Məhkəmə qərarları › İş №2(005)-3659/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3659/2022

24.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3659/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1, Cavabdeh “Azneft” İstehsalat Birliyi “X7” İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respulikasının Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi “X7” İdarəsinə qarşı (SOCAR X4 2 saylı Nəqliyyat İdarəsinin Həmkarlar İttifaqı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqının ödənilməsi və düzgün əmək müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respulikası Dövlət Neft Şirkətindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay ödənilməmiş 100 manat, cəmi 3000 manat əmək haqqının hesablanaraq ona ödənilməsi və eyni zamanda öncədən müəyyən edilmiş 12 saatlıq iş rejimi üzrə düzgün əmək müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respulikasının Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 1169 saylı əmək müqaviləsinə əsasən X11 sahəsi, Kompressor avadanlıqlarının xidmət sahəsində 5-ci dərəcə tornaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci ildə növbəyə keçmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilədə iş saatı 8 saat göstərilmiş, saat 08:00-dan 17:00-dək iş vaxtı müəyyən edilmişdir. Lakin müqavilə bağlandıqdan sonra xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə edilmiş əlavəyə əsasən 1 növbəli 12 saatlıq iş rejimi müəyyən edilmişdir. Əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2019-cu il tarixdən növbəli 12 saatlıq iş rejimində işləməyə başlamış, lakin 2020-ci ildən 12 saatlıq iş rejimində işləməyinə baxmayaraq, aylıq əmək haqqında azalmalar olmuş, hər ay 100 manat az əmək haqqı almışdır. Bundan sonra əmək haqqının azalmasının səbəbini müəyyən etmək üçün cavabdehə müraciət eldikdə, guya onunla xx.xx.2020-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsinə dair razılaşma əsasında növbəli 11 saatlıq iş rejimi əsasında işləməyi barədə müqavilə bağlanması və həmin müqavilənin tərəfindən imzalanması bildirilmişdir. Lakin belə bir müqaviləyə imza etmədiyi, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli müqavilələrdə onun əvəzinə çəkilmiş imzanın tərəfindən imzalanmadığını, əməkdaşlar tərəfindən imzanın saxtalaşdırıldığını bildirərək, hər ay 100 manat olmaqla, ümumilikdə 3000 manat ödənilməmiş əmək haqqı ödənilməsini tələb etməyə başlamışdır. Ödənilməmiş əmək haqqının ödənilməsi barədə müxtəlif dövlət orqanlarına müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh Azərbaycan Respulikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Ərizədə bildirmişdir ki, iddiaçı sözügedən iddia tələbi ilə bağlı müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının ərizəsindən göründüyü kimi, mübahisələndirilən halı 2020-ci ildə aşkarlamış və həmin vaxtdan qanunvericiliklə müəyyən edilmiş qaydada bunu mübahisələndirməmişdir. Digər cavabdeh “Azneft” İB-nin “X7” İdarəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (QAİİ) X11 Sahəsinin (QKS) kompressor avadanlıqlarına xidmət sahəsində tornaçı peşəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə işə qəbul edilən zaman 8 saatlıq iş rejimi ilə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixədək qeyd edilən iş rejimində çalışmışdır. xx.xx.2018-ci il tarixdən QAİİ-nin xx.xx.2018-ci il tarixli 252 nömrəli əmr-qərarı ilə 1 növbəli 11 saatlıq iş rejimi təyin edilmiş və xx.xx.2019-cu il tarixədək həmin rejimdə işləmişdir. QAİİ-nin xx.xx.2019-cu il tarixli əmr-qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən sahələrdə təmirlə əlaqədar iş həcminin artması və digər istehsalat zərurətləri ilə əlaqədar 5 ay müddətinə, xx.xx.2020-ci il tarixli əmr-qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixli əmr-qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 növbəli 12 saatlıq iş rejimi təyin edilmiş və işçi həmin rejimdə işləmişdir. xx.xx.2021-ci il tarixdən QAİİ-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verildiyi tarixədək isə 1 növbəli 11 saatlıq iş rejimində işləmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsi və ona edilmiş dəyişikliklər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin (Əmək müqaviləsinin forması) və 46-cı maddəsinin (əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası) tələbləri əsasında edilmiş və şəxsən özü tərəfindən onunla bağlanmış əmək müqaviləsi və ona edilmiş dəyişikliklərə imza atmışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi hər ay ödənilməmiş 100 manat olmaqla 3000 manat əmək haqqının hesablanaraq ona geri ödənilməsi iddiasının heç bir əsası yoxdur. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən hazırkı dövrədək işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqaviləsi və ona edilmiş dəyişikliklərdə nəzərdə tutulan iş rejimində və X5 işləmiş (ƏÖD- 5), həmçinin işlədiyi rejimə uyğun əmək haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X9nə ünvanladığı ərizədə də həmin rejimlərdə işlədiyi vaxtda pulu tam aldığını etiraf etmişdir. İddiaçı 12 saatlıq iş rejimində işləmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı müraciətinə aidiyyəti üzrə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılaraq, müvafiq qaydada araşdırma aparılmışdır. X9 Xidmətinin Bakı şəhər İdarəsinin **********7 saylı xx.xx.2022-ci il tarixli sorğusu əsasında İddiaçı barəsində aidiyyəti sənədlər toplanaraq təqdim edilmişdir. QAİİ tərəfindən iddiada qeyd olunanlar araşdırılmış və məlum olmuşdur ki, İddiaçı, QAİİ-nin digər təmirçi briqadalarının işçiləri kimi, sahələrdə təmirlə əlaqədar iş həcminin artması və digər istehsalat zərurətləri ilə əlaqədar xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək 12 saatlıq bir növbəli iş rejiminə keçirilmiş və bu müddət ərzində ona işlədiyi vaxta müvafiq olaraq əmək haqqı ödənişi düzgün aparılmışdır. Əgər İddiaçı 2021-ci ildə də 12 saatlıq iş rejimində işləsə idi, onun əmək haqqındakı azalmanın məbləği özünün qeyd etdiyi kimi 100 manat deyil, orta hesabla 73 manat məbləğində olardı. Lakin QAİİ tərəfindən onun 2021-ci il üçün 12 saatlıq iş rejimində işləməsi barədə nə əmr verilmiş, nə də əmək müqaviləsi bağlanmamışdır. Beləliklə, iddiada qeyd olunan, əmək haqqının 100 manat azalması fikri əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, işəgötürən 1 il dörd ay əmək haqqını düzgün şəkildə ödəmiş, lakin daha sonra rəhbərlik dəyişmiş və onlar yenidən əmək haqqını daha az ödəməyə başlamışdır. Əmək haqqı hər ay 100 manat əksik ödənilmişdir. Əmək haqının az ödənilməsi 2021-ci ilin yanvar ayından başlayaraq ona məlum olmuşdur və 1 il dörd ay ödənildiyi üçün qalan aylarda ödənilməmiş məbləğ ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək iddia müdətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, tornaçı peşəsi 2016-cı ildən müəssisənin müvafiq əmri ilə 11 saatlıq iş rejimi olan vəzifələrə aid edilmişdir. Müəyyən dövlərdə işçilərə güzəşt olunaraq, yeni quyuların qazılması, qaz xəttlərini təmiri məqsədilə müəyyən müddətə 12 saatlıq iş rejiminə keçirilmişlər, bu isə onların hər zaman 12 saatlıq iş rejimində işləməsi anlamına gəlmir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İstehsalat Birliyi “X7” İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, idarədə bütün tornaçı vəzifəsində işləyən şəxslər 11 saatlıq iş rejimində çalışır, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onlara gündə 1 saat nahar və istirahət etmək üçün fasilə verilir. Çünki həmin vəzifə fasiləsiz iş rejimi tətbiq edilən iş yerlərinə aid deyildir, nahar və istirahət etmək üçün işə fasilə verilməsi mümkündür. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş SOCAR X4 2 saylı Nəqliyyat İdarəsinin Həmkarlar İttifaqı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hüesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “X7” İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1169 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı “X7” İdarəsinin Qardağ Qaz Kompressor Sahəsi, Kompressor avadanlıqlarının xidmət sahəsində “tornaçı 5-ci dərəcə” vəzifəsinə işə qəbul edilmişdir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saatı 8:00-da başlanır, saat 17:00-da qurtarır. Nahar vaxtı saat 12:00-dən saat 13:00dəkdir; xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli, 1 saylı əlavədən görünür ki, əmək müqaviləsinə iş və istirahət vaxtı ilə bağlı növbəti dəyişikliklər edilmişdir: idarənin 252 saylı, xx.xx.2018-ci il tarixli əmr-qərarına əsasən xx.xx.2018-ci il tarixdən 1 növbəli 11 saatlıq iş rejimi təyin edilir; iş 1 növbəlidir; iş başlanır 8:00-dan 20:00dək, nahar vaxtı 12:00-dan 13:00-dək; Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli, 3 saylı əlavədən görünür ki, əmək müqaviləsinə iş və istirahət vaxtı üzrə növbəti dəyişikliklər edilmişdir: idarənin xx.xx.2019cu il tarixli əmr-qərarına əsasən xx.xx.2019-cu il tarixdən 1 növbəli 12 saatlıq iş rejimi təyin edilir; iş 1 növbəlidir; iş başlanır 8:00-dan 20:00-dək, QAİİ-nin 378 saylı Əmr-Qərar HİK 57 saylı, xx.xx.2012-ci il tarixli əmrinə əsasən işə rəhbərlik edən şəxs işçiyə iş vaxtı müddətində nahar etməyə (qidalanmaya) şərait yaradır; Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 6 saylı əlavədən görünür ki, əmək müqaviləsinə iş və istirahət vaxtı üzrə növbəti dəyişikliklər edilmişdir: idarənin xx.xx.2020ci il tarixli əmr-qərarına əsasən xx.xx.2021-ci il tarixdən 1 növbəli 11 saatlıq iş rejimi təyin edilir; iş 1 növbəlidir; iş başlanır 8:00-dan 20:00-dək, nahar vaxtı 12:00-dan 13:00-dək; AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd etmişdir ki, araşdırma zamanı SOCAR “Azneft” İB-nin təqdim etdiyi sənədlərdən iddiaçı ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 6 saylı əlavəyə əsasən 11 saatlıq iş rejimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən əmək şəraitinin dəyişdirilməsi işəgötürənin əsas hüquqlarına aiddir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; SOCAR “Azneft” İB-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “tornaçı” peşəsi əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olduğuna və faziləsiz iş rejimi tətbiq edilən iş yerlərinə aid edilmədiyinə görə AR Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən iş günü (növbəsi) ərzində istrahət və nahar etmək üçün fasilə verilməklə iş qrafikinə və iş vaxtının uçotu tabelində gündəlik 11 saat iş vaxtı qeyd olunur. QAİİ-nin qaz-kompressor sahələrində “tornaçı” peşəsində çalışan işçilərinə 2016-cı ilin sentyabr ayına kimi 12 saatlıq 1 növbəli iş rejimi tətbiq edilmişdir. Sonralar QAİİ-də qaz-kompressor sahələrində çalışan tornaçılar da daxil olmaqla istehsal prosesləri fasiləsiz hesab edilməyən iş yerlərində işləyən işçilər AR Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən QAİİ-254 saylı xx.xx.2016-cı il tarixli əmr-qərarı ilə 1 saat fasilə verilməklə, 11 saatlıq iş rejiminə keçirilmişdirlər; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, SOCAR “Azneft” İB (Cavabdeh1”) xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; SOCAR “Azneft” İB “X7” İdarəsinin SOCAR**********00070020B00087 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “X7” İdarəsinin X11 Sahəsi, Kompressor avadanlıqlarının xidmət sahəsində “tornaçı 5-ci dərəcə” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. Əvvəllər 11 saatlıq iş rejimində işləmiş, sonra bir neçə dəfə verilmiş müvafiq əmrlərlə 1 növbəli 12 saatlıq iş rejimi təyin edilmiş, sonuncu dəfə xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu il tarixdən 12 saatlıq iş rejimində işləmişdir. İşin mübahisələndirilən halı iş rejiminin dəyişdirilərək 12 saatlıq rejimdən 11 saatlıq iş rejiminə keçirilməsi və buna müvafiq olaraq əmək haqqının azaldılması ilə əlaqədardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1 və 6-cı bəndlərinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Əmək müqaviləsində şərtləşdirilməli olan hallardan biri də əmək şəraitinin şərtləridir. İşçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır (Əmək Məcəlləsinin 43-cü maddəsinin “ə” bəndi). İşəgötürənin Məcəllə ilə təsbit edilmiş əsas hüquqlarından biri Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirməkdir (11-ci maddənin “ə” bəndi). Əmək Məcəlləsinin 56-cı maddəsinə uyğun olaraq, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 82-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir (Əmək Məcəlləsinin 96-cı maddəsi). Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi işçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsində nəzərdə tutulmuş iş rejimində çalışmaq və buna görə müvafiq haqq almaq hüququna malikdir. Əmək müqaviləsində şərtləşdirilməli olan hallardan biri əmək şəraitinin şərtləri, yəni iş və iştirahət vaxtı, əmək haqqı və s. məsələlərdir. İşəgötürən əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin şərtlərini təmin etməlidir. Eyni zamanda qanunverici işəgötürənə istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçini xəbərdar etməklə və əmək müqaviləsinə dəyişikliklər edilməsi qaydalarına əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ vermişdir. Hazırki işdən göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavələrdə iş saatları dəyişdirilmiş və hər iki tərəf bu əlavələri imzalamaqla təsdiqləmişlər. Əvvəllər işçi 8 saatlıq iş rejimi ilə işə başlamış, sonra 11 saatlıq iş rejimində işləmiş, daha sonra bir neçə dəfə 5 ay müddətinə olmaqla 12 saatlıq iş rejiminə keçirilmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixli əmrə əsasən 12 saatlıq iş rejimi təyin edilmiş, daha sonra xx.xx.2020-ci il tarixli əmr-qərara əsasən xx.xx.2021-ci il tarixdən 1 növbəli 11 saatlıq iş rejimi təyin edilmişdir. İş materiallarında olan 2021-ci ilin yanvar ayı üçün növbə cədvəlindən görünür ki, İddiaçı 2021-ci ilin yanvar ayının iş növbəsi ilə tanış olma siyahısını imzalamışdır. Həmin işçilərin növbə cədvəlində isə tornaçı vəzifəsi üçün 11 saatlıq iş rejimi müəyyən olunmuşdur. Həmçinin 11 saatlıq iş rejiminin təyin edilməsi ilə bağlı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 6 saylı əlavədən görünür ki, həmin əlavə işçi və işəgötürənin imzası ilə təsdiqlənmişdir. İddiaçı müvafiq əlavəni imzalamadığını bildirsə də, xx.xx.2020-ci il tarixdə 2021-ci il üçün 11 saatlıq iş rejimini nəzərdə tutan növbə cədvəlini imzalamasını inkar etməmişdir. İşəgötürən müvafiq halı 2016-cı ildən tornaçı peşəsi üzrə əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olduğuna və fasiləsiz iş rejimləri tətbiq edilən iş yerlərinə aid edilmədiyinə görə Əmək Məcəlləsinin 103-cü maddəsinə uyğun olaraq iş günü ərzində istirahət və nahar etmək üçün fasilə verilməklə 11 saat iş vaxtının müəyyən olunması ilə əsaslandırmışdır. İş materiallarından göründüyü kimi, iddiaçının 12 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı müvafiq əmrlər müvəqqəti işlərin görülməsi, yəni yeni quyuların qazılması, qaz xəttlərində təmirin aparılması və s. ilə əlaqədar dayanmadan fasiləsiz işlər görülməsi zərurətinin yaranması ilə əsaslandırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 103-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır. Göründüyü kimi, istirahət və nahar etmək üçün fasilə verilməsi işçinin əsas hüquqlarındandır. Bu hüquqların məhdudlaşdırılmasına yalnız müstəsna hallarda, işi dayandırmaqla fasilə verilməsinin mümkün olmadığı hallarda yol verilir. İddiaçının işlədiyi tornaçı peşəsi isə fasiləsiz hesab edilməyən iş yerlərinə aid edildiyi üçün İdarənin 254 saylı, 23 sentyabr 2016-cı il tarixli əmr-qərarı ilə Əmək Məcəlləsinin 103-cü maddəsinə əsasən 1 saat fasilə verilməklə 11 saatlı iş rejiminə keçirilmişdir. Beləliklə, əmək qanunvericiliyində işəgötürənin istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurətilə əlaqədar işçini xəbərdar etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək hüququ nəzərdə tutulduğundan, müvafiq dəyişikliklərlə əlaqədar əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə müqaviləyə əlavə bağlandığından, həmçinin 11 saatlıq iş növbəsinə keçidlə əlaqədar iş növbəsi cədvəli iddiaçı tərəfindən imzalandığından iddiaçının onun razılığı olmadan əmək müqaviləsinə dəyişikliklər edilməsi, iş rejiminin düzgün müəyyənləşdirilməməsi və buna uyğun olaraq əmək haqqının az ödənilməsi dəlilləri öz təsdiqini tapmır. İddiaçı iddia ərizəsində 2018-ci ildən ödənilməyən əmək haqqının ödənilməsini tələb etsə də, məhkəmə iclasında verdiyi izahatında 2018-ci ildən əmək haqqının düzgün ödənildiyini, 2021-ci ildən başlayaraq isə əmək haqqının təxminin 100 manat azaldığını bildirmişdir. İddiaçının müvafiq tələbi 11 saatlıq iş rejiminə keçidi qanunsuz hesab etməsindən irəli gəlir. Tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, həmin dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl edilmiş və iddiaçı əmək müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş, müxtəlif dövrlərdə rəsmiləşdirilmiş iş rejiminə uyğun olaraq əmək haqqı almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay ödənilməmiş 100 manat, cəmi 3000 manat əmək haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı 12 saatlıq iş rejimində işlədiyini, nahar və istirahət vaxtı verilmədiyini bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə əsasən isə iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, iddiaçı 2021-ci ilin yanvar ayından 11 saatlıq iş rejiminə uyğun əmək haqqı alır, bu hal isə onun 11 saatlıq iş rejiminə keçdiyini bilməməsini istisna edir. Əmək haqqı hər ay alındığından iddia müddəti yalnız xx.xx.2021-ci il tarixədək olan münasibətlərə şamil oluna bilər. Yəni iddiaçı 2018-ci ilin yanvar ayından həmin 2021-ci ilin avqust ayınadək olan dövr üzrə əmək haqqının ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini ötürmüşdür. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq isə son bir il ərzində əmək haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilməməsi əsası ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqinə zərurət aradan qalxmışdır. Məhkəmə iddianın “öncədən müəyyən edilmiş 12 saatlıq iş rejimi üzrə düzgün əmək müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” hissəsində qeyd edir ki, məhkəmə araşdırması dövründə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmiş və iddiaçı tərəfindən həmin hal mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında əmək münasibəti artıq mövcud olmadığından, həmçinin iş rejiminin təyin edilməsi ilə bağlı iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, iddia həmin hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respulikasının Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi “X7” İdarəsinə (SOCAR X4 2 saylı Nəqliyyat İdarəsinin Həmkarlar İttifaqı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmək haqqının ödənilməsi və sair tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respulikasının Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi “X7” İdarəsinə qarşı (SOCAR X4 2 saylı Nəqliyyat İdarəsinin Həmkarlar İttifaqı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqının ödənilməsi və düzgün əmək müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar