Məhkəmə qərarları › İş №2(005)-3667/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3667/2025

05.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3667/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 2V-01/32 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsinə dair miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, X4 əmlaklarına dair xx.xx.2019-cu il tarixli, 2V-114 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin, o cümlədən xx.xx.2013-cü il tarixli, 2V-01/32 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin, xx.xx.2013-cü il tarixli, 2V-01/31 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Çinar” bağlar massivinin 41 saylı bağ sahəsində yerləşən 0.0562 hektar torpaq sahəsi, "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 (iki) manat olan 98 ədəd adi adlı səhmlərin, **********98-05101-093002 reyestr nömrəli xx.xx.2008-ci il tarixli çıxarış üzrə ümumi sahəsi 49.8 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 1 saylı evin 5 saylı mənzilinə dair İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası mərhum X9 vəfat edən zaman mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsi olmuşdur. X9 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra anası Cavabdeh2 atasının adına müxtəlif mülklər olduğunu və övladlar arasında bu mülklərin bərabər şəkildə bölünəcəyini bildirmişdir. Anası Cavabdeh2 vərəsəliklə bağlı bütün işləri özünün görəcəyini onun payını da ayırıb verəcəyini bildirərək xx.xx.2012-ci il tarixdə ondan etibarnamə almışdır. Bir müddət keçdikdən sonra vərəsəlik işlərinin həll olunduğunu əmlakın ona düşən hissəsinin adına keçiriləcəyini bildirmişdir. O isə anasına inandığı üçün heç vaxt bu məsələni sorğulamamışdır. Lakin anası 2025-ci ilin yanvar ayında onu istifadə hüququ olan ünvan 3 ünvanından çıxardıqda atasının ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsinin ona düşən hissəsini satmaq qərarına gəlmişdir. Bununla bağlı DƏDRX-ə sorğular vermiş, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2019-cu ıl tarixdə təsdiq edilmiş 2V-114 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X4 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 Nizamı qızının adına qeydiyyata alınmış, **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışla rəsmləşdirilmişdir və hazırda mülkiyyətindədir. Bu zaman məlum olmuşdur ki, anası hansısa yolla ona düşən payı da bacısı Cavabdeh3 adına keçirmişdir. Bu qanunsuz əməlin hansı yolla edildiyini bilmək üçün əvvəlcə ünvan 4 ünvanlanmış, vərəsəlik dosyesi əldə olunmuş, anasının onun yerinə payından bacısının xeyrinə imtina etdiyi məlum olmuşdur. Vərəsəlik hüququ ilə ona məxsus olan pay, onun iradə və razılığı olmadan, etibarnamədən sui-istifadə edilməklə digər vərəsə olan bacısı Cavabdeh3 adına keçirilmişdir. Bu zaman onun mülkiyyət hüququ pozulmuş və iradəsinə zidd olaraq onun adından imtina ərizəsi yazılmışdır. Bu səbəbdən xx.xx.2013-cü il tarixli, 2V-01/32 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsinə dair miras payının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının atası vəfat etdikdən sonra onun mülkiyyətində açılmış miras üzrə üç əmlak mövcud olmuşdur. Onlardan biri torpaq sahəsi, digəri mənzil və 98 ədəd səhmdir. Notariat işində ciddi pozuntular var. Miras əmlak barədə məlumat iddiaçıya göndərilməmişdir. Bu səbəbdən iddiaçı atasının mülkiyyətində olan əmlaklardan xəbərsiz olmuşdur. Anasına etibarnamə versə də, miras əmlakdan imtina edəcəyini düşünməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddiaçının atası dünyasını dəyişdikdən sonra ondan ev istəmiş, o isə iddiaçıya 1 otaqlı ev alıb vermişdir. Buna görə də qızı miras əmlakdan imtina etməsi üçün ona etibarnamə vermişdir. Həmin vaxt qızı da notariusda idi. O, payını artıqlaması ilə aldığından mirasdan imtina etmışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, onlar bacılarını etibarnamə verməsi üçün və mirasdan imtina etməsi üçün məcbur etməmişlər. Anası bacısına 1 otaqlı ev almış, lakin onun ev alınmasından məlumatı olmamışdır. Ev satılıb, pulu anasına vermişdir. Anası da həmin pula iddiaçıya ev almışdır. Buna görə də bacısı anasına etibarnamə vermişdir. Atası dünyasını dəyişdikdən sonra iddiaçıya ev alınmışdır. Bacısı da notariusa getmiş, lakin imzanı anası çəkmişdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 50 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosssual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1979cu il tarixdə doğulmuşdur. X2, anası Cavabdeh2dır; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. X2, anası Cavabdeh2dır; - Boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh2 nikahları xx.xx.1995-ci il tarixdə pozulmuşdur; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir; - İddiaçı adından xx.xx.2012-ci il tarixli etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Bakı şəhərinin notariusu K.A.Rəhmanova ünvanlanmış 04 aprel 2013-cü il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası - X3 ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; - İddiaçı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2012-ci il tarixli, ƏN-İ saylı, 322631 nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarət etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsınə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bvütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq vo ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, , idarələrdən, təşkilatlardan, qiymətli o cümlədən bank orqanlarından, poçt və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, poçt, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh,yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdırilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir; - X7 tərəfindən Bakı şəhərinin notariusu K.A.Rəhmanova ünvanlanmış 04 aprel 2013-cü il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə vəfat etmiş atası - X3 ona çatası miras payını rəsmi və faktiki olaraq qəbul etməmişdir, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli, 2V-01/32 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi, ünvan 6 ünvanda qeydiyyatda olan qızı - Cavabdeh3dır və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2013-cü il tarixdə 01/02-256 saylı məktuba əsasən X5 məxsus "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olan 98 ədəd adlı səhmlərdən ibarətdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli, 2V-01/31 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi, ünvan 6 ünvanda qeydiyyatda olan qızı - Cavabdeh3dır və miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş 09/543 saylı arayışa və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 853 nömrəli reyestr kitabının 79420-ci vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********98-05101-093002, qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-çi il tarixli çıxarışa əsasən X1 məxsus, iki otaqlı, yaşayiş sahəsi 48,7 kv.m, yardımçı sahəsi 21.1 kv.m, ümumi sahəsi 49,8 kv.m olan, Baki şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 1 saylı evin, 5 saylı mənzilindən ibarətdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh3dır və o miras əmlakdan 1/1 (tam) hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: X8 məxsus ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,056250 ha olan torpaq sahəsindən ibarətdir; - DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş 2V-114 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X4 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0562 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış, **********25 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışla rəsmləşdirilmişdir və hazırda mülkiyyətindədir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2402/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh2 qarşı “İddiaçı istifadə hüququ olduğu ünvan 9 ünvanına köçürülməsi” tələbinə dair iddiası təmin edilməmiş, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “iddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 9-ə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası istifadə hüququnun olmaması səbəbindən təmin edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı mərhum X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı 20 oktyabr 2012-ci il tarixdə, anası-Cavabdeh2 etibarnamə vermiş və həmin etibarnamə əsasında sonuncu qızının miras payından imtinaya dair notariat ofisinə ərizə vermişdir. Eləcə də miras qoyanın digər qızı miras payından imtina etmiş, nəticədə miras əmlaka dair, cavabdehiddiaçının bacısı Cavabdeh3 adına vərəsəlik şəhadətnamələri verilmişdir. Hazırda iddiaçı etibarnaməni miras əmlakı qəbul etmək üçün verdiyini, aldadıldığını, bu halın uzun müddət sonra ona məlum olduğunu, yalnız sonradan dövlət reyestri və notariat orqanlarından əldə etdiyi məlumatlar əsasında miras əmlakın tam həcmdə bacısının adına keçirildiyini öyrəndiyini bildirərək vərəsəlik şəhadətnamələrinin etibarsız sayılmasını və miras payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər isə ona mənzil alındığını, bu səbəbdən mirasdan imtina etmək üçün etibarnamə verdiyini bildirərək iddiaya etiraz etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-ci maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərar). Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Hazırki işin hallarından göründüyü kimi, İddiaçı anası olan Cavabdeh2 20 oktyabr 2012-ci il tarixdə 10 il müddətinə etibanamə vermişdir. Həmin etibarnamədə mirası qəbul etmək və ondan imtina etmək səlahiyyəti xüsusilə qeyd olunmuşdur. Bu etibarnamə əsasında çıxış edən Cavabdeh2 04 aprel 2013-cü il tarixdə 50 saylı notariat ofisində X3 ona çatası miras payından imtina etmişdir. Hazırda iddiaçı aldadıldığına istinad edərək vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsini və vərəsəlik payının müəyyən edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı etibarnaməni mirasdan imtina üçün vermədiyini qeyd edərək, aldadıldğını iddia etsə də, istinad etdiyi halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 1271-ci maddəsinin tələblərinə görə, mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür. Hazırki işdə isə iddiaçı tərəfindən verilmiş etibarnamədə müvafiq səlahiyyət nəzərdə tutulmuş və etibarnamə məhz miras qoyanın vəfatından sonra verilmiş, iddiaçı ilə yanaşı digər bacısı da miras payından imtina etmişdir. İddiaçının etibarnamə verdiyi anda öz hərəkətlərini dərk etməməsi, niyyətinin məhz mirası qəbul etmək olması iş materiallarında olan sübutlarla təsdiq edilmir. Məhkəmə iddiaçının vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbi ilə bağlı mülki qanunvericiliyin vərəsəlik hüququna dair ümumi müddəalarının nəzədən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1243.2-cü maddəsinə görə (əvvəlki redaksiyası), vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1256 və 1257-ci maddələrinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Eyni Məcəllənin 1272 və 1273-cü maddələrinə uyğun olaraq mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Göründüyü kimi vərəsəlik institutunun vacib aspektlərindən biri olan mirasın qəbul edilməsi müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Əgər varis göstərilən müddət ərzində mirası qəbul etməzsə, o, mirası qəbul etmə hüququnu itirir (tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan normalara görə). Mirasın qəbul edilməsi müddəti ərzində vərəsə mirası qəbul etməyə yönələn hərəkətləri edərək, ya mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə mirası qəbul etmək hüququ həm birbaşa iradə ifadəsi ilə (mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etmə barədə ərizə verməklə), həm də vərəsənin miras qəbul etmək niyyətini ifadə edən hərəkətlərlə (vərəsənin əmlakı faktiki idarə etməsi və ona faktiki sahiblik etməsi) həyata keçirilə bilər. Hazırki iş üzrə iddiaçı isə öz razılığı ilə iradə ifadəsinə əsaslanaraq Cavabdeh2 etibarnamə vermiş, yəni həmin etibarnamə ilə müəyyən işlərin görülməsini tapşırmışdır. Etibarnamənin hansı niyyətlə verilməsindən asılı olmayaraq, könüllü şəkildə qanunvericiliyin tələblərinə uyğun etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında mirasın qəbulundan imtina edilmişdir. Bu səbəbdən onun əsasında aparılmış notariat hərəkətlərin, verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsızlığı üçün isə hər hansı hüquqi əsas müəyyən edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı etibarnaməni mirası qəbul etmək üçün verdiyini bildirsə də, mirasın qəbulu ilə bağlı ərizə verməmiş, 10 ildən çox müddət ərzində miras əmlakla maraqlanmamışdır. Bu qədər müddət ərzində miras əmlakı qəbul etdiyini düşünən şəxsin mirasdan istifadə etmək üçün hər hansı addım atmaması ağlabatan deyildir. Həmçinin cavabdehlər izahatında iddiaçıya həmin vaxt ev alındığını bildirmiş, iddiaçı tərəf isə buna etiraz etməmişdir. Eləcə də cavabdeh tərəfindən təqdim edilmiş səs yazılarında iddiaçı ona ev alındığını qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulmadığından və qanuna müvafiq tərtib edildiyindən, iddiaçının aldadıldığı sübuta yetirilmədiyindən mübahisələndirilən şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin iddiaçı mirasda payından imtina etdiyi üçün vərəsələr sırasından çıxmaqla miras əmlakdan pay almaq hüququnu itirmişdir və bu səbəbdən miras əmlakda payının müəyyən edilməsi tələbi də təmin edilə bilməz. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçı iddiasının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir və mübahisələndirilən şəhadətnamələrin etibarsız hesab edilməsi, eləcə də miras payının müəyyən edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,ddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 50 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar