Məhkəmə qərarları › İş №2(005)-3669/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3669/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3669/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “”pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.03.2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən ödənilməli olan 980 manat əsas borc, gecikdirilmiş peniya pulu 1200 manat, əldən çıxmış fayda olan 2000 manat pulun və ödənilmiş 43 manat dövlət rüsumunun, ümumilikdə 4223 manat alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisdir, Cavabdeh ilə aralarında 20.03.2019-cu il tarixdə kredit satış müqaviləsi imzalanmışdır. 20.03.2019-cu il tarixli kredit satış müqaviləsinə əsasən cavabdeh İphone X markalı telefonu 2200 manat dəyərində almağa razılıq vermiş və əvvəlcədən 20 manat pul nağd qaydada ödənilmiş və bundan sonra yerdə qalan 2180 manat, hər ay 365 manat olmaqla 6 ay müddətinə cavabdeh tərəfindən ödənilməli idi. Lakin həmin müqavilə üzrə cavabdeh tərəfindən nağd qaydada ödənilmiş puldan əlavə kredit müqaviləsi üzrə ödəməli olan 2180 manat puldan 1220 manat ödəniş həyata keçirilmişdir. Yəni müqavilə üzrə cavabdeh öhdəsinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Cavabdehə satılmış telefonların vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxslərə həmin telefonlar satılsa idi, maddi itkilərlə qarşılaşmayacaqdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin borcun ödənilməsindən imtina etmişdir. Buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Cavabdeh ümumilikdə 1 müqavilədən yaranan 980 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə peniya olaraq 1200 manat peniya və həmçinin bunun üçün sənədləşmədə bağlı olaraq 13 manat notariat orqanına ödədiyi rüsumun, 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. Şahburz şəhər İƏN tərəfindən 09.06.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 29.11.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən 3400 manat 00 qəpik (üç min dörd yüz manat sıfır qəpik) məbləğində pul borc verir. Bu müqavilənin 2-ci bəndinə əsasən “borcalan” krediti 30.04.2018-ci il (otuz aprel iki min on səkkizinci il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. 26.04.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisçisi İddiaçıdur. 20.03.2019-cu il tarixli, 666 saylı kredit-satış müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh dəyəri 2200 manat olan İphone XS markalı telefonu 20 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 6 ay ərzində 365 manat ödəmək şərti ilə almışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 manat peniya pulu hesablanacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 20.03.2019-cu il tarixdə kredit-satış müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə dəyəri 2200 manat olan İphone XS markalı telefon satmış, cavabdeh isə 20 manat ilkin ödəniş ödəyərək, qalan məbləği 6 ay ərzində ayda 365 manat ödəməyi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə qeyd edilən şərtləri yerinə yetirməmişdir. Odur ki, cavabdeh iddiaçıdan aldığı məbləğin qarşılığında etməli olduğu işi icra etməmiş və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə dəbbə pulunun cavabdehlərdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmalı və 50 manata endirilməlidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, iddiaçı tərəfindən 4223 manat məbləğində pul Cavabdeh tələb edilir, qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı tam sübutlarla əksini tapdığından, 980 manat məbləğində pul vəsaiti, 50 manat dəbbə pulunu cavabdeh şəxs iddiaçıya ödəməlidir. Vurulmuş maddi ziyana görə vəsaitinin cavabdehdən tələb edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Həmçinin notarius təsdiqinə görə 13 manat hissədə məhkəmə qeyd edir ki, həmin ödənişlər barədə sübut təqdim edilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 7 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 980 (doqquz yüz səksən) manat məbləğində əsas borc, 50 (əlli) manat dəbbə (peniya) və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 7 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar