Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3826/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, əmək haqqı və ona hesablanmış gecikmə faizlərinin, mənəvi zərərin ödənilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində ona hesablanmış əmək haqqının və gecikdirilmə faizlərinin, ümumilikdə 12924,1 manat pulun, mənəvi zərər kimi 50000 manat məbləğin, şəxsi avtomibilinin arxa yük hissəsindən götürdükləri 3686 manat dəyərində olan avtomobil ehtiyat hissələrinin, 6 ədəd girov kimi saxlanılmış ev qapılarının, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv olunması və uzun müddətdir ki adına olan +99***-***-**-** və +99***-***-**-** şəxsi əmlakı olan telefon nömrələrinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin oktyabr ayından Cavabdeh MMC-yə (VÖEN: **********) işə girmiş, qeyri-rəsmi işlədiyi müddət ərzində heç bir rəsmi əmək müqaviləsi bağlamadan Dubaya səfərə göndərilmişdir. xx.xx.2021-ci il tarixində onun ilə rəsmi əmək müqaviləsi bağlanmış, şöbə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. Rəsmi işə qəbul olunmağına baxmayaraq heç bir müqaviləyə imza etməmiş, əmək haqqı almaq üçün heç bir kart verilməmişdir. İşlədiyi dövrdə aldığı pul qeyri-rəsmi olaraq satışa görə hesablanmış faiz qismində verilmişdir ki, bu da cüzi miqdar təşkil etmişdir. Şəxsi əmlakı olan biznes telefon nömrələrini +99***-***-**-** və +99***-***-**-** Sahib Daşdəmirov və Samir Qəhramanov ona təzyiq göstərərək döymüşlər, hədə qorxu gəlməklə telefon nömrələrini adından ərizə alaraq Cavabdeh MMC-nin adına keçirmişlər. Qeyd edilən telefon nömrələri onun 10 illərlə yığdığı müştərilərlə əlaqə saxladığı nömrələrdir. Bütün bunları hadisələrin şahidi Elxan adlı keçmiş ofis işçisi də təsdiq edə bilər. Bu nömrələrlə satış edib ailəsini saxlayırdı. İşlədiyi müddətdə əmək fəaliyyətində heç bir nöqsanı olmamışdır. Rəhbərlik tərəfindən AR Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinin, müəssisə daxili intizam qaydalarının pozuntularına yol verməmişdir. Rəhbərliyə ərizə yazmağına, şifahi olaraq dəfələrlə müraciət etməyinə baxmayaraq, onu işdən azad etmədilər. Yenidən xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsi ilə onun əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazıb göndərmişdir. Poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ərizə göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfındən ev ünvanına ehtiyat hissələri anbarının təhvil təslim aktını təqdim etdikdən sonra işdən azad olunacağı və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunacağı bildirilmişdir. Bundan sonra onunla heç bir əlaqə saxlanılmamışdır. İşlədiyi müddətdə anbarda hər hansı bir maddi öhdəliyə dair heç bir rəsmi tapşırıq almadığından anbarda aparılan hesabatlara və əməliyyatlara dair heç bir sənəd tərtib etməmiş və buna dair sənədlər ona aid olmamışdır. Adına heç bir anbar sənədi olmamış, hər hansı bir təhvil təslim sənədi təqdim edilməmişdir. Eyni zamanda işlədiyi müddətdə heç bir sənədlə mal qəbul etməmiş və təhvil təslim etməyi barədə sənəd imzalamamışdır. Anbarın açarları özlərinin təyin etdiyi adamlarda olmuş, satışdan daxil olan gündəlik satış pulları özlərinin təyin etdiyi adamlara verilmişdir. O sadəcə olaraq öz şəxsi telefonu ilə müştərilərlə əlaqə saxlamış, onlara mal satmış və daxil olan məbləğləri özləri qəbul etmişdilər. Dəfələrlə zəng etməyinə və SMS yazmağına baxmayaraq və günlərlə "xxxx" ASC-nin və Cavabdeh MMC-nin ofisinə gedib Sahib Daşdəmirov ilə görüşməyini bildirmiş, ofisdə yoxdur deyə cavab verilmişdir. Dəfələrlə onu şərlədilər, şəxsi maşınından özünə aid ehtiyat hissələrini götürdülər, şəxsi aldığı İpone XS max telefonunu əlindən aldılar. Təzyiq altında 3 nəfər ona hədə qorxu gəlməklə şəxsiyyətini alçaldaraq öldürməklə hədələməklə şəxsi olan avtomobilini (BMW 745 markalı) əlindən aldılar, müəyyən danışıqlardan sonra avtomobilini zor gücünə geri qaytara bilmiş və avtomibilinin arxa yük hissəsində olan 3686 manat dəyərində olan şəxsi əmlakına aid olan avtomobil ehtiyat hissələrini Şamil adlı şəxs vasitəsi ilə maşınından anbara daşıtdıraraq avtomobilini talan eləmişdilər. Avtomobilindən götürülən ehtiyat hissələri: 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 006, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekt, 25 ədəd 600 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenvar, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat təşkil edir. Azər, Sahib Qəhramanov və Bəhruz adlı şəxslər məcburən 5000 manat borcu olduğunu yazılı formada yazmağını tələb edirdilər. Borcu olmadığını dediyi üçün yazmaqdan imtina etmiş və borcunun olmağını rəsmi sübutla təsdiq etməklərini bildirmələrini xahiş etmiş, onlar heç bir sübut, nə də dəlil gətirə bilmədilər. Bununla bərabər olaraq anbara 6 ədəd köhnə işlənmiş ev üçün qapı qoymuş, bunu da anbardan götürməyinə icazə vermirlər. Halbuki onlara heç bir borcu yox idi. Yenidən fevral ayının ortalarında ofisə dəvət elədilər, orda yenə ofisdə Daşdəmirov Sahib, Qəhramanov Sahib və Bəhruz adlı idmançı ilə təzyiq edərək, hədə qorxu gələrək və ölümlə hədələyərək 5000 manat pul tələb edirdilər sübutsuz və dəlilsiz. Bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə ona hədə qorxu gəlinməyi barədə şikayətini bildirmiş və Bəhruz adlı idmançı İdarəyə dəvət edilərək günahkar olduğunu bilib cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq heç bir borcunun olmadığını bildirmişdir. İdarədə ifadəsində bildirmişdir ki, ofisdə Sahib Daşdəmirov və Sahib Qəhramanov təzyiq göstərərək ölümlə hədə qorxu gəldiklərini və səbəbsiz yerə təzyiq etdiklərini və özü bunun şahidi olduğunu şifahi bildirmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə mütəxəssis vəzifəsinə işə girmiş, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC sistemdə ona Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işinə xitam verilməsini görüb, öz ərizəsinə əsasən işdən azad olunmağı barədə ərizə verməyini xahiş etmişlər və o ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda işsizdir, 2 uşağı var, ailəsini dolandırmaq üçün heç bir gəliri yoxdur. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində onunla əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlandığını təsdiq edir, amma sonradan ərizəsində göstərir ki, rəsmi işə qəbul olunsa da, şirkətlə arasında heç bir müqavilə olmamışdır. Buradan görünür ki, iddiaçı yürütdüyü 2 fikir arasında böyük ziddiyət yaranır, bu da iddiaçının əmək müqaviləsi haqqında dediklərini tam təkzib edir. İddiaçının göstərdiyi telefon nömrələrinin biri Bakcell telefon şirkətinə, digəri isə Nar Mobile telefon şirkətinə aiddir. İddiaçı həmin nömrələri şirkətin və ya kimsənin adına keçirərkən bu hadisə ofisdə baş verməmiş, nömrələri addan-ada keçirmək üçün mütləq həmin telefon şirkətlərinin ofislərinə getmək lazımdır. Həmin ofislərdə ən azı 10 nəfərdən artıq işçi işləyir. Əgər iddiaçını məcburən döyərək telefon nömrələrini əlindən alıblarsa o, mobil operatorların ofisində işçilərə müraciət edə bilərdi, polis çağıra bilərdi, başqa hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. Amma iddiaçı bunların heç birini etmədən könüllü şəkildə həmin telefon nömrələrini özü şirkətə vermişdir. Həmin telefon nömrələrinin ümumi dəyəri 15-20 manatdan baha deyil. Deməli iddiaçının iddiası tamamən əsassızdır. İddiaçı ərizədə göstərir ki, onun maşının yük yerində dəyəri 3686 manat olan avtomobil ehtiyat hissələrini məcburi şəkildə şirkətin işçiləri onun əlindən almış, üstünə bir idmançı gətirərək onu döymüşlər və məcburən boynuna 5000 manat pul qoymuşlar. İddiaçı ərizəsində göstərdiyi kimi köhnə qapıları anbarın bir hissəsinə yığmağa icazə alırdısa onun özünün kimi adlandırdığı avtomobil ehtiyat hissələrini də avtomobilin yük yerində deyil anbarın bir küncündə saxlaya bilərdi. 5000 manat iddiaçının Zaur adlı usta ilə əlbir olaraq anbardan oğurlayaraq ona verdiyi avtomobil mühərrikinin və əlavə ehtiyat hissələrinin puludur. Əslində həmin dəymiş ziyan 10000 manat dəyərindədir. Onun 5000 manatını iddiaçı 5000 manatını isə usta Zaur verməli idi. Lakin sonradan ustanın təmir sexində Sahib Qəhrəmanovun, Nurlan və Valid adlı ustaların yanında Zaurla iddiaçının üzləşməsindən sonra iddiaçı 10000 manatı özü ödəməyi boynuna götürmüş, sonradan isə pulu ödəməyərək qaçıb gizlənmişdir. İddiaçı əmək haqqının ödənilməməsi barədə şikayət edib. Onun özünün də göstərdiyi kimi 2022-ci ilin yanvar ayından işə çıxmayıb, ondan əvvəl işlədiyi 2021-ci ilin 8 ayı ərzində hər ay 1500 manat pul götürmüşdür. Bunun barəsində onun özünün imza etdiyi sənədlər də vardır. İddiaçı Dubaya getdiyini və oradan işlənmiş avtomobil hissələrini gətirdiyini qeyd edir. İddiaçı Dubaydan mal gətirərkən 8000 dollar dəyərində mal az gətirmişdir. Həmin bu pula alınan malın guya yaddan çıxaraq Dubayda qaldığını qeyd etmişdir. Amma biz Dubayla danışdıqdan sonra məlum olmuşdur ki, həmin pul ortalıqda yoxdur, iddiaçı tərəfindən oğurlanmışdır. İddiaçı onun qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarıldığını söyləyir. İddiaçı işdən çıxmağı barədə 2021-ci ildə rəsmi məktub göndərmiş, cavabında ona bildirilmişdir ki, onun öhdəsində olan əmlakları təhvil verdikdən sonra işdən çıxarıla bilər. Ona görə ki, iddiaçıdan sonra anbarda təftiş apardıqda məlum olmuşdur ki, iddiaçı gizli və saxta yollarla anbardan mal oğurlayaraq satmış və istifadəyə yararsız mallarla dəyişmişdir. İddiaçı öhdəsində olan ehtiyat hissələrini təhvil-təslim etmədiyinə görə və şirkətə vurduğu külli miqdarda ziyanı ödəmədiyinə görə, onu işdə verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarmışlar. İddiaçının anbardan oğurladığı malların dəyəri 100000 manata qədərdir. İddiaçı onlardan əvvəl işlədiyi avtomobil ehtiyat hissələrinin satıcısı olan X2 da 100000 manatdan çox ziyan vuraraq qaçmışdır. Bundan sonralar xəbərləri olmuşdur. Həmçinin iddiaçı şirkətin pulu ilə Dubaydan öz maşınına gizlincə mühərrik gətirmişdir. Sonradan ustalar vasitəsi ilə məlum olmuşdur ki, BMW markalı maşının qabaq hissəsini tam şəkildə gizlin satmışdır. Bütün bu hadisələrə ərazidə işləyən Nurlan, Valid adlı ustalar, Rasim adlı iş adamı şahiddir. Yuxarıda yazılanlardan görünür ki, iddiaçının qaldırdığı iddia təmamən əsassızdır. Əksinə olaraq o, şirkətə işlədiyi dövrdə 100000 manatdan çox ziyan vurmuşdur. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində şöbə müdiri vəzifəsinə işə qəbul olunması ilə bağlı əmək müqaviləsi bağlanmışdır; İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, başqa işəgötürənlə əmək müqaviləsi bağladığına və yaşayış yerini dəyişdirdiyinə görə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir; Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı iş yerini öz başına tərk etmişdir. Vəzifə borcu olduğu anbarın inventarlaşması başa çatdırıldıqdan sonra, ehtiyat hissələri anbarının təhvil-təslim aktını təqdim etdikdən sonra işdən azad olunacaq; Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün son dəfə xəbərdarlıq olunmuş, 3 iş günü ərzində Cavabdeh MMC-də olan öhdəliklərinin təhvil-təslim verilməsi xahiş olunmuş, əks halda AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə tutduğu vəzifədən azad olunacağı qeyd edilmişdir; Cavabdeh MMC-nin nümayəndəsi, İpək yolu gömrük postunun inspektoru və postların işinin təşkili şöbəsinin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin ünvanına gəlmiş işlənmiş avto ehtiyat hissələri yükünə baxış keçirilmiş və baxış zamanı buraxılış ili 2013-cü il olan 48 kiloluq Nouscut - 1 ədəd, buraxılış ili 2006-cı il olan 54 kiloluq 1 ədəd arxa bufer və 10 kiloluq 1 ədəd kapotun ili düzgün bəyan olunmadığı müəyyən olunmuşdur. Eyni zamanda 41 ədəd (1998-2002) benzin mühərrik kimi bəyan olunanların içində 1 ədədinin 2003-cü il buraxılışlı və dizel mühərrik olduğu aşkar edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrdən görünür ki, “İnzibati” bolmədə “Satış departamenti ehtiyat hissələri şöbə müdiri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”- “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir; Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı şirkətdə işlədiyi dövrdə, 2021-ci ilin may-dekabr aylarında alacağı əmək haqqının miqdarı cəmi (ayda 250 manat olmaqla) 2000 manat təşkil edir. Həmin dövrdə İddiaçı öz imzaları ilə müxtəlif vaxtlarda götürdüyü borc pulların miqdarı isə 6500 manatdan çoxdur; Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MMCyə aylıq 350 manat əmək haqqı olmaqla işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, iddiaçı ilə şirkətin məxsus olduğu şəxslər Dubaydən mal gətirilməsi ilə bağlı razılığa gəlmişdilər. Onlar razılığa gəldikdən sonra Dubaydən mallar gətirilmişdir. Onun avtomobilində həmişə şirkətin malları olurdu. Onun öz malları çox az idi və onların dəyəri 1000 manat etmirdi. İddiaçının qeyd etdiyi 3000 manatlıq mal şirkətə məxsus idi və bizim tərəfimizdən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, iddiaçı Dubaydən hər maldan bir ədəd gətirmişdir. Həmin mallar birlikdə 2 qutu mal edir. İddiaçı həmin bir qutu malı satıb bitirə bilmədi. İddiaçının avtomobilinin arxasındakı mallar bizim şirkətə məxsus idi. Bu səbəbdən də həmin mallar bizim tərəfimizdən götürülmüşdür. İddiaçı özü də mənə avtomobilində tək tük mal olduğunu bildirirdi. Həmin mallar bu qədər zaman ərzində bitməli idi. İddiaçı əsassız olaraq şirkətin mallarının ona məxsus olduğunu iddia edir. Həmin mallar Dubaydən gələndə mən anbara yığmışam. Bu səbəbdən də həmin malların sayını və hansı mallar gətirildiyini dəqiq bilirəm. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işəgötürənə yazılı ərizə ünvanlayaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, yəni öz arzusu ilə xitam verilməsini xahiş etmiş, cavabdeh anbarın təhvil-təslimi və inventarlaşması aparıldıqdan sonra işdən azad olunacağını bildirmiş, daha sonra əmək müqaviləsini əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, yaxud əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə ləğv etmişdir. İddiaçı əmək haqqının ödənilməməsini və əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinin pozulmasını əsas gətirərək əmrin ləğv edilməsi və əmək haqqının ödənilməsi tələbilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdeh tərəfindən sonuncunun anbarında saxlanılan 6 ədəd ev qapılarının, iddiaçının avtomobilindən götürülmüş ehtiyat hissələrinin, istifadəsi və sahibliyində olmuş mobil nömrələrinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır (2.3-cü maddə). Məcəllə işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi 70-ci maddənin “ç” bəndinə münasibətdə konkretləşdirici norma kimi çıxış etməklə əmək müqaviləsinin müvafiq əsasla ləğv edilməsi üçün xüsusi şərt nəzərdə tutmuşdur. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır (ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi). Hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış, eləcə də əmək müqaviləsi ləğv edilərkən ƏM-in 70-ci maddəsinin “ç” bəndinə istinad edilsə də, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasının hansı hərəkətlərdə və ya hərəkətsizlikdə ifadə olunmasını göstərməmiş və buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh-işəgötürən xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək anbarın təhvil-təslim aktını təqdim etdikdən sonra işdən azad olunacağını bildirmiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə üzrlü səbəb olmadan işə gəlmədiyi üçün 70-ci maddə ilə əmək müqaviləsinin ləğv ediləcəyi barədə sonuncu dəfə xəbərdarlıq etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, işəgötürən anbar təhvil-təslim edilmədən işdən azad olunmasının qeyri-mümkünlüyünü bildirsə də, anbarın təhvil verilməsinin, ümumiyyətlə anbara nəzarət edilməsinin iddiaçının vəzifə dairəsinə daxil olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh etiraz ərizəsində iddiaçı tərəfindən anbardan malların götürüldüyünü, xarab mallarla dəyişdirildiyini, müəssisəyə ziyan vurulduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları izahatlarında bildirməklə kifayətlənmiş, bu halları təsdiq edən etibarlı və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflərin izahatına əsasən anbarın açarları başqa şəxsdə olmuş, həmin ərazidə daimi video müşahidə aparılmışdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, ifadə vermiş şahidlər cavabdeh təşkilatla işçi-işəgötürən münasibətlərində olmuş şəxslər olduğundan onların ifadələri müvafiq məsələ üzrə “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Malların düzgün bəyan edilməməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akt isə iddiaçı ilə rəsmi əmək müqaviləsi bağlanmazdan əvvəl tərtib edilmiş aktdır. Eyni zamanda qeyd olunmalıdır ki, sonuncu xəbərdarlıqda işçinin işə üzrsüz səbəbdən gəlmədiyinə görə əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. Lakin nəzərə alınmamışdır ki, xx.xx.2022-ci il tarixdə işçi ərizə göndərərək öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmişdir. ƏM-in 69-cu maddəsinə uyğun olaraq, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda və digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, işçi işəgötürəni xəbərdar etməklə əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək hüququna malikdir. Beləliklə, işçinin öz xahişi ilə işdən çıxması barədə ərizə verdiyi halda 4 ay sonra işəgötürən tərəfindən əmək müqaviləsinin üzrlü səbəb olmadan işə çıxmama əsası ilə ləğv edilməsi barədə xəbərdarlıq edilməsi onun qərəzli münasibətini nümayiş etdirir. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə əmrin əsaslandırılmaması, müqavilənin işçinin öz öhdəliklərini yerinə yetirməməsinin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmasının konkret nədə ifadə olunması göstərilmədən ləğv edilməsi iqtisadi baxımdan daha güclü olan işəgötürən tərəfindən təşkilati-sərəncamverici səlahiyyətlərdən və hüquqlardan sui-istifadə etmə hesab olunmalıdır. Belə ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi, ümumiyyətlə öz öhdəliklərini icra etməməsi və ya onları kobud şəkildə pozması tutarlı və mötəbər sübutlarla təsdiq olunmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amil kimi çıxış edir. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İddia tələbinin qanuni əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin normada əmrin ləğv edilməsinin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozaraq ləğv etməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinin ləğv edilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi çıxış edir. Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən əmək qanunvericiliyinin, o cümlədən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini, işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğunu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəymiş olduğunu, o cümlədən öz öhdəliklərini yerinə yetirməməsini qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, məcburi məzmun və forma tələblərinə riayət etməmiş, işçinin əmək funksiyasının pozulmasına səbəb olmuş hərəkətlərinə dair rəsmiləşdirməni aparmamış, əmrdə işçinin əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli əmr qanunsuz hesab edilməlidir. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsini tələb etmədiyindən məhkəmə həmin məsələyə münasibət bildirmir. İddianın 6 ədəd girov saxlanmış ev qapılarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh audio-video yazının aparıldığı məhkəmə iclasında verdiyi izahatında həmin qapıların iddiaçıya məxsus olduğunu, iddiaçı tərəfindən ofisə gətirildiyini, hazırda ofisdə olduğunu və onlara lazım olmadıqlarını bildirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Məhkəmə cavabdehin iddiaçıya məxsus 6 ədəd ev qapısının ofisdə olması və öhdəliklərini icra etmədiyindən ofisdə saxlanması faktını təsdiq etməsini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddianın şəxsi avtomobilinin arxa yük hissəsindən götürdükləri 3686 manat dəyərində avtomobil ehtiyat hissələrinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomobildən həmin dəyərdə iddia ərizəsində sadalanan əşyaların götürüldüyünü cavabdehin nümayəndəsi və onlar tərəfindən məhkəmə iclasına dəvət edilmiş şahidlər təsdiq etmişlər. Lakin bildirmişlər ki, həmin ehtiyat hissələri onlara məxsus olmuş, iddiaçı tərəfindən onların ofisindən oğurlanmışdır. İddiaçı isə uzun illərdir ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, həmin əşyaların ona məxsus olduğunu, öz müştərilərinə tələbat olduqca işdən sonra satdığını bildirmişdir. Cavabdeh malların onlar tərəfindən alındığını təsdiq etmək üçün gömrük sənədlərini təqdim etmiş və şahidlər dəvət etmişdir. Lakin qeyd olunmalıdır ki, göstərilən məbləğdə oğurluq cinayət əməli hesab olunur, hər kəsin təqsirsizlik prezumpsiyası vardır və əksi qanunla müəyyən edilmiş qaydada sübut olunmayınca heç kəs cinayət törətməkdə təqsirləndirilə bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək özünəyardımın hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 565-ci maddəsinə görə isə kiminsə əlindən əşya alındıqda bu barədə dərhal bəyanat verilməlidir. Özünəyardım tədbirləri həyata keçirildikdən bilavasitə sonra təsdiq olunmaq üçün səlahiyyətli dövlət orqanına bəyan edilmədikdə və ya həmin orqan belə bəyanatı yolverilməz və ya əsassız bəyanat kimi rədd etdikdə, özünəyardım tədbirləri lap əvvəlindən qeyri-hüquqi sayılır. Göstərilən malların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin malların dəyərini mübahisələndirməmiş, yalnız malların onlara məxsus olduğunu bildirmiş və verdiyi izahatlarında malların dəyərinin həmin civarda olduğunu qəbul etmişdir. Qeyd olunanlara, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadələrində həmin əşyaların götürülməsini və onların dəyərinin iddia ərizəsində göstərildiyi kimi olduğunu təsdiq etməsinə, əşyaların dəyərinin mübahisələndirilməməsinə əsaslanaraq məhkəmə əlavə araşdırma aparmadan hesab edir ki, iddiaçının şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılmalıdır. İddiaçının mənəvi ziyana görə 50000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə və “Qeyd”inə əsasən, məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə qanunsuz əmrin qəbul edilməsi, onun xx.xx.2022-ci il tarixdə 350 manat əmək haqqı olan başqa işə düzəlməsi, lakin əvvəlki iş yerində əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi səbəbindən iki ay sonra işəgötürənin xahişi ilə öz ərizəsi əsasında işdən çıxmalı olması, hazırki dövrədək işsiz qalması və yuxarıda göstərilmiş digər hallar nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini, mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. İddiaçının işlədiyi müddət ərzində ödənilməyən əmək haqqlarının və gecikdirmə faizlərinin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 2021-ci ilin may ayından həmin ilin dekabr ayınadək aylıq əmək haqqı 250 manat, 2022-ci ilin yanvar ayında 300 manat olmuşdur. Fevral ayında işdən çıxma barədə ərizə vermiş və tərəflərin izahatına əsasən əmək münasibətləri faktiki olaraq pozulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş və iddiaçının imzası ilə təsdiq etdiyi əlyazmalara əsasən müxtəlif dövrlərdə işçiyə 3000 manatdan çox pul avans şəklində ödənilmişdir. İddiaçı isə məhkəmə iclasında həmin pulların ödənildiyini, lakin onların əmək haqqı deyil bonus olduğunu bildirmişdir. Əmək haqqı kart vasitəsilə ödənilməsə də, həmin pulların əmək haqqı deyil, bonus olduğunu sübut etmək vəzifəsinin iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı bu halı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçıya əmək haqqı ödənilməsini əks etdirən əlyazmalarına, iddiaçının həmin əlyazmaları və ona müvafiq pulların ödənilməsini inkar etməməsinə, həmin məbləğlərin əmək haqqı deyil, bonus olduğunu sübuta yetirə bilməməsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əmək haqqı və həmin tələbdən irəli gələn hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi hissəsində təmin edilməməlidir. İddia tələbinin iddiaçının adına olan +99***-***-**-** və +99***-***-**-** telefon nömrələrinin geri qaytarılması hissəsində məhkəmə qeyd edir ki, tərəflərin izahatına əsasən həmin nömrələr işə başlamazdan əvvəl iki ilə yaxın müddətdir ki, iddiaçı və həmin nömrələri əldə edən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən müvafiq mobil operatorlarının ofisinə gedərək ərizələr əsasında onun adına keçirilmişdir. İddiaçı ona təzyiq göstərilməsi, döyülməsi, hədə-qorxu gəlinməsi səbəbindən bunu etdiyini bildirsə də, həmin dövrdən sonra münasibətlərinin davam etməsi, cavabdeh təşkilatda əmək fəaliyyətinə başlaması və həmin dövrdən iki ilə yaxın müddət keçməsinə baxmayaraq bununla bağlı heç bir orqana müraciət etməməsi iddiaçının bu tələbini əsaslandırdığı halları təkzib edir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsi üzrə sübutetmə yükü bilavasitə iddianı irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.3-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və tələbin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia mobil nömrələrin qaytarılması hissəsində təmin edilməməlidir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmr qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçının şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri, iddiaçıya məxsus cavabdeh təşkilatda saxlanılan 6 ədəd ev qapıları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, mənəvi zərərə görə 2000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmri ləğv edilsin. İddiaçı şəxsi avtomobilinin arxa yük hissəsindən götürülmüş 1 ədəd 400 manat dəyərində ABS blok 007, 1 ədəd 450 manat dəyərində ABS blok 066, 1 ədəd 600 manat dəyərində N52 beyin komplekti, 25 ədəd 400 manat dəyərində Radar sensorları, 1 ədəd 90 manat dəyərində Pompa N62, 5 ədəd 150 manat dəyərində Babin, 1 ədəd 700 manat dəyərində Beyin MSV 70, 1 ədəd 600 manat dəyərində Beyin MSV 80, 7 ədəd 196 manat dəyərində Datcikler kollenval, 1 ədəd 100 manat dəyərində Ksenon blok olmaqla, cəmi 3686 manat dəyərində avtomobil ehtiyat hissələri iddiaçıya qaytarılsın. İddiaçı məxsus Cavabdeh MMC-də saxlanılan 6 ədəd ev qapıları Cavabdeh MMCdən alınaraq İddiaçı qaytarılsın. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva