Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3594/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1nə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən yeni quraşdırılmış sayğacın və istifadə edilmiş qazın dəyəri qismində ondan tələb edilən 486 (dörd yüz səksən altı) manat məbləğində hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 Cavabdeh2ndən şikayətçi olaraq bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixində saat 11:25-də yaşadığı mənzilin blok adlandırılan qapının giriş-çıxış hissəsində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və5550082 nömrəli akt tərtib edilmişdir. Müvafiq akta əsasən “sayğac “ALARM-1” rejmindədir” ilkin baxış rəyi verilmişdir. Sayğac laboratoriyaya göndərilmiş, başqa bir sayğacla əvəz olunmuşdur. Həmin tarixdən sonra ona laboratoriyaya göndərilən müvafiq sayğac haqqında heç bir məlumat verilməmişdir. xx xxxxxxxx 2020-ci il tarixində (təxminən 2 (iki) il sonra) ona Cavabdeh1 İstehsalat Bilriyinin əməkdaşları tərəfindən məlumat verilmişdir ki, qeyd edilən birliyə 486 (dörd yüz səksən altı) manat məbləğində borcu vardır. Belə ki, Cavabdeh1 laboratoriyasının xx xxxxxx 2019-cu il tarixli, 29/1710-02301-3 nömrəli rəyinə əsasən, tipi “İTRON” sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, sayğac “ALARM- 1” rejiminə düşdüyünü iddia edir. Bu akt ilk baxışdan bir il sonra tərtib edilmiş və bu haqda ona xx xxxxxxxx 2020-ci il tarixinədək yenə də heç bir məlumat verilməmişdir (halbuki onun ünvanı bəlli, əlaqə nömrələri də müvafiq bazada mövcuddur). Qeyd edilməlidir ki, keçirilən ilk baxış zamanından ən geci 1 (bir) ay sonra ona sayğac haqqında məlumat daxil olmalı idi. Bu məlumat isə 2 (iki) il sonra daxil olmuşdur. Həmçinin, sayğac mənzilin içində deyil, çöl hissəsində quraşdırılmışdır. O, ünvanda tək yaşayır və sayğacla təması ancaq smart kartdakı balansı yükləmək vaxtı baş verir. Blokun bir neçə mənzilində mütəmadi olaraq təmir işləri aparılırdı və bu onu göstərir ki, sayğaca ziyan onun tərəfindən deyil, məhz ustaların diqqətsizliyi nəticəsində baş vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə, yəni Cavabdeh1 laboratoriyasına sayğacın daxil olduğu vaxtdan təxminən 2 (iki) il sonra (xx xxxxxx 2018-ci il) və aktın tərtib edildiyi vaxtdan 10 (on) ay sonra ona müvafiq problem haqqında məlumat verilmişdir. Elə həmin gün Cavabdeh1 Bakı X3 Departamentinə müraciət etmiş və ona orada sayğaca qəsdən ziyan vurulduğu bildirilmiş, məqsədi isə qazdan pulsuz istifadə etmək olmuşdur. Aktın isə belə bir rəylə ona təqdim olunmasının səbəbi odur ki, 2018-ci ildə 130 (bir yüz otuz) manat, 2019-cu ildə isə onun yarısı qədər qaz sərfiyyətinin olduğu şübhə doğurmuşdur. Bunun inandırıcı olmadığına əsaslanaraq, onu belə bir əsassız və təhqiredici bir ittihamla üz-üzə qoydular. Sayğac smart kart tipli olduğu üçün nə qədər ödəniş edilsə, o qədər də sərfiyyət olunur. Aktın rəyinə əsasən onun Cavabdeh1nə 486 (dörd yüz səksən altı) manat məbləğində əsassız və səbəbsiz borcu vardır. Qeyd edilməlidir ki, o müəllimədir və gününün çox hissəsi məktəbdə, şagirdlərə təlim, tərbiyə və bilik verməklə keçir. Bir müəllimə olaraq şəxsiyyətinin təhqir olunduğunu hesab edir. Laboratoriyanın qərarı ilə qətiyyən razı deyildir. Onun iştirakı, xəbəri və məlumatı olmadan yazılan və 2 (iki) il sonra üzə çıxan bir rəy qanunsuzdur. Bir daha qeyd edilməlidir ki, onun və kürəkəninin əlaqə nömrəsi Cavabdeh1 bazasında qeyd olunmuşdur. Əgər ki, onu sayğaca qəsdən ziyan vurmaqla ittiham edirlər, onda niyə 2018-2019-cu illər ərzində Cavabdeh1 əməkdaşları müvafiq nəzarəti ciddi şəkildə həyata keçirməyib və belə bir hal qəfil baş vermişdir? Bu arada o qazdan normal, sabit bir şəkildə istifadə etmiş, nə qədər smart karta pul yükləmişdirdə, o qədər də qazdan istifadə edilmişdir. Bu kimi əsassız iddialar, rəylər və aktlar Cavabdeh1 əməkdaşlarının işlərinə və tutduğu vəzifələrinə, məsuliyyətsiz və laqeyd yanaşmaqlarından xəbər verir. Abonentin aylıq və illik qaz sərfiyyətinin həcmi (istər qənaət edilsin, istər normadan artıq sərfıyyət olunsun) səbəb göstərilərək belə bir aktın tərtib edilməsi heç nəyə əsaslanmır. Bundan əlavə olaraq qeyd edilməlidir ki, 2020-ci ilin avqust ayının ortalarında təkrarən ona heç bir məlumat verilmədən və xəbərdarlıq edilmədən (halbuki onun əlaqə nömrələri Cavabdeh1 bazasında vardır) naməlum səbəblərdən onun sayğacı təkrarən dəyişdirilmişdir. Cavabdeh1 29/1710-022301-3 nömrəli əsassız tərtib edilmiş aktına əsasən ondan 486 (dörd yüz səksən altı) manat məbləğində vurulmuş ziyanın ödənilməsini tələb edir. Onun müəllimə olaraq aylıq maaşı həmin məbləğdə pul vəsaitinin yarısını təşkil etmir. Belə əsassız aktların tərtib edilməsi artıq kütləvi hal almışdır. Məhkəməyə müraciət edərək öz hüquqlarının bərpa edilməsini tələb edir, həmçinin aktın əsassız olduğunu və məhkəmənin qərarının onun xeyrinə verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən, aktın qərarına xitam verilməsi və yazılan əsassız borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 55 nömrəli evin 2 otaqlı ümumi sahəsi 41,9 kv.metr (yaşayış sahəsi 29,1 kv.metr və yardımçı sahəsi 12,8 kv.metr) olan 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr kitabının 164659 nömrəli vərəqində xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır; Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx xxxxxx 2018-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, ünvan 1 ünvanına yeni saygac guraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən və məzmunundan görünür ki, tipi “İTRON” sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, sayğac “ALARM-1” rejiminə düşdüyü müəyyən edilmişdir; Kodu **********00350 olan İddiaçı Xəlil qızının abonentin saldosundan görünür ki, 486 (dörd yüz səksən altı) manat borc məbləği hesablanmışdır; İddiaçı tərəfindən Cavabdeh1nə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, bu zaman ona heç bir xəbərdarlıq edilməmişdir. Əsassız olaraq 486 (dörd yüz səksən altı) manat məbləğində hesablanmış borc bildirişi verilmişdir. Qeyd edilən məsələnin araşdırılması və müvafiq borcun silinməsi xahiş olunmuşdur; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xəli qızı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 55 nömrəli evin 35 nömrəli mənzilində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Göründüyü kimi, İddiaçı yaşadığı ünvanda “qaz sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu və sayğac “ALARM-1” rejiminə düşdüyü” müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacının element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu və sayğac “ALARM-1” rejiminə düşdüyü üçün müvafiq qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Bu zaman abunəçiyə 486 (dörd yüz səksən altı) manat məbləğində cərimə hesablanaraq, İddiaçı tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, İddiaçı yaşadığı ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə İddiaçı(abonent kodu: **********00350 olan) hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə qaz sayğacının dəyişdirilməsi zamanı müəyyən edilmiş zədəyə görə İddiaçı(abonent kodu: **********00350 olan) hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3594/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3594/2020
29.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver