Məhkəmə qərarları › İş №2(005)-3763/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3763/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3763/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli CAR-1966 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533032 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 2 758,70 manat gecikdirilmiş əsas borcun, 966,2 manat gecikdirilmiş mükafat borcunun və həmin günə hesablanmış 1 121,36 manat dəbbə pulunun, cəmi 4 846,26 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi xx xxxxxx 2020-ci il tarixli iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli CAR-1966 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 3 406,22 manat gecikdirilmiş əsas borcun, 1 144,96 manat gecikdirilmiş mükafat borcunun və həmin günə hesablanmış 1 518,38 manat dəbbə pulunun, həmçinin lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2 090 manat məbləğində pulun, cəmi 8 159,56 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən Cəmiyyətin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533032 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Tərəflərin imzaladığı xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı Daxili lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən o, illik 12 % hesablanmaqla 35 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 413,14 manat, ümumilikdə isə 14 460 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14 460 manat məbləğində pulun 12 150 manat məbləğində olan hissəsi əsas məbləğdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 414 manat olmuşdur. Sözügedən avtomobil xx xxxxxx 2020-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyektini istifadəyə yararlı vəziyyətə gətirmək üçün 2 090 manat məbləğində vəsait tələb olunur. Məhkəmə iclasında iştirak etmiş iddia İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək 3406 manat əsas borcunun, 1150 manat faiz borcunun, 2090 manat nəqliyyatvasitəsinin təmir xərcinin olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən Lizinq verən lizinq obyektini Lizinq alanın müraciəti əsasında Lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinqə təqdim edir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləği 12 150 manat təşkil edir. Həmin məbləğə 35 ay müddətində illik 12% həcmində mükafat məbləği hesablanır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AG seriyalı 634508 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533032 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh ünvanlamış 468 nömrəli Xəbərdarlıq (pretenziya məktubuna) əsasən cavabdeh iddiaçı qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan “Azari” Express poçt – daşıma kuryer xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı MMC-dən qəbul edilmiş zərf (qaimə N 186306) ünvan 2 mənzil 8 ünvanında göstərilən Cavabdeh ünvana gedilmiş, həmin ünvan satıldığına görə çatdırılmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh ünvanlamış 870 nömrəli Xəbərdarlıq (pretenziya məktubuna) əsasən cavabdeh iddiaçı qarşısında olan borcu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan “Azari” Express poçt – daşıma kuryer xidməti tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı MMC-dən qəbul edilmiş zərf (qaimə N 241679) ünvan 3 ünvanına göndərilən məktub qeyd olunan ünvan bağlı olduğu səbəbindən çatdırılmamışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 1263 nömrəli arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı daxili lizinq müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 3 406,22 manat gecikdirilmiş əsas borcu, 1 144,96 manat gecikdirilmiş mükafat borcu və həmin günə hesablanmış 1 518,38 manat dəbbə pulu, cəmi 6 069,56 manat borcu vardır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə İddiaçı MMC-nin əməkdaşı il Cavabdeh arasında tərtib edilmiş Aktın surətindən görünür ki, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı avtomobil Cəmiyyətə təhvil verilmişdir. Təhvil-təslim zamanı aydın olmuşdur ki, “maşının sağ qapıları quruntludur, qabaq sol kreloda az əzik var, qabaq faralar, arxa stoplar və akümlyator yoxdur. Salonda hər şey yerindədir. Maşının texniki pasportu və açar təhvil verilmişdir.” İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş Qüsur aktının surətindən görünür ki, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 2 090 manat məbləğində pul vəsaiti lazımdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1 dekabr 4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən Cəmiyyətin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı, XWB5V319DEA533032 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Tərəflərin imzaladığı xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı Daxili lizinq müqaviləsi üzrə ödəniş qrafikinə əsasən o, illik 12 % hesablanmaqla 35 aylıq müddətə, hər ay sabit məbləğ olmaqla 413,14 manat, ümumilikdə isə 14 460 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14 460 manat məbləğində pulun 12 150 manat məbləğində olan hissəsi əsas məbləğdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə 414 manat olmuşdur. Sözügedən avtomobil xx xxxxxx 2020-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. Tərtib edilmiş qüsur aktına əsasən lizinq obyektini istifadəyə yararlı vəziyyətə gətirmək üçün 2 090 manat məbləğində vəsait tələb olunur. Cavabdeh iddia tələbini qismən qəbul edərək 3406 manat əsas borcunun, 1150 manat faiz borcunun, 2090 manat nəqliyyat vasitəsinin təmir xərcinin olmasına dair məhkəməyə təqdim etdiyi ərizəsi və məhkəmə iclasında verdiyi izahatla da etiraf olunmuşdur. Məhkəmə iddia tələbini “”İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli CAR-1966 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbini “Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 3 406,22 manat gecikdirilmiş əsas borcun, 1 144,96 manat gecikdirilmiş mükafat borcunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməldir. Məhkəmə iddia tələbini “lizinq obyekti olan “Daewoo Gentra” markalı, 99AV326 dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 2 090 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində araşdıraraq belə qənaətə gəlir ki, lizinq obyekti olan maşına ziyanın dəyməsi, dəymiş ziyanın təmir və bərpası üçün lazım olan vəsaitin 2090 manat məbləğində olması həm iş materialları, həm də cavabdehin etirafedici izahatı ilə öz təsdiqini tapdığından iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh hesablanmış 1 518,38 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək məbləğ sayılmalı və həmin məbləğ azaldılaraq cavabdehdən dəbbə pulu qismində cəmi 118 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC-nin iddia tələbi təmin edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış CAR-2019 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli CAR-2019 saylı X3 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2020-ci il tarixə 3 406,22 manat gecikdirilmiş əsas borc, 1 144,96 manat gecikdirilmiş faiz borcu və həmin günə hesablanmış 118 manat cərimə borcu, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün 2 090 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 6759,18 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar