Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3656/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 140,80 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyətində olan ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixdə qaz sayğacının yoxlanılmasına dair Cavabdeh əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq qeyd edilmişdir ki, “10006359 saylı plomb kəsilərək, G-4 sm / 1293 saylı qutu acılıb. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizmi qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Ai AKM rejimi aşkar olunmayıb” və akta əsasən X1 Bakı Reqional Qazın Satışı Departamenli xəbərdarlıq göndərərək 140,80 manat borcu olduğunu və ödəmədiyi halda xəbərdarlıq edilmədən qazın təhcizatını dayandıracaqlar bildirmişlər. Sayğaca kənar şəxsin müdaxiləsi olmayıbsa, yəni sayğac acılmayıbsa, deməli defekt sayğacdadır. Həmin mənzili alandan bu günə kimi orada hec bir yaşayış olmamışdır. Bu fakt 18 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli AKT-la təsdiq olunur. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, A.Heydərov küçəsi, ev 26 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı mülkiyyət hüququ ilə məxsusdur, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus mənzilə sayğac quraşdırılmış, yoxlanılmış və təhvil verilmişdir; xx.xx.2020-ci il tarixli, ******* saylı “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması” haqqında akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, 10006359 saylı plomb kəsilərək, 1293 saylı qutu acıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sərfiyyatı qeyd etmir”. Aktın sonunda “mənzilə dəfələrlə getməyimizə baxmayaraq abonent evdə olmadı. İmza atmaq mümkün olmadı” qeyd edilmişdir.Həmçinin hesablanmış qaz sərfinin miqdarı 1458 m3 göstərilmişdir; 18 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, A.Heydərov küçəsi, ev 26, 8 saylı mənzil İddiaçı məxsusdur, lakin mənzil alınandan bugünə qədər orada yaşayış olmamışdır; Paylayıcı Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 10-2966 saylı müqavilədən görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır; **********00080 saylı abonentin saldosundan görünür ki, abonentin 140,80 manat borcu vardır; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus mənzil "Azəriqaz" İB tərəfindən qazla təmin edildiyindən, o, istehlakçı kimi qeydiyyata alınmışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacın klapanının işlək vəziyyətdə olmaması aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmiş və hesablanmış qaz sərfinin miqdarı 1458 m3 müəyyən edilmişdir. Hazırda iddiaçı müvafiq akta əsasən hesablanmış borcun əsassız hesab edilərək silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci bəndlərinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaydalar”ın 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Adıçəkilən Qanuna yeni edilmiş dəyişiklikləyə görə isə aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması yalnız həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilərsə qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin qeyd edilən müddəalarına görə, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırkı mülki iş üzrə isə baş vermiş zərərin iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. İstehsalçı tərəfindən iddiaçının qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığı, təbii qazdan qeyri-qanuni istifadə etdiyi, qaz sayğacının klapanının işlək olmaması göstərilsə də, bunun səbəbkarının məhz istehlakçı olmasını təsdiq edən mötəbər sübutlar akta əlavə edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər isə istehlakçının təqsirli olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. İddiaçının sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Həmçinin 18 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta və iddiaçının əvvəlki məhkəmə iclaslarında verdiyi izahata əsasən A.Heydərov küçəsi, ev 26, 8 saylı mənzil İddiaçı tərəfindən alınandan bugünə qədər orada yaşayış olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin görə ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 140,80 manat məbləğində borc İddiaçı məxsus **********00080 abonent kodundan silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 140,80 manat məbləğində borc İddiaçı məxsus **********00080 abonent kodundan silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3656/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3656/2022
25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver