Məhkəmə qərarları › İş №2(005)-3809/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3809/2025

16.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3809/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh həmin ərazidə qanunsuz olaraq yaşaması və qanunsuz tikilidən istifadə etməsinin dayandırılması, qanunsuz olaraq istifadə etdiyi pulsuz su və elektrik enerjisinə dair hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara məlumat verilməsi, qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh məxsus Heydər Əliyev pr. 103A ünvanında yerləşən toyuq hininin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Azərbaycan Respublikasının Nərimanov rayonu Heydər Əliyev prospekti 103A ərazisində yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ayrılmış ərazidə yaşayır. Sözü gedən ərazi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin balansındadır və burada yalnız qeydiyyatda olan ailələrin məskunlaşmasına icazə verilir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan həmin ərazidə qanunsuz şəkildə məskunlaşmış və özbaşına tikili inşa edərək orada yaşamış və ferma tikərək ərazidən qanunsuz olaraq istifadə etmişdir. O, ərazidə yalnız qeydiyyatda olan ailələr üçün dövlət tərəfindən pulsuz təqdim edilən elektrik enerjisi və su kimi kommunal resurslardan da qeyri-qanuni olaraq istifadə etmişdir. Bu, həm onun, həm də digər məcburi köçkünlərin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, dövlət əmlakından sui-istifadə halıdır. xx.xx.2025-ci il tarixində o, Nərimanov Rayon Polis İdarəsinə qonşu kimi onun qanunsuz və ictimai asayişi pozan davranışları barədə rəsmi müraciət etmişdir. Həmin müraciət əsasında aparılan profilaktik söhbətlər nəticə verməmiş, bu səbəbdən polis orqanı tərəfindən məhkəməyə yazılı müraciət etməyi tövsiyə olunmuşdur. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, ikinci dərəcəli dövlət ədliyyə müşaviri X5 həmin ərazidə yaşayan bir neçə məcburi köçkün ailəsi tərəfindən Cavabdeh qeyri-etik davranışları, şantaj və təhqiramiz ifadələri ilə bağlı kollektiv ərizə ilə müraciət olunmuşdur. X2 (AQTA) onun eyni ünvanda yaratdığı qanunsuz "toyuq fermasını" araşdırmış və nəticədə bu obyektin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını rəsmən təsdiq etmişdir. Nərimanov Rayon Polis İdarəsinə onun dövlətə və məcburi köçkün ailələrinə qarşı təhdidlər və nalayiq ifadələrlə çıxış etməsi barədə əlavə şikayət ərizəsi təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixində Cavabdeh əsassız və hüquqi əsası olmayan iddialarla qardaşı X3 məhkəməyə vermişdir. Bu iddia, açıq şəkildə pul almaq məqsədi daşıyan manipulyasiya xarakteri daşıyır və özünü haqlı göstərməyə yönəlmiş bir cəhddir. Yuxarıda göstərilən hallar bir daha sübut edir ki, cavabdehin fəaliyyəti təkcə tikinti və yaşayış hüququnun pozulması ilə bitmir - o, eyni zamanda ətraf mühitə ziyan vuran, ictimai asayişi pozan və bir sıra hüquqi və inzibati pozuntularla müşayiət olunan davamlı davranışlar sərgiləyir. Cavabdeh etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Ağdam şəhəri, Sabir küçəsi 72 saylı evdən 2 övladı ilə birlikdə məcburi köçkün düşmüş, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103a saylı evdə məcburi köçkün kimi məskunlaşmışdır. 2024-cü ilin sentyabrına qədər ona və uşaqlarına çörək pulu verilirdi. Həmin tarixdən çörək pulu qanunsuz kəsildiyinə görə o, cavabdeh Ağdam rayon İcra Hakimiyyətinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş və bu ilin noyabr ayının 04-də iddia ərizəsi üzrə inzibati işə baxılacaqdır. Məcburi köçkün olduğuna və maddi vəziyyətinin ağır olması ilə əlaqədar qeyd edilən ünvanın həyətində toyuq saxlayır. Toyuq saxladığı həyət 4 tərəfdən daş hasarla hörülmüşdür. Buna görə həyətdə saxladığı toyuqların heç bir qonşuya zərəri yoxdur. İddiaçı bununla əlaqədar ondan Nərmanov rayon İcra Hakimiyyətinə, X1 şikayətlər etmiş, həmin təşkilatlardan nümayəndələr gəlib onun toyuq hininə baxmış, lakin hər hansı bir qanunsuzluq aşkar edilmədiyinə görə çıxıb getmişlər. İddiaçı qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi ona qarşı qərəzliliyi ilə əlaqədardır. O, toyuq hinini 7 il bundan əvvəl tikmiş, İddiaçı isə 1 il bundan əvvəl ondan aldığı torpaq sahəsində qeyri-qanuni tikili inşa etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar özbaşına tikililərdə yaşayırlar. Cavabdeh əvvəl toyuqları evində saxlayırdı. Sonra qoxusuna dözə bilmədiyi üçün onun evinin arxa tərəfində saxlamışdır. 2 ildir ki, onların arasında mübahisə gedir. Müvafiq qurumlardan da gəlib baxış keçirmişlər və yaşayış yerinə uyğun olmadığını və tikiliin ancaq məhkəmə qərarı ilə sökülə biləcəyini bildirmişlər. Cavabdeh toyuqlara dən tökür, dən yerdə qalır və siçovullar gəlir. Onlar öz evlərində qoxudan dayana bilmirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçının qardaşı onu döyüb, ondan sonra mübahisələri başlamışdır. 8 ildir ki o həmin tikilini tikmişdir. 50 toyuq saxlayır. O toyuq saxlayıb sataraq ehtiyacını qarşılayır. Əvvəllər həmin yer zibil atılan yer olmuşdur. O, oranı təmizləyib, daha sonra toyuq saxlamağa başlamışdır. Toyuq saxladığı yer təmizdir, iddiaçıya heç bir maneəçiliyi yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, əraziyə baxış keçirilmiş və Cavabdeh tərəfindən fərdi yaşayış sahəsi haqqında ev quşlarının saxlanması və yetişdirilməsi zamanı Azərbaycan Respublikasının "Baytarlıq" Qanunun 19-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə müəyyən edilmiş qaydaların tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, heyvanlar (quşların) saxlanan binanın içi və ətrafı ağardılmır, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri mütəmadi aparılmır, heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi qaydada biotermik və istifadəsi ilə məşğul olan sahibkar tərəfindən əldə edilən peyin kütləsi müvafiq xəstəliklərə zərərsizləşdirilmir və heyvanlar (ev quşları) arasında müxtəlif növ yoluxucu xəstəliklərə qarşı peyvəndləmə və diaqnostik müayinə işləri həyata keçirilmir. Eyni zamanda "Baytarlıq" haqqında Azərbaycan Respublikası Qanununun 40-сı maddəsinin pozulmasında təqsirkar olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı vətəndaş Cavabdeh nəzərinə çatdırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, qaydada müvafiq təlimatlara əməl etmək haqqında “Qaydalar" vətəndaş Cavabdeh rəsmi təqdim edilərək icrası ilə bağlı məcburi göstərişlər verilmişdir; - Məhkəmə tərəfindən keçirilmiş xx.xx.2025-ci il tarixli yerli baxış iclası protokolundan görünür ki, cavabdeh toyuqların saxlanılması üçün ayrıca tikili tikmişdir. Həmin tikili daxildən iki hissəyə bölünmüşdür. Toyuqların saxlanıldığı hissənin qapısı və pəncərəsi var. Digər hissədə isə əlavə əşyalar yığılmışdır. Toyuq hininin yerləşdiyi tikili iddiaçının yaşadığı evin arxa tərəfində yerləşir. Həmçinin toyuqların saxlanıldığı tikilinin divarı iddiaçıya məxsus evin divarına bitişikdir. Həmin yerdən həm iddiaçının evinin arxa tərəfinə, həm də boş əraziyə qapı açılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Mehdiyeva X6 rayonu Heydər Əliyev prospekti 103A ünvanında yaşadığı fərdi yaşayış evinin yanında yerləşən dörd divarla hasarlanmış toyuq hinində ev quşları saxlayır. Hər iki tərəf həmin ərazidə özbaşına tikilidə yaşayır. Hazırda İddiaçı toyuqların saxlanması nəticəsində natəmizlik yarandığına istinad edərək, toyuq hininin sökülməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəfindən İddiaçı onunla qonşu olduğu mübahisələndirilmir və bu baxımdan iddiaçının subyektiv hüququnun mövcudluğu üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Həmçinin məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı tərəflərin qonşu olduğu müəyyən edilmiş və beləliklə iddiaçının subyektiv hüququ təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 31 və 39-cu maddələrinə görə hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi digər prinsiplərlə yanaşı mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərini də müəyyən etmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi, Konstitusiya və ona əsaslanan mülki qanunvericilik hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmalıdır. “ Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq - sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir. Həmin Qanunun 19-cu maddəsində heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq sanitariya) tələbləri üzrə vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrə aiddir: heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; . dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək və s. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.2-ci bəndinə əsasən ev heyvanları saxlayan şəxslər ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Həmin Qaydaların 4.4.2-ci bəndinə əsasən, ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması qadağandır. Qaydaların 5-ci bəndinə görə, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: heyvana lazımi səviyyədə yem və su verməli; heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli; agentlikdə qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə müayinədən keçirməli; baytarlıq xidmətində ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli; heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.1-ci bəndinə əsasən heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır. Həmin Qaydaların 2.14-cü bəndinə əsasən heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir. Qaydaların 2.3-cü bəndinə əsasən heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə cavabdeh yaşayış məntəqəsinin ərazisində toyuq hini inşa edərək çox sayda ev quşları saxlayır və qanunvericiliklə tələb olunan qaydalara əməl etməməklə iddiaçının hüquqlarını pozur. Ev quşları çox sayda və antisanitar şəraitdə saxlanılmaqdadır. Halbuki şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariyagigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Həmçinin keçirilmiş yerli baxış zamanı toyuq hininin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilmişdir. Cavabdehin ev heyvanları saxlamaq hüququ həmin ərazidə yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui-istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Bundan əlavə Azərbaycan Respublikası X2nin müvafiq məktubundan da görünür ki, cavabdeh tərəfindən ev quşlarının saxlanılması zamanı baytarlıq və sanitariya qaydalarının tələbləri pozulmuş, dezinfeksiya, deratizasiya və digər zəruri tədbirlərin aparılmadığı aşkar edilmişdir. Bu hallar toyuqların saxlanmasının antisanitar şəraitdə həyata keçirildiyini və insanların sağlamlığı üçün təhlükə yaratdığını təsdiq edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən toyuq hinində ev quşlarının saxlanılması faktiki olaraq iddiaçının normal yaşayış şəraitini pozur, davamlı narahatçılıq yaradır, sanitariya və baytarlıq tələblərinə ziddir və bu hal qonşuluq hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr. 103A ünvanında saxlanılan toyuqlar ərazidən köçürülməklə toyuq hini sökülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr. 103A ünvanında saxlanılan toyuqlar ərazidən köçürülməklə toyuq hini sökülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar