Məhkəmə qərarları › İş №2(005)-375/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-375/2023

02.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-375/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 27 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 27 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oglu ilə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi və evinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi (vəsatəti) əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı daha sonra Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində, Maraqlı şəxs və ƏMDX DƏDKRX-in 1 saylı ərazi idarəsini isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, X16 Dövlət Notariusu tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin, onun əsasında ona məxsus Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3-də yerləşən 32 saylı mənzilin alqı-satqısına dair Cavabdeh1 ilə xx.xx.2022-ci ildə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının sonradan təqdim etdiyi digər ərizə (vəsatət) əsasında isə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 3 saylı evin 32 nömrəli ümumi sahəsi 47.6 kv.m., yaşayış sahəsi 30.94 kv.m. olan iki otaqlı mənzil onun mülkiyyətində olmuşdur. Bu barədə Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 117009 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Hazırda mənzil onun sahiblik və istifadəsində olsa da, bir neçə gün əvvəl ona məlum olmuşdur ki, X4 etibarnamə düzəltdirərək ona məxsus həmin mənzili xx.xx.2022-ci ildə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı müqavilə ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq saxta yollarla onun mənzilini mənimsəməyə cəhd etmişlər. Müqavilənin bağlandığı tarixdən də göründüyü kimi alqısatqı müqaviləsi 60 gün əvvəl bağlanmışdır. Lakin Cavabdeh1 nə mənzilə baxmış, nə müqaviləni bağladığı tarixdən indiyədək mənzildə yaşamış və mənzili faktiki qəbul etmiş, nə də onun kim olması, mənzildə niyə yaşaması ilə maraqlanmamış və onun mənzildən çıxmasını tələb etməmişdir. Onun 59 yaşı var və heç bir zaman ABŞ-da olmamış, nə də orada və ya hansısa ölkədə Cavabdeh2 etibarnamə verməmişdir. Eyni zamanda həmin saxta etibarnamədə etibarnamənin xx.xx.2021-cü ildə verildiyi və 3 il müddətinə etibarlı olması qeyd edilmişdir ki, hələ 2024-cü il deyil. Həmçinin həmin etibarnamədəki imza və xətt də ona məxsus deyil. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı yanlış istiqamətə yönəldilərək, heç bir qanuni əsas olmadan məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin qərardadı ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh3 dair olan hissə qanunsuz və əsassızdır, təmin edilə bilməz. Cavabdeh3 Bakı şəhərində İddiaçı (ögey qızının) mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin ölkə xaricində yaşayır və onun keçirilmiş məhkəmə iclaslarından xəbəri olmamış və iş üzrə olan tərəflər öz qanunsuz əməllərini ört-basdır etmək üçün, ərizə və izahatlarında Cavabdeh3 günahlandırmağa çalışmışlar. İş materiallarından görünür ki, İddiaçı ilk iddia ərizəsində mənzilin alıcısı Cavabdeh1 cavabdeh qismində, Bakı şəhəri, 27 saylı Notariat Kontorunu, (yəni alqı-satqının aparıldığı kontoru) maraqlı şəxs qismində göstərmiş, sonradan isə, iddia ərizəsinə dəqiqləşmə verməklə mənzilin alıcısı Cavabdeh1 və etibarnamə üzrə mənzilin satıcısı Cavabdeh2 cavabdeh qismində göstərmiş, Maraqlı şəxs isə yenə də maraqlı şəxs qismində göstərmişdir. Lakin, İddiaçı nəhayət, öz iradəsi üzrə deyil, kimlərinsə təsiri ilə mənzilin alqı-satqısında heç bir rolu olmayan və iştirak etməyən Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı məhkəməyə ərizə vermiş və işdə heç bir faktiki sübutlar olmadığı halda cavabdeh kimi işə cəlb edilmişdir. Nəzərə almaq lazımdır ki, bütün bu proseslər Cavabdeh3 məhkəmədə iştirakı olmadan, tərəflərin öz əməllərini ört-basdır etmək məqsədi daşımış və baş vermiş qanunsuzluqları Cavabdeh3 üzərinə yıxmaq niyyəti ilə edilmişdir. İddiaçı Cavabdeh3 ögey qızıdır. Cavabdeh3 İddiaçı yaşadığı mənzildə qeydiyyatdadır və hazırda Bakı şəhərində yaşamır, hərdən Bakıya gəlib-gedir. Sonuncu dəfə Bakı şəhərinə gələndə İddiaçı mülkiyyətində olduğu sözügedən mənzilini satıb, Dağıstana, qohumlarının yanına köçmək istədiyini Cavabdeh3 bildirmiş, o isə, Gülnarəyə bu işdə kömək edə biləcəyini demişdir. Nəhayət, Cavabdeh3 mənzilə alıcı tapmış və Gülnarə ilə birlikdə mənzilin satışını reallaşdırmaq üçün, Bakı şəhəri, 23 saylı Notariat Kontoruna müraciət etmişlər. Lakin, mənzildə digər şəxslərin qeydiyyatda olması səbəbindən, həmin gün alqı-satqı baş tutmamışdır. Mənzilin mülkiyyətçisi İddiaçı mənzili satıb köçmək üçün bütün hazırlıqları görmüş, özünə məxsus əşyaları, uzun müddət əvvəl tanıdığı, yaxın münasibətdə olduğu, yaşadığı evə gəlib-gedən və iş üzrə hazırda cavabdeh olan Cavabdeh2 və bacısı Cəvabir adlı qadının köməkliyi ilə qablaşdırmış, sonra isə xüsusi yük daşıma avtomobili ilə Naibənin yaşadığı Kubinka adlanan ərazidəki mənzilinə aparmışlar. Bu əşyaların sonrakı taleyindən Cavabdeh3 məlumatı olmamış, bir müddət sonra həmin əşyaların Naibə tərəfindən satıldığını eşitmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh3 mənzilin alqısatqısında, müqavilənin bağlamasında, mənzilin pulunun alınıb-verilməsində heç bir iştirakı və rolu olmamışdır. İddiaçı qeyd etdiyi xüsusatlar arasında kifayət qədər ziddiyyətlər vardır: Əgər, İddiaçı mülkiyyətində olan mənzilin satılmasına razılığı və ya xəbəri olmamışdırsa, nədən o, mənzilin alqı-satqısı üçün 23 saylı Notariat Kontoruna müraciət etmiş, Cavabdeh3la və mənzilin alıcısı Cavabdeh1la həmin Notariat Kontorunda olmuş, lakin digər şəxslərin-mərhum qardaşının və onun həyat yoldaşının həmin mənzildə qeydiyyatda olması səbəbindən alqı-satqı baş tutmamışdır. Əgər İddiaçı mənzilin satışı ilə bağlı məlumatı olmamışdırsa o, nədən özünə məxsus ev əşyalarını Naibə və Cavahir bacılarının iştirakı və rəhbərliyi ilə qablaşdıraraq müvəqqəti saxlanması üçün Cavabdeh2 yaşadığı mənzilə yola salmışdır? İddiaçı iddia ərizəsində mənzilin alıcısı Cavabdeh1 görmədiyini bildirmiş, məhkəməyə verdiyi izahatında isə mənzilə baxanlarla maraqlanmadığını, həmin vaxt namaz qıldığını bildirmişdir. Cavabdeh3 yalnız mənzilin mülkiyyətçisi İddiaçı istəyinə uyğun olaraq mənzilin satılmasına köməklik göstərmiş, mənzilə alıcı tapmışdır. Cavabdeh3 bunun üçün özü, İddiaçı və mənzilin alıcısı Cavabdeh1 mənzilin satılmasını reallaşdırmaq üçün Bakı şəhəri, 23 saylı Notariat Ofisində olmuşlar. Lakin, mənzildə İddiaçı mərhum qardaşı və onun həyat yoldaşı qeydiyyatda olduğundan mənzilin alqı-satqısı mümkün olmamışdır. Bundan sonra, problemin həlli üçün İddiaçı razılığı ilə, onunla şəxsi münasibəti olan, Gülnarənin evinə tez-tez gedib-gələn Cavabdeh2 müraciət edilmiş, o isə bu məsələni tez bir zamanda həll edəcəyini, narahat olmamalarını, mənzilin satılmasına köməklik edəcəyini, mənzil satıldıqdan sonra Gülnarəni Dağıstana, qohumlarının yanına yola salacağını bildirmiş və Cavabdeh3 inandırmışdır. Beləliklə, Cavabdeh2 bu işlə məşğul olmağa başlamış, mənzilin alıcısı Cavabdeh1 iştirakı ilə sözügedən mənzilin alqı-satqısını reallaşdırmışlar. Təbii ki, Cavabdeh3 bu prosesdə iştirak etməmiş, lakin mənzildə istifadə hüququ olduğu üçün mənzilin satılmasına, Notariat Kontorunda rəsmi razılıq vermiş və bütün alqı-satqı prosesi Cavabdeh2 ilə Cavabdeh1 arasında aparılmışdır. Mənzilin satılmasından sonra, Cavabdeh3, mənzilə istifadə hüququ olduğundan Gülnarə ilə əvvəlcədən razılaşdığı kimi, mənzilin satışından əldə olunan məbləğdən 20 min manat pulu Cavabdeh2 almış və Naibə Gülnarənin pulunu tam ödəyəcəyinə, onu yaxın vaxtlarda Dağıstana, qohumlarının yanına yola salacağına arxayın etmiş və Cavabdeh3 Cavabdeh2 sözlərinə inanaraq, ölkəni tərk edərək Türkiyə Respublikasına getmişdir. Cavabdeh3 nə etibarnamədən, nə də işin sonrakı hallarından xəbəri olmamışdır. Bundan başqa, sözügedən mənzilin alqı-satqı müqaviləsinin təsdiq etmiş notarius, qanunun tələbinə görə təqdim edilmiş sənədlərin doğruluğunu yoxlamalı olduğu halda bunu etməmiş və nəticə etibarı ilə qanunsuzluğa yol vermişdir. Cavabdeh3 iş üzrə heç bir qanun pozuntusuna yol verməmiş, iş üzrə olan tərəflər özlərinin qanun pozuntularını ört-basdır etmək üçün, həqiqətə uyğun olmayan izahatlar vermiş, törətdikləri əməllərdən və qanun pozuntularından yayınmağa çalışmışlar. Beləliklə o, İddiaçı iddia tələbinin Cavabdeh3 qarşı olan hissəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehlərin etibarnaməni saxtalaşdıraraq mənzili ələ keçirdiklərini, Həsənin onun mənzilini əlindən alacağı ilə hədələdiyini, Vüqar adlı şəxsi evə gətirdiyi zaman onun namaz qıldığını, usta olaraq evə gəldiyini düşündüyünü, ilk dəfə notariat ofisinə Həsənin hədə-qorxusu altında getdiyini, mənzildə qeydiyyatda olan şəxslər olduğundan Həsənin öz niyyətini həyata keçirə bilmədiyini, lakin evi heç vaxt heç kimə satmaq istəmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamənin saxtalaşdırılmasından məlumatı olmadığını, evin alıcısı ilə Həsənin razılaşdığını, notariat ofisinə gedərək yalnız müqaviləyə qol çəkdiyini və Həsənin ona borcu olduğundan 20000 manat pul verdiyini, qalan pulu isə Həsənin götürdüyünü, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də, məhkəmə iclasına gəlməməyin üzrlü olması barədə hər hansı bir sübutu təqdim etməmişlər. Məhkəmə qeyd edilənləri və məhkəmənin üçüncü baxış iclası olduğunu, iclasın təxirə salınması barədə ərizənin işi uzatmaq məqsədi daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 117009 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzil X2 xüsusi mülkiyyəti kimi xx.xx.2002-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan və X2 adından X6 X22 notariusu James Martin adından təsdiq edilməklə verildiyi göstərilmiş və apostil edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, o, Cavabdeh2 Azərbaycan Respublikasında onun adına olan istənilən daşınar və daşınmaz əmlakı onun adından idarə etməyi və onun üzərində sərəncam verməyi və istənilən əməliyyatları həyata keçirməyi 3 il müddətinə (qüvvədə olma tarixi xx.xx.2024-cü il) etibar etmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs 26 avqust 2022-ci il tarixdə bağlanmış 4Ə-606 saylı reyestrlə təsdiq olunmuş, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, yuxarıda qeyd edilən etibarnaməyə əsasən mülkiyyətçi X2 adından çıxış edən Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 47,6 kv.m. olan 32 saylı mənzili Cavabdeh1 95.000 (doxsan beş min) manata satmışdır. İş materiallarından aydın olur ki, 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanarkən mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh3 notariat qaydada ərizə verərək mənzilin satılmasına razı olduğunu bildirmiş və müqavilədə qeyd olunan müddətdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 xüsusi mükiyyət hüququ ilə Cavabdeh1 adına, xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “cinayət işi başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçıla qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzilin 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə edilərək dələduzluqla ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2002-ci il tarixli qərarının surətindən görünür ki, ********* nömrəsi verilmiş həmin cinayət işinin adı çəkilən şəxsin (müstəntiqin) icraatına qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2002-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.3.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1457/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X3 vəsatəti və təqdimatı qismən təmin edilərək, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs xx.xx.1950-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 2-də qeydiyyatda olan və yaşayan Cavabdeh3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin məhkəmə qərarının icra edildiyi andan hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubunda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 2020-2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2017-ci il tarixdə ölkəyə giriş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü X10, xx.xx.1982-ci il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2901/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmışlar. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı və xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh3 2003-cü il tarixdən hal-hazıradək qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli 4/963 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 8-ci vərəqəsində İddiaçı adından olan X9 X17 Notarisu tərəfindən təsdiq olunduğu qeyd olunmuş xx.xx.2021-ci il tarixli etibarnamənin kserosurətində “İmza” qrafasında əks olunmuş imza, imzanın qarşısında əks olunmuş “Məhəmmədova Gülnara” yazıları – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasında olduğu halda, onun adından X6 X24 notariusu James Martin adından xx.xx.2021-ci il tarixdə təsdiq edilməklə Cavabdeh2 etibarlılıq müddəti 3 il olan (xx.xx.2024-cü il tarixədək qüvvədə olan) ümumi etibarnamə verilmiş, bundan sonra həmin etibarnamə əsasında iddiaçı X2 adından çıxış edən Cavabdeh2 Maraqlı şəxs 26 avqust 2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 47,6 kv.m. olan 32 saylı mənzili Cavabdeh1 95.000 manata satmışdır. Həmin müqavilə bağlanarkən mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh3 notariat qaydada ərizə verərək mənzilin satılmasına razı olduğunu bildirmiş və müqavilədə qeyd olunan müddətdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bununla belə, məhkəmə araşdırılması zamanı mübahisəli mənzilin hələ də iddiaçının faktiki sahiblik və istifadəsində qaldığı, başqa sözlə, mənzilin alıcıya təhvil verilmədiyi müəyyən edilmişdir. Faktla bağlı cinayət işi başlanılmış, Cavabdeh3 təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı məhz onun adından verilmiş həmin etibarnamənin saxta olduğunu irəli sürməklə, etibarnamənin və onun əsasında bağlanmış 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. İşin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, İddiaçı mülkiyyətində olan mənzil 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılsa da, məhkəmənin müvafiq sorğuları əsasında, etibarnamənin verildiyi dövrdə iddiaçının ölkə hüdudları daxilində olduğu müəyyən edilmiş, müvafiq ekspert rəyi ilə də imzanın iddiaçıya aid olmadığı öz təsbitini tapmışdır. Bu isə iddiaçının adından verildiyi bildirilən xx.xx.2021ci il tarixli etibarnamənin etibarsız olmaqla heç bir hüquqi nəticə doğurmadığı anlamına gəlir. Bununla belə həmin saxta etibarnamə əsasında mənzilə dair 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Halbuki hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu vacibdir. Qeyd olunmalıdır ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarı). Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmənin qənaətinə görə, X6 Tennesi Ştatında verildiyi göstərilən xx.xx.2021-ci il tarixli saxta etibarnamə əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməzdi və həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında bağlanmış 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını da ehtiva edir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Bu səbəbdən iddia təmin edilməli, etibarnamə və alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 mənzili alarkən etibarnamənin saxta olduğunu bilməməsi, mənzili əvəzli əldə etməsi, bu səbəbdən vicdanlı alıcı olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə mənzili əldə etmişdir, yəni mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, səlahiyyətli şəxs iştirak etməmişdir. Bu baxımdan həmin əhəmiyyətsiz əqd üzrə səlahiyyətsiz təmsilçidən mənzili alan şəxs barəsində vicdanlı alıcı institutuna dair qaydalar tətbiq edilə bilməz. Belə ki, əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb ola bilməz və fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfə əvəzli olaraq satılsa belə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Məhkəmə digər Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 etirazı ilə əlaqədar qeyd edir ki, tərəf Cavabdeh3 məsələyə aidiyyəti olmadığından ona münasibətdə iddianın rədd edilməli olduğunu bildirsə də, məhkəməyə təqdim edilmiş cinayət işi üzrə materiallardan görünür ki, sonuncu müvafiq iş üzrə 178.3.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin onun etibarnamənin saxtalaşdırılmasında və mənzilin mülkiyyətçinin razılığı olmadan satılmasında iştirakı tərəflərin izahatı və işin halları ilə müəyyən olunur. Bu baxımdan cavabdehin etirazının dəlilləri əsassızdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin etirazında göstərildiyi kimi, iddiaçının özünün də evi satmaq niyyətinin olması, birinci dəfə könüllü olaraq notariusa getməsi onun adından etibarnamənin saxtalaşdırılaraq mənzilinin satılmasına haqq qazandıra bilməz. Məhkəmə həmçinin etibarsız hesab edilən əqd (alğı-satqı müqaviləsi) üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisəli mənzilin saxta etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldığı müəyyən edilmişdir. Hazırda İddiaçı tələbi əsasında müqavilənin etibarsızlığı iddiasına baxılır. Bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılması isə Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmununa uyğun gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla mənzilin satılmasına dair Cavabdeh3lə razılaşdığını, mənzilə dair behi (15000 manata yaxın) ona verdiyini, digər Cavabdeh2 isə Həsənin ona 20000 manat pul verdiyini, mənzilin pulunun qalanını özü götürdüyünü bildirmişdir. Qeyd edilən hallarla bağlı cinayət işinin istintaqı davam edir. Göstərilənlər 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir. Bu mənada məhkəmə hesab edir ki, Cavabdeh1 hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək mübahisəli mənzilə görə ödədiyi pulun qaytarılmasını ümumi qaydada tələb etmək hüququna sahib olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X6 X21 Notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 140 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X6 X21 Notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində bağlanılmış, AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Cavabdeh1 mübahisəli mənzilə görə ödədiyi pulun geri qaytarılması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X5, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar