Məhkəmə qərarları › İş №2(005)-3640/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3640/2021

15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3640/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Rəvan Sığorta ” ASC tərəfindən ona vurulmuş 17.800 (on yeddi min səkkiz yüz) manat, 400 manat ekspertiza xərcinin, 500 manat vəkil xərcinin, 30 manat dövlət rüsumunun və 5.000 (beş min) manat məbləğində mənəvi zərərin cəmi 23.700 (iyirmi üç min yeddi yüz) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o "Ford Focus " markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Fiziki şəxslərin sahibliyində olan avtomobillərinin kasko sığortası üzrə müqaviləsini "xxxx" ASC-lə bağlamışdır. Cavabdeh "xxxx" ASC ilə aralarında 02.11.2019-cu il tarixdə Mİ 011867 saylı sığorta müqaviləsi bağlanmış və “Ford Focus " markalı ** PC *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığorta olunaraq olunaraq, kasko sığorta təminatı almışdır.Sığorta hadisəsinin baş verməsi barədə o,sığortaçıya dərhal məlumat vermişdir. O, dəymiş zərərin məbləği barədə arayışı və hadisə yerinin fiziki və texniki xüsusiyyətlərinin foto çəkilişlərini sığortaçıya göndərmişdir. Lakin ona qiymətləndirmə barədə cavabdeh "xxxx" ASC tərəfindən heç bir sənəd verilməmiş, onu 5 aydan də artıq müddətdə ləngitdikdən sonra ona vurulmuş zərərin cəmi 15000 olduğu bildirilmişdir. Hansıki qəza zamanı avtomodil tam yararsız hala gəlmiş və sığorta şirkəti də etiraf etmişdir ki, avtomobilin dəymiş zərər 75 faizdən çoxdur, yəni bu halda sığorta şirkəti vurulmuş zərəri tam ödəməli olduğu halda (özünün avtomobolə qoyduğu ilkin sığorta qiymətinin 18000 olmasına rəğmən) onundəyərinin guya 15000 olmasını və həmin məbləğdən françiza və qalıq sığorta pulunun çıxdıqdan sonra ona cəmi 9500 manat ödəməli olduğunu bildirməyi təhqiredicidir. Hətta onun dəfələrlə etdiyi müraciətlərə baxmayaraq "xxxx" ASC ona bu qiymətləndirmənin hardan yarandığına dair ona heç bir sənəd verməmişdir. Onda olan məlumata görə sığorta hadisəsi nəticəsində dəyən zərər 20.000 (iyirmi min) manatdan artıq hesablanmışdır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona cəmi 15.000 (on beş m m) manat sığorta ödənişi təklif edilmişdir. O,bu təkliflə razılaşmadığı üçün pulu götürməmişdir. O, cavabdeh "xxxx" ASC-ə müraciət edərək, onun avtomobilinin təmir edilməsini ya da pulun ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ona məxsus olan "Ford Focus " markalı ** PC *** dövlət qeydiyyat nişanlı mink avtomobilinə dəymiş real zərərin məbləğini müəyyənləşdirməmiş və heç bir ödəniş etməmişdir. O, özüavtomobilin real dəyərinin müəyyən edilməsi üçün "X1" müraciət etmiş və onlar tərəfindən verilən 01.12.2020-ci il tarixli 434 nömrəli ekspertiza rəyində “Ford Focus " markalı minik avtomobilinin real bazar dəyərinin 17.800 (on yeddi min səkkiz yüz) manat olduğu müəyyən edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələblərinin hər iki cavabdeh "xxxx" MMC və "xxxx"ASCdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 02.11.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** PC *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobil Mİ-011867 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə' sığortalanmışdır. Qeyd edilir ki, sığortalı avtomobil iddiaçının qeyd etdiyi kimi fiziki şəxslərin sahibliyində olan avtomobil sığortası qaydaları” ilə deyil, “X2 sığortası qaydaları” ilə sığortalanmışdır. Sığortalanmış avtomobil X4 tərəfindən 06.07.2020-ci il tarixdə idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Sığortalı avtomobilə dəymiş zərər tərəflərindən qiymətləndirilmiş və “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş 14.07.2020-ci il tarixli qüsur aktına əsasən ** PC *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş zərər 15910 manat məbləğində müəyyən olunmuşdur. Sığortalı avtomobil "xxxx" MMC-də qiymətləndirilmiş və avtomobilin bazar qiyməti 15000 manat, qalıqların qiyməti 4500 manat məbləğində müəyyən edilmişdir. Avtomobilə dəymiş zərər real bazar qiymətinin 70%-dən artıq olduğundan avtomobil tam məhv hesab edimişdir. Müqavilə şərtlərinə əsasən bu halda 15% azadolma məbləği, 4500 manat avtomobilin qalıq dəyəri, 936 manat sığorta haqqı tutulmaqla sığorta ödənişi 15000-15%-4500- 936=7314 manat məbləğində hesablanmışdır. Sığorta ödənişinin qəbul ediməsi üçün tərəfindən sığortalı və faydalanan şəxs "xxxx" MMC-yə müraciət göndərilmişdir. Sığortalı, hesablanmış sığorta ödənişi məbləği ilə razılaşmış, sığorta ödənişinin qəbul ediməsi və sığorta ödənişi ilə bağlı sənədlərin imzalanması üçün iddiaçıya müvafiq etibarnamə vermişdir. Lakin iddiaçı müvafiq sığorta sənədlərini imzalamadığından bu günədək sığorta ödənişini həyata keçirmək mümkün olmamışdır.Qeyd olunanlardan görünür ki, iddiaçıya müvafiq sığorta ödənişini almaq üçün etibarnamə verilsə də, o qəsdən sığorta ödənişini qəbul etməmişdir. Burada məqsəd iddiaçının əsassız varlanma istəyidir. Belə ki, o təklif olunan sığort ödənişini almadığını əsas gətirərək hazırkı məhkəmə qarşısında mənəvi ziyanı bağlı iddia qaldırmışdır. Halbuki, sığorta ödənişilə bağlı sığortaçı tərəfindən bütün işlər vaxtında aparılmışdır. Bundan əlavə iddia ərizəsinin mətnində hüquqi xidmət üçün ödədiyi məbləği 350 manat, “xahiş edirəm” hissəsində isə 500 manat göstərmişdir. Buradan da görünür ki, iddiaçı hadisə nəticəsində avtomobilə dəymiş real zərərdən əlavə, qazanc əldə etmək məqsədilə absurd məbləğlər uydurur.Qeyd edilənlərə əsasən, Mİ- 011867 saylı sığorta müqaviləsi üzr sığortalı və faydalanan şəxs "xxxx" MMC-dir. İddiaçı sözügdən müqavilə üzrə tərəf olmadığından onu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik hesab etmək mümkün deyildir . Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun dostunun anasıdır. Avtomobil alınandan bəri hadisə baş verən halları ətraflı bilir. Bütün olanlar necə olubsa, deyə bilər. Özü bu məsələlərdə nümayəndə kimi çıxış edib, ixtisasca hüquqşünasdır. Hadisə baş verəndən 3 ay sonra dəvət elədilər ki, gəlin bura hadisəni törədən avtomobil aşkar olunub, orada belə söhbət oldu ki, həmin avtomobilin üzərinə həbs qoyulacaq və sairə. Sonra gəlib şahidə dedilər ki sığorta cəmi 5000 manat ödəyir, soruşdu ki, əgər borc ödənilirsə, problem deyil. Amma iddiaçı bildirdi ki, hələ lizinqə görə borcu qalır, həmin borc da onun üstündə qalır. Üstəlik də həmin məbləğdən 15 % çıxırlar. Üstündən 6 ay keçdikdən sonra Ülviyyə xanımla gediblər sığorta təşkilatına və orada deyilib ki, hələ ki qiymətləndirmə olmayıb. Cavab gələndən sonra xəbər veriləcəkdir. Onlar cavab gəldikdən sonra sığorta təşkilatına gediblər və qiymətləndirmənin 15000 manat olduğunu bildiriblər. Orada sığorta yenə başlayıb ki, 15% çıxılacaq, belə çıxdı ki, Ülviyyə xanım yenə də avtomobilə görə borclu qalacaq. Rəvan Sığorta deyirdi ki, pul hesaba ödəniləcək. Beləliklə ödənişi bir ilə yaxın ləngitdilər. Lizinq şirkətinə də problemlə bağlı müraciət olunmuşdu. Orada şöbə müdiri qəbul etmişdi, söz vermişdi ki, sığorta ilə danışıb sığorta haqqını artıracaq. Sonralar deyirdilər ki, ödənişi sığorta ödəməlidir, onlara aid deyil. Lakin bundan əvvəl deyirdilər ki narahat olmayın sığorta ilə danışacaqlar. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında 02.11.2019-cu il tarixdə sığorta müqaviləsindən görünür ki,** PC *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobil Mİ-011867 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. İş materiallarında olan “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyası tərəfindən tərtib edilmiş 14.07.2020-ci il tarixli qüsur aktından görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı avtomobilə dəymiş zərər 15910 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubun surətində qeyd olunur: "xxxx"ASC tərəfindən sığortalanmış “Ford Focus” marka dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Axundzadə Vaqif Eldar oğlu 04 iyul 2020-ci il tarixdə yöl nəqliyyat hadisəsinə uğramış avtomobilə maddi zərər dəyərək tam məhv kimi qiymətləndirilmişdir. Bağlanmış sığorta müqaviləsi üzrə qeyd olunan avtomobilə dəyən avtomobilin real bazar dəyərinin 70 %-ni təşkil etdiyi üçün avtomobil tam qiymətləndirilmişdir. Belə olan halda avtomobilin real bazar dəyərindən 15%(tam məhv azad,məb) - 4500 AZN (qalıq,dəyəri) - 936AZN (sığ.haq) "xxxx" MMC-nin faydalanan şəxs olduğu nəzərə alınaraq ödənir ödənişinin həyata keçirilməsi üçün müvafiq bank rekvizitlərinizi göndərməyiniz xahiş olunur. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 02.11.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** PC *** dövlət qeydiyyat nişanlı, “Ford Focus” markalı Sığortalanmış avtomobil X4 tərəfindən 06.07.2020-ci il tarixdə idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. İddiaçı qeyd edir ki, hadisə nəticəsində idarə etdiyi avtomobilə 17.800 (on yeddi min səkkiz yüz) manat ziyan dəymişdir. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona cəmi 15.000 (on beş m m) manat sığorta ödənişi təklif edilmişdir. O, bu təkliflə razılaşmadığı üçün pulu götürməmişdir. Cavabdeh "xxxx" ASC iddiaya etiraz edərək, iddiaçının Mİ 011867 saylı sığorta müqaviləsinin tərəfi olmadığından onun hazırkı məhkəmənin predmeti olan iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını lizing müqaviləsi əsasında əldə etdiyi "Ford Focus " markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın aradan qaldırılması üçün cavabdeh "xxxx" ASC və ”Meqa Lizinq”MMC tərəfindən ona sığorta ödənişinin tələb edilməsi təşkil edir. Belə ki, məhkəmədə müəyyən olunur ki, İddiaçı 13.06.20219-cu il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış X2 Sığortası müqaviləsi üzrə sığortalı olan tərəf deyil. Məhkəmə onu qeyd edir ki, iddiaçının “sığorta ödənişinin alınması” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin "xxxx" MMC-ə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatından, mülki işin sübutlarından görünür ki, "xxxx"MMC-nin faydalanan şəxs olduğu nəzərə alınaraq ödənişinin həyata keçirilməsi üçün "xxxx" ASC tərəfindən müvafiq bank rekvizitlərinin, göndərilməsi xahiş olunmuş, lakin bununla bağlı "xxxx" MMC tərəfindən heç bir hərəkət həyata keçirilməmişdir. Belə ki, mülki işin hallarından müəyyən olunur ki, sığorta təşkilatı tərəfindən digər cavabdehə hər hansı ödəniş olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının “sığorta ödənişinin alınması” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidiin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı cavabdehin iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, hazırki mübahisəli məsələ ilə bağlı şahidin verdiyi ifadə hər hansı sübut əhəmiyyətinə malik deyil. Belə ki, onun ifadəsi ilə iddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı iddia irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması halı aradan qaldırıla bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin “ekspertiza xərcinin, vəkilin hüquqi yardım üçün xərcinin və 5.000 (beş min) manat məbləğində mənəvi zərərin” ödənilməsi hissəsinə münasibətdə əlavə araşdırmağa lüzum görməyərək, özünün bu mövqeyini ümumi hüququn “prosessual qənaət” prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar