Məhkəmə qərarları › İş №2(005)-3759/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3759/2023

26.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3759/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Kontoruna qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: mirasın qəbulu müddətinin uzadılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı “Asan Xidmət mərkəzi” notariat kontoruna qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinə icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 03 fevral 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi ev 4, mənzil 30 ünvanda yerləşən əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən 1 otaqlı mənzil X4 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. X7 03 fevral 2021-ci il tarixdə vəfat etmişdir. X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanda yerləşən mənzili 12 fevral 2016-cı il tarixdə 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə ilə iddiaçılara vəsiyyət etmişdir. X7 xəstə olduğu müddətdə ona iddiaçılar baxmış, qulluq etmiş, o, vəfat etdikdən sonra miras əmlaka faktiki olaraq sahiblik etməyə başlamış, əməli idarəçiliyə qəbul etmiş və mirası faktiki olaraq qəbul etmişlər. İddiaçılar tərəfindən X7 miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş və verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Hüquqlarını bilmədiyindən, hüquqi savadsızlıq ucbatından vaxtında notariat kontoruna müraciət etməmişlər və bu müddət üzrlü səbəblərdən ötürülmüşdür. II. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, gecikdirmənin səbəbi üzrlü hesab edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə ölmüş X3 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin 1 (bir) ay uzadılması qət edilmişdir. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3928/2023 saylı xx.xx.2023-cü il saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iddiaçılar İddiaçı2 və İddiaçı1n cavabdeh 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə daxil olmuşdur. III. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2016-cı il tarixli vəsiyyətnamələrinin bərpa olunmasını istəyirlər. Belə ki, anası vəsiyyətnamədə İddiaçı1 ata adını səhv yazmışdır. Həmin vaxt ata adı səhv yazıldığına görə məhkəməyə müraciət etmişlər və iddia təmin olunmuşdur. Miras heç kim tərəfindən qəbul olunmamışdır. Yoldaşı və oğlu şifahi olaraq notariusa müraciət etmiş, oradan bildirmişlər ki, qoyulmuş altı ay müddətini ötürmüşdürlər. Miras bir otaqlı evdən ibarətdir. Hazırda orada digər qardaşı yaşayır və anası vəfat edəndən sonra mənzilin açarlarını dəyişib. Anası vəfat edəndən sonra qardaşları evin üç yerə bölünməsini təklif etmişlər, lakin özü ancaq dörd yerə bölünməsini istəmişdir, çünki oğlunun da orada haqqı vardır. Anası vəfat etməmişdən əvvəl deyirdi ki, bu ev İddiaçı1dur. Digər qardaşları ilə ana bir, atadan ayrıdırlar. Qardaşlarının yoldaşları Bakı şəhərində yaşamalarına baxmayaraq anasına qulluq etməyiblər, lakin öz yoldaşı aylarla yataqda olanda anasına qulluq etmiş, ona baxmışdır. Özü anasına dəfələrlə bildirmişdir ki, üç övladı var, tək yaşamalı deyil. Ona evi Şahinə verməsini, onun ailəsi ilə birgə yaşamasını demişdir. 2016-cı ildə anası ona zəng edərək iki qardaşının payını verdiyini, həmin evi isə nəvəsinə verəcəyini bildirmişdir. Anası karantin vaxtı yıxılmışdır və həmin vaxt ona baxması üçün rayondan öz yoldaşını göndərmişdir. Daha sonra yoldaşı həkimə ehtiyac olduğunu demiş və belə olanda özü evə həkim gətizdirmişdir. Həmin həkimin bir iynəsi ilə anası ayağa qalxmışdır. Bundan sonra anasını kəndə - öz evinə gətimişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 bildirmişdir ki, özü və qardaşı Şahin notariusa müraciət etmiş və vərəsə kimi tanınmışdırlar. 2016-cı ildə olan vəsiyyətnamə anası tərəfindən yazılmışdır və ola bilər ki, təzyiq altında yazılıb. Anası 6 sot sahədən ibarət olan torpağı qardaşı Şahinə bağışlayıb. Əgər hazırki iddiaçılara hansısa mülkü vermək istəsəydi, birbaşa onların adlarına keçirərdi və ya qeydiyyata salardı. Vəsiyyətnamə verilib və orada ad səhv yazılıb, həmçinin altı ay müddəti də ötürülüb. Anasının yas mərasimində qardaşı Şahin işin məhkəməyə gedib çıxmaması üçün bu məsələni öz aralarında həll etməyi təklif etmişdir. Lakin iddiaçı imtina etmiş və bildirmişdir ki, heç kimə heçnə verməyəcək. Mənzilin üç yerə bölünməsinə özü və digər qardaşı Şahin razı olmuşlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili tərəflərin qardaş olduqlarını, bu məsələnin barışıqla həll olunmasının tərəfdarı olduğunu, lakin iddiaçının bununla razılaşmadığını bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla belə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirərək qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. IV. İşin faktiki halları: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 xx.xx.2010-cu il tarixdən X4 xüsusi mülkiyyətindədir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1961-ci il təvəllüdlü İddiaçı2 anasıdır. - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X7 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən daşınmaz əmlakı oğlu İddiaçı2 və nəvəsi İddiaçı1 Abbas oğluna vəsiyyət etmişdir. - 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 713 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı2 mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə ərizə ilə müraciət etməmiş və ərizəçiyə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-192/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat Ofisində xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş reyestrdə 2V-74 nömrə ilə qeydə alınmış vəsiyyətnamədə göstərilən “İddiaçı1 Abbas oğlu”nun “İddiaçı1” kimi qeyd olunması, habelə həmin vəsiyyətnamənin ərizəçi İddiaçı1 məxsus olması faktı müəyyən edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1730/2023 nömrəli qətnaməsi ilə maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 192/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1579 saylı cavab məktubundan görünür ki, X4 adına 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılmamışdır. V. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. VI. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların, üçüncü şəxsin və onun nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı2 vəfat etmiş həmin şəxsin oğlu, İddiaçı1 isə nəvəsidir. Üçüncü şəxs X5 isə İddiaçı2 (anadan bir, atadan ayrı) qardaşı, İddiaçı1 isə əmisidir. Hal-hazırda vəfat etmiş X7 tərəfindən iddiaçıların adına tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X10 küçəsi, ev 4, mənzil 30 ünvanında yerləşən daşınmaz əmlaka dair mübahisələndirilməmiş 12 fevral 2016-cı il tarixli vəsiyyətnamə mövcuddur. xx.xx.2022-ci il tarixdə İddiaçı2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş və müddət ötürüldüyünə görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçılar və üçüncü şəxs arasında həmin miras əmlaka dair mübahisə vardır. Bu səbəbdən iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. -1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. -1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır -1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, “...O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir”. Göründüyü kimi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir: fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyan vəsiyyətnamə qoymuş, ona məxsus daşınmaz əmlakı iddiaçılara – oğluna və nəvəsinə vəsiyyət etmişdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə formal qaydada və ya ayrı-ayrı hərəkətlər vasitəsilə qeyriformal qaydada edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. X4 öldüyü gün, yəni xx.xx.2021-ci il tarixdə miras açılmış və vərəsələrin vərəsəlik hüququ avtomatik olaraq yaranmışdır. İddiaçılar isə qeyd olunan vəsiyyətnamə üzrə mirası qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməmişdirlər. Nəticədə mirası qəbul etmə müddəti ötürülmüşdür. Bununla belə iddiaçılar mirasın qəbulu istiqamətində bir sıra aktiv hərəkətlər etmiş, mirası qəbul etmək arzusunda olduqlarını bəyan etmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli vəsiyyətnamədə İddiaçı1 ata adı Abbas olaraq səhv qeyd edilmişdir. Qeyd olunan hal onun vəsiyyətnamə üzrə hüquqlarının həyata keçirilməsinə maneəçilik törətdiyi üçün o, əvvəlcə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi notariat ofisinə, 2022-ci ilin sentyabr ayında isə məhkəməyə ərizə ilə müraciət edərək bu ziddiyətin aradan qaldırılmasını xahiş etmişdir. Həmin ziddiyətin aradan qaldırılmasına nail olmuşdur. X5 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanmışdır. İddiaçılar və digər vərəsələr arasında miras əmlaka dair mübahisə vardır. Digər vərəsə üçüncü şəxs X5 mirasın qəbulu müddətinin uzadılmasına etiraz edir. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutun vacib aspektlərindən biridir. Mirasın qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsini və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (“T.Mənsurovun şikayəti üzrə Ali Məhkəmənin 04 oktyabr 2010-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli qərarı). Lakin Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə əsasən, qanunvericinin müəyyən etdiyi müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. İddiaçılar vəfat etmiş X4 vərəsələridir. Onlara dair notariat qaydada vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamə mübahisələndirilməmişdir və qüvvədədir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçıların vərəsəlik hüquqlarının təminatı baxımından onlar tərəfindən miras əmlakın qəbul edilməsi üçün müddət 1 (bir) ay uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddia tələbi üzrə iddiaçının rüsumun ödənilməsinə dair tələbi olmadığından onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki iddia təmin edilməli. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 1 ay uzadılmalıdır. VII. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət 1 (bir) ay uzadılsın. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar