Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3772/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə ölmüş X4 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdə ölmüş X4 miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar X1nun arvadı və qızı olmuşlar və onun birinci növbədən vərəsəsidirlər. X1 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə ölüm haqqında şəhadətnamə verilmişdir. X1 vəfat edən zaman Abşeron rayonu, Ramanı qəsəbəsi 0.03 ha torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Əmlak barədə Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il 6 nömrəli əmrindən çıxarış verilmişdir. Faktiki olaraq mirası qəbul etsələr də, 6 ay ərzində müraciət edilməsi barədə qanunun tələbindən məlumatları olmamışdır. Hazırda vərəsəlik işinin açılması və miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət etmiş, vərəsəlik işinin açılması üçün mərhumun ölümündən 6 il keçdikdən sonra müraciət edildiyinə görə onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Bununla əlaqədar mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 atasının ölümündən sonra miras əmlakı birgə idarə etsələr də onun qəbulu müddətinin mövcudluğu məsələsindən məlumatsız olduqlarını, atasının yeganə vərəsəsinin o və anası olduğunu, mirasın qəbulu üçün dəfələrlə müraciət etmələrinə baxmayaraq müddət ötürüldüyündən imtina edildiyini bildirmiş və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nihahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 nikahları xx.xx.1989-cu il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Orucova” soyadı verilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçı1 qeyd edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2016-cı il tarixdə 327 nömrə ilə qeyd edilmişdir; Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il 6 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X6 0.03 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır; xx.xx.2022-ci il tarixli vergi ödəyicisinə məxsus əmlak və torpaq sahəsinin yerləşməsinə dair aktın surətindən görünür ki, İddiaçı1 məxsus 0.03 ha və ya 300 kv.m torpaq sahəsi və 200 kv.m əmlak sahəsi mövcuddur; Ramana Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədiyə bildirişindən görünür ki, İddiaçı1 həmin torpağın vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir ; xx.xx.2021, 17.006.2021 və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Məhəd Orucovun adından X8, ev 0/V ünvanı üçün kommunal ödənişlər edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İddiaçı2 onun qızı, digər İddiaçı1 onun arvadı olmuşdur. İddiaçılar mərhumun birinci növbə vərəsəsi olmaqla, onun sahibliyində və istifadəsində olmuş Abşeron rayonu, Ramana qəsəbəsində 0.03 ha torpaq sahəsini faktiki idarə etmişlər. Notariat ofisinə müraciət etsələr də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı mübahisə mövcud deyildir. Hazırda iddiaçılar mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməmələrinə, miras qalmış əmlakı faktiki olaraq idarə etmələrinə və müvafiq əmlakla bağlı ödənişləri vaxtı-vaxtında etmələrinə istinad edərək, miras əmlakın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151.1-ci maddəsi). Göründüyü kimi, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərində mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsinə görə, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 108-ci bəndində qeyd edilmişdir ki, xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246 və 1248.1-ci maddələrində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirsın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Hazırki iş üzrə vərəsələrin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməmələrinə, miras qalmış əmlakı faktiki olaraq idarə etmələri, müvafiq əmlakla bağlı ödənişləri vaxtı-vaxtında etmələrinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçıların istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, mülki dövriyyənin davamlılığı və fasiləsizliyi, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin qorunmasının zəruriliyi, iddiaçıların mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaları, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən miras qoyan X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən miras qoyan X4 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3772/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3772/2022
13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver