına müdir təyin aktda göstərilən qiymətlilərin və sənədlərin təhvil-təslimini həyata keçirmişlər. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, İddiaçı əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı 25.11.2020-ci il tarixdən 27.11.2020-ci il tarixə, 28.11.2020-ci il tarixdən 30.11.2020-ci il tarixədək, 01.12.2020-ci il tarixdən 18.12.2020-ci il tarixdədək, 19.12.2020-ci il tarixdən 05.01.2021-ci il tarixədək və 06.01.2021-ci il tarixdən 11.01.2021-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 18.06.2021-ci il tarixli 001/015/2976/2021 saylı məktubdan müəyyən olunur ki, Qusar filialının müdiri vəzifələrinin müvəqqəti icrası İddiaçı həvalə edildiyi vaxt İddiaçı işəgötürənə AR ƏM-nin 162-ci maddəsində nəzərdə tutulan əlavənin müəyyən edilməsi barədə müraciət etməmişdir və bu səbəbdən işəgötürənlə İddiaçı arasında həmin əlavənin müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, X7 qərarı qanuni qüvvəsini almamışdır və cavabdeh tərəfindən rnübahisələndirilmişdir. Belə ki, işəgötürənlə işçi arasında yaranmış fərdi əmək mübahisəsinə məhkəmə tərəfindən baxılır. Bu səbəbdən mübahisələrin həlli məqsədilə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Qusar filialının əməliyyatlar üzrə böyük mütəxəssisi X6 tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş izahat və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Qusar filialının kassa müdiri X17 tərəfindən 12 yanvar 2021-ci il tarixdə verilmiş izahatdan müəyyən olunur ki, İddiaçı 12.09.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək Qusar filialının müdiri vəzifələrini müvəqqəti icra edən müddətdə hər həftə bir gün Qusar filialına gedərək təxminən 3-5 saat ərzində sənədləri imzalayaraq Xaçmaz filialına qayıtmışdır. Bu müddət ərzində kassa X6 və X17 tərəfindən açılıb-bağlanılmışdır. Aparılan yoxmalar zamanı da İddiaçı iştirak etməmişdir və yoxmaların nəticəsi ilə bağlı aktlarda imzaları yoxdur. İş materiallarında olan 01.08.2017-ci il tarixli 015/0715/2017/1 nömrəli əmək haqqına əlavə haqqında əmrdən müəyyən olunur ki, Xaçmaz filialının müdirinin əmək haqqı, 01 avqust 2017-ci il tarixdən 2705 manat, Qusar filialının müdirinin əmək haqqı 01 avqust 2017-ci il tarixdən 2225 manat müəyyən edilmişdir. İş materiallarında olan 31.10.2019-cu il tarixli 015/1403/2019 saylı əmrdən müəyyən olunur ki, İddiaçı 01.11.2019-cu il tarixdən 30.11.2019-cu il tarixinədək qeyri iş günləri daxil olmamaqla Xaçmaz şəhərinə ezam olunması əmri verilmişdir. İş materiallarında olan 27.11.2019-cu il tarixli 015/1542/2019 nömrəli əmrdən müəyyən olunur ki, Qusar filialının müdiri vəzifələrinin müvəqqəti icrası 01.12.2019-cu il tarixdən Xaçmaz filialının müdiri İddiaçı həvalə edilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli 015/0360/2021 nömrəli əmrdən müəyyən olunur ki, İddiaçı Yasamal filialının biznes satış üzrə böyük mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, 01 aprel 2021-ci il tarixdən xitam verilmişdir. İşçiyə 26.04.20187-26.04.2019-cu iş ili üçün istifadə etmədiyi 23 təqvim günü, 26.04.2019-26.04.2020-ci iş ili üçün istifadə etmədiyi 30 təqvim günü, 26.04.2020- 26.04.2021-ci iş ili üçün istifadə etmədiyi 28 təqvim günü, cəmi 81 təqvim günü əmək məzuniyyəti günləri əvəzinə kompensasiya ödənilməsi əmri verilmişdir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya Cavabdeh ASC-nin Xaçmaz filialının müdiri işlədiyi müddət ərzində Qusar filialının da müdirinin səlahiyyətlərini icra etmək həvalə edilmişdir. Həmin vəzifəni icra etməsinə görə iddiaçı ilə işəgötürən arasında əlavə əmək haqqının ödənilməsi ilə bağlı hər hansı razılaşma olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 61-ci maddəsinə görə, 1.Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. 162-ci maddəyə görə,

1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının maddi ziyan (ödənilməyən əmək haqqı) ilə bağlı iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, iddiaçıya əlavə vəzifə həvalə edilməsinə baxmayaraq, o, bu vəzifəni icra etməmiş, işəgötürən tərəfindən filialda aparılmış yoxlamanın nəticəsində bu hal təsdiq edilmişdir. Eyni zamanda iddiaçıya əlavə vəzifə icra həvalə edilərkən şifahi razılaşmaya əsasən əmək haqqı nəzərdə tutulmamışdır. İddiaçı bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə əmək haqqının ödənilməsi barədə iddia tələbləri ilə razılaşmır və bu tələblərin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə tərəfin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim etdiyindən iddia bu hissədə də təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar