Məhkəmə qərarları › İş №2(005)-3827/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3827/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3827/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əskik verilmiş 1.8 kv.m. sahəyə görə 5400 manat və mart ayı üçün verilməmiş kirayə puluna görə 400 manat pul vəsaitinin, eyni zamanda 78 manat dövlət rüsumunun, cəmi 5878 manat pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 18-i Cavabdeh MMC-yə çoxmənzilli yaşayış binasını tikməsi üçün təhvil verir, onlar da həmin binanın İ girişində, 15-ci mərtəbəsində ona 53.8 kv.m sahəsi olan mənzili verməli idi. Eyni zamanda mənzil təhvil verilənə kimi hər ay 400 manat kirayə pulu verilməli idi. 2021-ci ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində qeyd olunan yaşayış binası tikilərək mənzil ona təhvil verilmiş, lakin mart ayı üçün ona 400 manat kirayə pulu verilməmişdir. Həmçinin mənzilə köçəndən sonra məlum olmuşdur ki, mənzil 1.8 kv.m əskikdir. Bununla bağlı dəfələrlə MMC-yə şifahi müraciət etsə də, nəticəsi olmamışdır. Sonda xx.xx.2022-ci il tarixdə yazılı müraciət etmiş, lakin bu dəfə də müraciəti cavabsız qalmışdır. Qeyd olunan binada təmirli mənzillərin 1 kv.m. qiyməti 3000-3500 manat aralığındadır. Daha sonra iddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə olan mübahisə məhkəmədənkənar qaydada həll edildiyindən iddia tələbindən imtina etdiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbləri cavabdeh tərəfindən ödənildiyindən iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının ərizəsini və izahatını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasından imtinası təsdiq edilsin və hazırkı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 78 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: 9********) İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar