Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3587/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMMC və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMMC-nin reyestr məlumatlarında dəyişiklik edilməsi üçün Cavabdeh2 tərəfindən “Nərimanov-6“ MMMC-nin adından tərtib edilmiş ümumi yığıncağının 20.05.2021-ci il tarixli qərarın (protokolu) etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Nərimanov - 6" MMMC ünvan 1 ünvanda yerləşən bina sakinlərinin tərəfindən yaradılmış və fəaliyyəti qeyd olunan binaya kommunal xidmət göstərməkdən ibarətdir. MMMC adı keçən bina sakinlərinin (mənzil mülkiyyətçilərin) əksəriyyətinin ümumi razılığına əsasən təsis olunmuş və 31.08.2017-ci il tarixdə 1117-MM4-0060 nömrə ilə Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. MMMC-nin sədri (qanuni təmsilçi) olaraq o, İddiaçı qeydiyyata alınmışdır. Cavabdeh2 bina sakinlərindən biridir. O, həm də MMMC-nin işlətmə müdiri (direktor) vəzifəsinə təyin edilmişdir. Xidmət haqlarının yığılması, binaya xidmətlə bağlı xərclərə baxılması və s. onun vəzifə səlahiyyətlərinə aid edilmişdir. Sakin və icarəçilərdən yığdığı pulların xərclərilə bağlı hesabat verməkdən yayınmaq üçün 2019-cu ilin iyun ayından işə çıxmaqdan qərəzli boyun qaçırırdı. Daha sonra da 19.07.2020-ci il tarixdən, 15.08.2020-ci il tarixə kimi xəstəliyi ilə bağlı izolyasiya olması barədə həkim arayışı təqdim etmişdir. Bundan sonra da xəstəyəm deyə 2 ay fasiləsiz işə çıxmamış, vəzifəsini icra etməmişdir. Bu baxımdan da MMMC-nin 24.11.2020-ci il tarixli 20K. saylı əmrin ilə onunla mövcud əmək müqaviləsinə 24.11.2020-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı cavabdeh Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(005)-2005/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdeh1 MMMC-nin 24.11.2020-ci il tarixli 20K saylı əmrin ləğv edilməsi, Cavabdeh2 əvəlki vəzifəsinə bərpa olunması, istifadə edilməmiş iki il məzuniyyətə görə pul və məcburi iş buraxma müddəti üçün əmək haqqının MMMC-dən tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh işdən çıxarılandan sonra MMMC-nin binasında yaşadığına görə cəmiyyətin adına gələn bildiriş və məktubları özü qəbul etdiyindən məhkəmədən və eləcədə hazırda mübahisələndirilən protokol əsasında aparılmış reyestrdə dəyişikliklə bağlı vaxtında xəbər tuta bilməmişlər. Həmin qətnamədən apellyasiya şikayəti vermə ərəfəsində reyestrdə sədrlə bağlı dəyişiklik olduğu ortaya çıxmış və cavabdeh tərəfindən qeydiyyat üçün saxta protokol-qərar tərtib edildiyi ortaya çıxmışdır. Belə ki, reyestrdən verilmiş çıxarışdan görünür ki, MMMC-nin reyestrində dəyişiklik ümumi yığıncağın 20.05.2021-ci il tarixli qərarı və digər sənədlər əsasında aparılmışdır. Qanuni təmsilçi də onun əvəzində Cavabdeh2 özü yazılmışdır. İndi ona məlum olmuşdur ki, mübahisəli qərar və protokol cavabdeh tərəfindən qeydiyyat üçün təqdim edilmişdir. Lakin bununla bağlı hər hansı iclas keçirilməmişdir. Heç keçirilə də bilməzdi. Çünki həmin müddətdə COVİD 19 virusla bağlı karantin şərtləri buna imkan vermirdi. Məhz bununla bağlı olaraq, MMMC-nin 2 ildə keçirilməli olan ümumi yığıncağın iclasının miiddəti uzadılmışdır. Göründüyü kimi cavabdeh özünün şəxsi maraqları dairəsində hərəkət edərək, gizlincə işə bərpa barədə əldə etdiyi qətnamədən şikayət verilməsinə imkan verməmək, ən əsası ələ keçirdiyi xidmət haqlarından yığdığı küllü miqdarda pul vəsaitini əldə saxlamaq niyəti ilə MMMC-nin qeydiyytı ilə bağlı bu şəkildə yanlış dəyişiklərin, saxtalaşdırılmış protokol qərar əsasında həyata keçirmişdir. MMMC-nin qeydiyyat sənədlərində dəyişikliklər, sədrin seçilməsi, qanuni təmsilçinin müəyyən edilməsi kimi məsələlər mənzil mülkiyyətçilərin ümumi iclasının protokolu əsasında, bir sıra məsələlərdə isə səs çoxluğu ilə həll edilir. Lakin cavabdeh tərəfindən qeydiyyata təqdim edilmiş protokol, qərar MMMC-nin üzvlərinin (mənzil mülkiyyətçilərinin) ümumi iclasında qəbul edilməyib, onun özü tərəfindən tərtib edilmişdir. Ona görə də həmin sənədlər etibarsız hesab olunmalıdır. Cavabdeh tərəfindən tərfıb edilərək, qeydiyyatda dəyişiklik üçün təqdim edilmiş sənədlər əsasında onun qanuni təmsilçi, sədrliyinə xitam verildiyindən, bir başa hüquqularına qanunsuz müdaxilə edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 MMMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 MMMC iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 11.06.2021-ci il tarixdə 05/4345-14 № ilə verilmiş X1 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 MMMC 1117-MM4-0060 qeydiyyat nömrə ilə 31.08.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir, əvvəlki qanuni təmsilçi İddiaçı, hazırki qanuni təmsilçi Cavabdeh2dur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2005/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MMMC-nin 24.11.2020-ci il tarixli 20K saylı əmri ləğv edilməsi və Cavabdeh2 əvvəlki vəzifəsinə bərpa olunmalı, Cavabdeh1 MMMC tərəfindən Cavabdeh2 istifadə olunmamış iki il məzuniyyətə görə məzuniyyətə görə məzuniyyət pulu və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, Cavabdeh1 MMMC-dən vəkilin göstərdiyi yardıma görə 210 manat Cavabdeh2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 20 may 2021-ci il tarixli Cavabdeh1 MMMC-nin ümumi yığıncağının qərarından görünür ki, idarə heyəti üzvləri sırasından Cavabdeh2 idarə heyətinin sədri seçilmişdir. Məhkəmə baxışında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Nərimanov - 6" MMMC ünvan 2 ünvanda yerləşən bina sakinlərinin tərəfindən yaradılmış və fəaliyyəti qeyd olunan binaya kommunal xidmət göstərməkdən ibarətdir. Nərimanov - 6" MMMC-nin sədri İddiaçı olmuşdur. Daha sonra 20 may 2021-ci il tarixli Cavabdeh1 MMMC-nin ümumi yığıncağının qərarı ilə idarə heyəti üzvləri sırasından Cavabdeh2 idarə heyətinin sədri seçilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 MMMC-nin reyestr məlumatlarında dəyişiklik edilməsi üçün Cavabdeh2 tərəfindən “Nərimanov-6“ MMMC-nin adından tərtib edilmiş ümumi yığıncağının 20.05.2021-ci il tarixli qərarın (protokolu) etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı şəxslərin hazırkı iddiası əsassızdır, iddiaçı şəxslər müvafiq iddia ərizəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim edə bilməmişlər, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh2 idarə heyəti üzvlərinin ümumi rəyi əsasında idarə heyəti üzvlərinin sırasından sədr seçilmiş və Nərimanov - 6" MMMC-nin iştirakçılarının imzası ilə onun idarə heyətinin sədri seçilməsi təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 20.05.2021-ci il tarixli qərarın etibarsızlığına əsas olacaq hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3587/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3587/2021
18.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver