Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3561/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 32/02 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 avqust 2015-ci il tarixdə Cavabdeh2 BOKT ASC-dən illik 28 faiz olmaqla 60 ay müddətinə kredit müqaviləsi bağlayaraq 28000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, həmin vaxtı krediti dolların həmin vaxt manata məzənnəsi ilə 0,78 manat olarkən götürmüşdür. Devalvasiya nəticəsində dolların qiyməti qalxmış, ona görə də o kredit müqaviləsində göstərilən şərtləri tam yerinə yetirə bilməmişdir. Buna görə də onun Cavabdeh2 BOKT ASC-yə 18 aprel 2018-ci il tarixinədək 24347,70 ABŞ dolları əsas borc, 12781,57 ABŞ dolları faiz, 14766 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51885,27 ABŞ dolları məbləğində borcu yaranmışdır. Borcu ödəmək imkanı olmadığından bankın iddiasına əsasən, həmin borcun ödənilməsi məhkəmə qaydasında həyata keçirilmiş və tutma onun mülkiyyətində olan evə yönəldilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 14 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən, onun üzərində 24287,85 ABŞ dolları əsas borc, 11996,69 ABŞ dolları faiz borcun tutulması qət edilmişdir. İpoteka predmeti olan onun evinin ilkin bazar satış qiyməti 54000 ABŞ dolları müəyyən edilmişdir. O, həmin məbləğlə istər birinci instansiya məhkəməsində, istərsə də Apelyasiya Məhkəməsindən razı deyildi. Dəfələrlə vəsatətlər qaldırmışdır ki, onun mənzilinin ilkin satış qiyməti 80-90 min manatdır. Qiymətləndirmə ilə razı deyildir. Ancaq onun vəsatətlərinə məhəl qoyan olmamışdır. İş icraya yönəldilmişdir. Bundan sonra da o, banka olan borcunu ödəyə bilməmişdir. Ona görə də onun evi hərracda satılmışdır. Hərracdan sonra ona göndərilən hərrac protokolundan görünür ki, 54000 manat qiymətləndirilən ona məxsus mənzilin qiyməti 20000 ABŞ dollarından çox aşağı salınaraq 34425 ABŞ dolları qiymətləndirilərək Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X1. Hərrac mülki qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Ona görə ki, o, hərracın keçirilməsi və təşkili qaydası ilə tanış edilməli və hərrac keçirilən zaman iştirak etməli idi. O, müəyyən edilmiş və qəbul edilmiş 54000 manat dəyərində olan evinin 34425 manata satılması ilə razı deyildir. Ona görə də həmin hərrac protokolu etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 14 avqust 2019cu il tarixli 2(105)-532/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əsas borc üzrə 24287,85 (iyirmi dörd min iki yüz səksən yeddi dollar səksən beş sent) ABŞ dolları, faiz borcu üzrə 11996,69 (on bir min doqquz yüz doxsan altı dollar altmış doqquz sent) ABŞ dolları pulun tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin hərracın yekunları barədə 32/02 saylı 27 aprel 2021-ci il tarixli protokolundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) ilkin satış qiyməti 54000 manat, təkrar hərracdakı satış qiyməti 45900 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı qiymətlə 34425 manata satılmışdır. İş materiallarında olan hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) üçün hərracın keçirilmə vaxtı 19 mart 2021-ci il saat 11:00-17:00-dək. İlkin satış qiyməti 54000 (əlli dörd min) manat. İş materiallarında olan hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 4 (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) üçün hərracın keçirilmə vaxtı 08 aprel 2021-ci il saat 11:00-17:00-dək. İlkin satış qiyməti 45900 manat. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan FM exoress kuryer xidmətləri mədaxil qəbzlərinin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər 23.02.2021-ci il tarixdə, 30.03.2021-ci il tarixlərdə İddiaçı yaşadığı ünvan 1 ünvana çatdırılmış və imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 237, 241 və 243 saylı tirajlarında hərracın keçirilməsinə dair məlumat yerləşdirilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 BOKT ASC-nin arasında bağlanmış 07 avqust 2015-ci il tarixli kredit müqaviləsinə görə ABŞ dolları ilə götürdüyü kredit öhdəliyini yerinə yetirmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-532/2019 saylı 14 avqust 2019-cu il tarixli icra sənədi üzrə iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) açıq hərracdan satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən hərraclar keçirilmişdir. İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) 54000 manat məbləğində açıq hərracda ilkin satış qiyməti ilə razı deyil. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 saylı mənzilin (yeni qaydalarla Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, 1 saylı mənzil) açıq hərracdan satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 532/2019 saylı 14 avqust 2019-cu il tarixli icra sənədi üzrə hərraclar keçirilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 532/2019 saylı 14 avqust 2019-cu il tarixli qətnaməsindən də aydın olur ki, mübahisəli əmlakın satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3561/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3561/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver