Məhkəmə qərarları › İş №2(005)-3755/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3755/2024

09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3755/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Qaz İdarəsinin ona yazdığı 415 manat qaz borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması və işə qiyabi icraat qaydasında baxılması barədə ərizə təqdim edərək, abonent saldosuna yazılmış 408,78 manat borcun silinməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup hərbi əlildir və şikəstdir, əmək qabiliyyəti yoxdur. Onlar ancaq təqaüd hesabına yaşayırlar. Ona Nərimanov rayon qaz istismar sahəsi, qaz borcunun 415 manat olduğunu bildirir. Onun yaşadığı yerdə qaz sayğacı kartladır. 10 il keçəndən sonra ona qaz idarəsinin işçiləri deyirlər ki, onun 415 manat borcları var. Nərimanov Qaz idarəsi əgər qaza borcu var idisə, ona qaz sayğacı qoymamalıydılar. Çünki borcu ola-ola sayğacın qoyulmasına icazə vermirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onun cavabdehə heç bir borcu olmadığı halda, 415 manat borcunun olduğu bildirilir. O, müharibə iştirakçısıdır, həyat yoldaşı onkoloji xəstədir və maddi imkanı aşağıdır. Ev əvvəl anasının adına olmuşdur, onun vəfatından sonra mülkiyyətinə keçmişdir. Borc köhnə dövrlərə yazılmışdır. İddia tələbinin təmin edilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh İB (“Paylayıcı”) ilə X2 (“İstehlakçı” F.Xoyski ev 128 mənzil 112 şəxsində) arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-03305xx/xx-2021 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, “Paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəyir; - **********8 smart sayğaclı abonentə aid çıxarışdan görünür ki, **********01120 saylı abonent kodu olan X1 adına sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır; - X1 adına olan **********01120 saylı abonent saldosundan görünür ki, abonentə 09/2024-cü ilə 408,78 manat borc hesablanmışdır; - Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab ərizəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 112 saylı mənzil - **********01120 saylı abonentin ödənilməmiş 2010-cu ilin may ayı qalıq üzrə 29,11 manat sərfiyyat borcu, 2010-cu ilin iyun-dekabr ayları üzrə 38,39 manat sərfiyyat borcu, 2011-ci ilin yanvar-dekabr ayları üzrə 81,22 manat sərfiyyat borcu, 2012-ci ilin yanvar-dekabr ayları üzrə 127,36 manat sərfiyyat borcu, 2013-cü ilin yanvar-dekabr ayları üzrə 111,26 manat sərfiyyat borcu, 2014-cü ilin yanvar-sentyabr ayları üzrə 60,75 manat sərfiyyat borcu, 2021-ci ilin sentyabr ayı üzrə 0,80 manat sərfiyyat borcu, 2022-ci ilin aprel ayı üzrə 0,60 manat sərfiyyat borcu, cəmi 449,49 manat sərfiyyat borcu qalmışdır. 2010-cu ilin iyun ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh cəmi 40,71 manat məbləğində ödəniş etmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixə abonentin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 408,78 manat mövcuddur; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 128, 112 saylı mənzil İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, istehlakçı hesab edilən iddiaçıya məxsus mənzil Cavabdeh İB tərəfindən qazla təchiz edilir. Mənzilə smart sayğac 2021-ci ildə quraşdırılmışdır. Həmin dövrdə mənzil iddiaçının anasına məxsus olmuş, anasının vəfatından sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İddiaçı mənzilin keçmiş mülkiyyətçisi X1 vərəsəsidir. Hazırda iddiaçı, Cavabdeh İB tərəfindən hesablanmış borcun ödənilməsinin ondan tələb edildiyinə, borc olduğundan onunla yeni müqavilə bağlanmasından imtina edildiyinə, borcun əsassız hesablandığına və üzərindən üç ildən çox müddət keçdiyinə istinad edərək, mənzilə quraşdırılmış sayğac üzrə hesablanmış borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, borcun hesablandığı abonent saldosu iddiaçının anası və hazırda iddiaçının adına dövlət qeydiyyatında olan daşınmaz əmlakın əvvəlki sahibi olan X1 adınadır. İddiaçı onun vərəsəsi kimi mərhumun adına hesablanmış borcun silinməsini tələb etmək hüququna malikdir. Digər tərəfdən isə əmlak İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mənzilə quraşdırılmış sayğac üzrə borc mövcud olduğundan onunla yeni müqavilə bağlanmasından imtina edilir və borcun ödənilməsi tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməlidir. Hazırki iş üzrə isə əvvəlki mülkiyyətçi vəfat etmiş, onun vərəsəsi isə borcun onun tərəfindən ödənilməli olmadığına, hesablanmış borcun üzərindən uzun müddət keçdiyinə əsaslanaraq mövcud borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 551-ci maddəsinin, 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 112 saylı mənzil - **********01120 saylı abonentin ödənilməmiş 2010-cu ilin may ayı qalıq üzrə 29,11 manat sərfiyyat borcu, 2010-cu ilin iyun-dekabr ayları üzrə 38,39 manat sərfiyyat borcu, 2011-ci ilin yanvar-dekabr ayları üzrə 81,22 manat sərfiyyat borcu, 2012-ci ilin yanvar-dekabr ayları üzrə 127,36 manat sərfiyyat borcu, 2013-cü ilin yanvar-dekabr ayları üzrə 111,26 manat sərfiyyat borcu, 2014-cü ilin yanvar-sentyabr ayları üzrə 60,75 manat sərfiyyat borcu, 2021-ci ilin sentyabr ayı üzrə 0,80 manat sərfiyyat borcu, 2022-ci ilin aprel ayı üzrə 0,60 manat sərfiyyat borcu, cəmi 449,49 manat sərfiyyat borcu qalmışdır. 2010-cu ilin iyun ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh cəmi 40,71 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, borcun əsas hissəsi olan 448,09 manat 2010-2014-cü illərə aiddir. Son illərdə 40 manata yaxın ödəniş edilmişdir. Qaz borcunun ödənilməsi vaxtaşırı ödənişlərə aid olduğundan, həmin borc üzrə iddia müddəti keçdiyindən cavabdeh artıq borcu tələb etmək hüququnu itirmişdir. Borcun silinməməsi iddiaçının hüquqlarını pozduğundan iddia təmin edilməli, **********01120 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 408,78 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********01120 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 408,78 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********01120 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 408,78 (dörd yüz səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar