Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3703/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydinin şəxsə məxsusluğu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydinin şəxsə məxsusluğu faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparılmış 167 nömrəli doğum haqqında akt qeydinin xx.xx.2005-ci il tarixində ölmüş X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək bildirdi ki, 1958-ci il tarixdə 167 saylı akt qeydinə əsasən verilən şəhadətnamədə mərhum həyat yoldaşının soyadı “Əliyev” olaraq göstərilmişdir. Doğum akt qeydində soyadı anasının göstərişi ilə yazılmışdır. Lakin hansı səbəbdən mərhum ərinin soyadı şəxsiyyət vəsiqəsi və sonradan təqdim edilmiş mərhuma məxsus 1986-cı il tarixli doğum haqqında şəhadətnamədə “Qarayev” qeyd olunması ona bəlli deyil. Əlavə olaraq bildirmişdir ki, mərhum ərinin valideynləri həmin vaxt rəsmi nikahda olmamışlar. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddianın predmetini xx.xx.1958-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparılmış 167 nömrəli doğum haqqında akt qeydinin xx.xx.2005-ci il tarixində ölmüş X1 məxsus olması faktının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli 03 №li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 1.2-ci bəndinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri (MPM-in 307.2.5-ci maddəsində göstərilən istisna halla bağlı) baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydinin şəxsə məxsusluğu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum akt qeydinin şəxsə məxsusluğu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3703/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3703/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver