Məhkəmə qərarları › İş №2(005)-3579/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3579/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3579/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2ə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2ə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Koroğlu Rəhimov küçəsində 12/18 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 2020-ci ilin iyun tarixindən 2021-ci ilin iyul ayınadək ödənilməli olan aylıq 350 manat kirayə haqqı və mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, ödənilməmiş 350 manat olmaqla, cəmi 4900 manat məbləğində pul məbləği, 2021-ci ilin avqust ayından mənzilin iddiaçıya təhvil verilənədək hər ay 350 manat kirayə haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 05.10.2001-ci il tarixli, Seriya FM N9 010264 saylı "Qeydiyyat vəsiqəsi"nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında qeyd edilmişdir. 2020-ci ilin iyun ayında Cavabdeh1-nin nümayəndələri iddiaçının yaşadığı əraziyə gələrək, yaşadığı mənzillərin pilot layihə ilə əlaqədar sökülüb yerində yeni mənzillər tikiləcəyi və iddiaçının həmin binada mənzillə təmin ediləcəyi bildirildi. Bundan sonra cavabdeh tikinti şirkəti tərəfindən mənzillər sökülməyə başlanıldı və iddiaçıya də müqavilə bağlanacağı deyildi. İddiaçı kirayə mənzil tutub, mənzilində yerləşən əşyalarını köçürmüşdür. Qonşu mənzillər tamamilə söküldü. 2020-ci ilin noyabrında həm Cavabdeh2, həm də Cavabdeh1 iddiaçıya bildirdi ki, onun mənzilinin birinci mərtəbəsində Malakan dini icması söküntü aparmağa razı olmadığı üçün onun mənzilində hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmur. Bütün bu müddət ərzində keçirdiyi stressdən ağır xəstəlik tapmışdır. Ev söküntüyə məruz qalandan iddiaçı müalicədədir. Artıq kirayə xərclərini belə qarşılaya bilmir. Bu səbəbdən Bakı şəhəri, Koroğlu Rəhimov küçəsində 12/18 ünvanında yerləşən mənzilin sökülməsi ilə əlaqədar 2020-ci ilin iyun tarixindən 2021-ci ilin iyul ayınadək ödənilməli olan aylıq 350 manat kirayə haqqı olmaqla 4550 manat, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 350 manat, cəmi 4900 manat məbləğində pul məbləği, 2021-ci ilin avqust ayından mənzilin iddiaçıya təhvil verilənədək hər ay 350 manat kirayə haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhər Cavabdeh2 Başçısının 04.04.2018-ci il tarixli 139 nömrəli Sərəncamından müəyyən edilir ki, B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 010264 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (indiki K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhər Cavabdeh2 tərəfindən 17 iyun 2021-ci il tarixdə İddiaçı ünvanlanmış cavab məktubundan müəyyən edilir ki, sözügedən evin yerləşdiyi ərazidə tikinti işlərini aparan Cavabdeh1-dən əldə etdikləri rəsmi məlumatdan müəyyən edilmişdir ki, yeni yüksəkmərtəbəli binaların tikintisi üçün həmin MMC-nə ayrılmış torpaq sahəsində yerləşən, qəzalı vəziyyətdə olan iki mərtəbəli binanın birinci mərtəbəsində "Molokan ruhani-xristian”. Dini İcmasının mülkiyyətində “ibadət evi” mövcuddur. İddiaçı mənzil isə həmin binanın ikinci mərtəbəsində mövcud olan dörd mənzildən biridir. Həmin icmanın rəhbərliyi tərəfindən onlara təklif olunmuş yeni, müasir qeyri-yaşayış sahəsinə köçməsinə imtina edilmiş və bu səbəbdən sifarişçi tikinti təşkilatı tərəfindən həmin binanın əsaslı təmir olunaraq saxlanılması qərara alınmışdır. Bunu əsas gətirərək şirkət həmin binada yerləşən mənzillərin, həmçinin İddiaçı məxsus evin əvəzləndirilməsini məqsədəuyğun hesab etməmişdir. Bütün bunlar tikinti şirkəti tərəfindən İddiaçı izah edilmiş, binada yüksək zövqlə və sürətlə aparılan təmir-bərpa işlərinin qısa müddətdə başa çatdırılmasına zəmanət verilmişdir. İddiaçı özünü bu prosesdə zərərçəkmiş hesab etdiyi təqdirdə hüquq və mənafelərinin, həmçinin qanunla qorunan maraqlarının təmin olunması üçün məhkəmə orqanlarının müdafiəsindən yararlana bilməsi izah edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış pretenziya məktubundan müəyyən olunur ki, 2020-ci iyun ayından Cavabdeh1 tərəfindən yaşadığı evin söküntüsünə başlanıldı və iddiaçı evini tərk etmək məcburiyyətində qaldı. 2020-ci ilin iyun ayından kirayədə qalır və maddi imkanı bunu ödəməyə imkan vermir. Cavabdeh2 başçısının 04.04.2018-ci il tarixli 139 saylı Sərəncamı ilə Bakuvi 20, 22, 24, 26, 28, 30, 32 Balaəmi Dadaşov 5, 7, 9, 11, 13, 15, 17, 19, K.Rəhimov 10, 12/18 və Qafur Rəşad 13, 15 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları və qanunvericilik müddəalarını nəzərə alaraq, K.Rəhimov 12/18 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar 2020-ci ilin iyun ayından etibarən 2 otaqlı mənzil üçün nəzərdə tutulmuş kirayə haqqının hesablanaraq, 10 (on) gün müddətində iddiaçıya ödənilməsini xahiş etmiş, əks təqdirdə, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı İnzibati məhkəməsinə ünvanlanmış etirazın mətnindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Cavabdeh2 Başçısı 21.08.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək onların yerində yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bundan əvvəl isə Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 02.10.2017-ci il tarixli 393 saylı göstərilən ərazidə hüdürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam verilmişdir. Sərəncamlar "xxxx" MTK tərəfindən qanunvericiliyin norma və tələblərinin qorunması ilə icra edilmişdir. Bütün sənədləşmələr tikinti norma və qaydalarının tələbləri çərçivəsində aparılmışdır. Nərimanov rayonu İcra hakimiyyəti tərəfindən 2.15 ha torpaq sahəsi 17.10.2017-ci il tarixli 20/17 saylı torpaq sahəsinin Ayrıc Aktı ilə Cavid- 2016” MTK üçün ayrılmışdır. Tikintinin layihə sənədləri AR FHN Nazirliyinin Tikintidə Təhlükəsizliyə X2 müvafiq ekspertiza mərkəzində ekspertizadan müsbət rəy almaqla keçmişdir. Dövlət şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dö\lət Reyestri Tikinti Obyektlərinə verilən koda dair “Cavid-2016“MTK-ya (o zaman MMC) şəhadətnamə verilmişdir. Həmin ərazidən 200-dən artıq ailə ilə müqavilə imzalanmış və həmin ailələr müvəqqəti yaşayış yerlərinə köçürülmüşdür. ünvan 3 ünvanda yerləşən istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Cavabdeh2in Başçısının 02.10.2017-ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdınimış 20\17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 5 ailənin mülkiyyətində olan 5 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də İddiaçı məxsusdur. Həmin ailələrdən 4-ü ilə müqavilə bağlanmış və mənzilləri söküntü üçün qəbul edilmişdir. İddiaçı ilə isə həmin mənzildə yaşamadıqları üçün onlarla əlaqə yarada bilməmişlər və bu səbəbdən də müqavilə bağlanmamışdır. Bundan başqa Malakan Dini icması ilə aparılan danışıqlar müqavilə bağlanılması üçün nəticə vermədi. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmalarına qərar verdilər. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət onların qərarına hörmətlə yanaşmış və tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etməmişlər. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal- hazıra kimi sökülməmiş qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapı-pəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alıb Cavabdeh1 həmin mənzilləri və binanı öz hesablarına təmir etmişlər. Erroziyaya uğramış dəmir pilləkənlər dəmir-beton konstmksiyalı pilləkənlərlə əvəz olunmuşdur, binanın dayanıqlılığını təmin etmək məqsədi ilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir.Sanitar qovşaqlar tikilmişdir ki, əvvəllər burada sanitar qovşaq olmamışdır, yaxud da tam yarasız vəziyyətədə olmuşdur. Hal-hazırda ərazidə təmir-bərpa işləri yekunlaşmışdır və X1 öz mənzilindən sərbəst istifadəsi üçün heç bir maneə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2ə qarşı kirayə haqqı və pul tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, İddiaçı tərəf iddia tələbini əsaslandırdıqları halları sübutlar vasitəsi ilə təsdiq edə bilmədi. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2ə qarşı kirayə haqqı və pul tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2ə qarşı kirayə haqqı və pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar