Məhkəmə qərarları › İş №2(005)-3644/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3644/2020

11.11.2020 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3644/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin dəyişdirilməsi və yaxud daləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2014-cü il tarixdə “xxxxxxxxxxxx” ASC-nin Sumqayıtda yerləşən Şərq filialı şəhər ərazi idarəsi tərəfindən qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 68,16 kvadratmetr ümumi 47,31 kv.m yaşayış sahəsindən ibarət üç otaqlı 9 nömrəli mənzili (çıxarış serya MN № 0028911, Reyestir nömrəsi **********2-05101-093029 qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi xx.xx.2009-cu il) girov qoyub əvəzində istehlak məqsədi ilə ona 36000 (otuz altı min) manat məbləğində kredit verilmişdir. Bununla da tərəflər arasında ödəniş cədvəli tərtib edilmiş və o, da cədvələ uyğun olaraq 2016-cı ilin sentyabr ayına kimi ödənişi vaxtında təmin etməyə çalışmış və hal hazırda da ödənişi az da olsa verir. Göstərilənlərlə əlaqədar müqavilə bağlandıqdan sonra öyrənmişdir ki, Bank onun razılığı, iştirakı olmadan mənzilləri, mənzil və tikinti işlərini bilən, xüsusi ixtisası olan mütəxəsisslər tərəfindən ekspertiza qaydasında, qiymətləndirməyib yəni cavabdeh tərəf gələcəkdə öz maraqlarının daha asan yolla həyata keçirilməsini nəzərdə tutmaq mənzilin yüksək təmir olunmasına əhəmiyyət verməmiş, ümumi bazar qiymətinə uyğun təxminən 90.000 manat əvəzinə müqavilədə 60.000 manata qiymətləndirməyi qeyd etməklə kifayətlənmişdir. Belə bir vəziyyətdə göstərilən Bankın nümayəndələri Azərbaycan Respublikası MPM-sinin 53 maddəsinin tələblərini bilərəkdən pozub onun qanunla qorunan hüquq və mənafelərimə müdaxilə etmişlər. Yəni iddiaçı nəinki iddianın əsasını hətta onun predmetini dəyişmək hüququnu irəli sürə bilər. Beləliklə, ümumi qaydada yaşadığı mənzillərin bazar qiyməti həcmində qiymətləndirilməsi haqqında “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt Şərq bazarı ərazisində yerləşən filialının müdiri Çingiz müəllimə və digər əməkdaşlara müqavilənin dəyişdirilib əmlaka real qiymət qoyulmasını xahiş etsə də, buna əhəmiyyət və cavab verməmişlər, sonra da oranı bağlayıb harasa çıxıb getmişlər. O, Bankdan götürdüyü məbləğ ildə 22 faizini ödəməklə şəraitin dəyişməsi, inflyasıyanın yaranması nəticəsində onu da müflisləşdirmişdir. Banka müraciət etsə də, bank tərəfindən ona heç bir əlverişli şərait yaradılmamışdır. Tərəflər arasında xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış 203850/14 nömrəli müqavilənin 3.4 bəndinə uyğun olaraq şəraitin dəyişməsi ilə əlaqədar olaraq ipotekaya qoyulmuş mənzilin bazar dəyərinin artmasının müşahidə edilməsi müqavilənin dəyişməsinə imkan verir, bu da iddiaçının əmlakına qoyulmuş real qiyməti özündə əks etdirmiş olur və bu tələb ARMM-ində göstərilmiş müddalara tamamilə uyğundur. Qeyd edilənləri nəzərə alaraq, “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 203850- 008/14 nömrəli müqavilənin 3.2 bəndi ilə nəzərdə tutulmuş mənzilin hazırkı dövrə uyğun bazar qiyməti həcmində qiymətləndirilməsi ilə əlaqədar adı göstərilən müqavilənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi öhdəliyini Bankın üzərinə qoyulması barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilmişi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Şərq filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 203850-0008/14 nömrəli ipoteka müqaviləsindən müəyyən olunur ki,Əzizov X3 şəhəri, 17-ci mkr 17 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində 3 otaqlı 9 nömrəli mənzilini xx.xx.2014-cü il tarixli, 203850-0008/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi banka ipotekaya qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MH seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, 17-ci mkr 17 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 3-cü mərtəbəsində 3 otaqlı 9 nömrəli mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2707/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)- 6737/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı kredit müqaviləsi üzrə əsas borca görə manat, 68 qəpik, faiz borcuna görə 1936 manat, 42 qəpik olmaqla cəmi 23842 manat, 10 qəpik məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 31 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq “Cavabdeh" ASC-ə ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 68,16 kv.m. ümumi, 47,31 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin hesabına cavabdeh İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli 203850-0008/14 nömrəli kredit müqaviləsi üzrə iddiaçı “Cavabdeh" ASC-ə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-3371/2018 saylı qətnaməsi ilə (hakimlər: S.Qafari, E.Rəhimov və L.Məmmədova) Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 21905 manat, 68 sent əsas borc məbləği, əsas borca hesablanmış 1936 ABŞ dolları, 42 sent faiz məbləği, cəmi 23842 ABŞ dolları, 10 sent, bildirişin qeydə alınması və xidmət haqqı kimi ödənilmiş 31 manat, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Cavabdeh ASC-yə verilməsi, apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı özünə aid edilməsi, cavabdeh İddiaçı məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki xx.xx.2014-cü il tarixli, 203850-0008/14 nömrəli ipoteka müqaviləsinin ləğvi üçün əsaslı sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin dəyişdirilməsi və yaxud da ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar