Məhkəmə qərarları › İş №2(005)-3578/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3578/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3578/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı X3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “kirayə haqqı və kirayə münasibətlərinə xitam verilməklə cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “kirayə haqqı və kirayə münasibətlərinə xitam verilməklə cavabdehin evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzildən Cavabdeh kirayə hüquq münasibətlərinə xitam verilməklə mənzildən çıxarılması, 1 illik ödənilməmiş kirayə haqqı məbləğində 3000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzil iddiaçının mülkiyyətindədir və həmin mənzil iddiaçının adına dövlət reyestrində qeydə qeydə alınaraq Seriya MA ******* saylı Çıxarış verilmişdir. İddiaçı 7 il əvvəl ailə üzvləri ilə birgə Türkiyə Respublikasına işləməyə getmişlər. Həmin vaxt, onlar Türkiyə Respublikasına getməzdən əvvəl yuxarıda qeyd olunan 510 saylı mənzili ailə üzvləri ilə birgə cavabdehə kirayə vermişdir. Tərəflər arasında yazılı kirayə müqavilə bağlanmasa da, onlar aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh həmin mənzildə kirayədə qalmasına görə aylıq 250 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin 1 il olar ki, cavabdeh nə mənzilə görə kirayə haqqı ödəyir, nə də mənzildən çıxır. Bu hal isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Onu da qeyd edir ki, tərəflər arasındakı kirayə münasibətləri şifahi müqaviləyə əsaslandığından, xəbərdarlıq da şifahi edilmişdir. Xəbərdarığa cavab olaraq cavabdeh bildirmişdir ki, pandemiya ilə bağlı ödəniş edə bilmir. Yuxarıda göstərilən maddi hüquq normaları işin hallarına tətbiq edərək hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə dair kirayə münasibətinə xitam verilməklə mənzildən çıxarılmalı, 1 illik kirayə haqqının məbləği olan 3000 (250x 12 ay=3 000) manat iddiaçıya ödənilməlidir. İddiaçı X3 nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli, MA seriyalı, çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148, mənzil 510 mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 19399 nömrəli vərəqində qeydiyyat alınmışdır. 134 saylı MKİS-in 16.05.2021-ci il tarixli, 153 №-li arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148, mənzil 510-da X7, X2, X8 və X10 qeydiyyatdadırlar. 28 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, X5 tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzil iddiaçı X3 mülkiyyətindədir və həmin mənzilin iddiaçının adına dövlət reyestrində qeydə qeydə alınmasına dair Seriya MA ******* saylı Çıxarış verilmişdir. İddiaçı qeyd edilən mənzili Cavabdeh aylıq 250 manat kirayə haqqı ödənilməklə kirayə verdiyini iddia edir. Hazırda iddiaçı X7 məhkəməyə müraciət edərək, iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzildən Cavabdeh kirayə hüquq münasibətlərinə xitam verilməklə mənzildən çıxarılması, 1 illik ödənilməmiş kirayə haqqı məbləğində 3000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə baxışında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148, mənzil 510-dən mülkiyyətçinin iradəsinə zidd olaraq oradan istifadə edir. Cavabdeh şəxsin hazırda həmin yaşayış sahəsindən istifadə etməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdeh yaşayış sahəsindən çıxarılmalı və müvafiq mənzil iddiaçı X4 təhvil verilməlidir. İddia tələbini kirayə münasibətlərinə xitam verilməsi və 3000 manat kirayə haqqının ödənilməsi hissəsində məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında kirayə münasibətlərinin yarandığını təsdiq edən müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə qarşısında sübuta yetirilməmişdir. Qeyd edilən müqavilə münasibətlərinin yarandığı sübuta yetirilmədiyindən kirayə münasibətlərinə xitam verilməsi və kirayə pulunun tutulması da mümkünsüzdür və iddia bu hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən -Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 676.0.4. yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzildən çıxarılmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, X4 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsi, ev 148-də yerləşən 510 saylı mənzildən çıxarılsın. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı X3 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar