Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3869/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli texniki invertarizasiya və qiymətləndirməyə aid pasportun ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ona məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair xx.xx.1993-cü il tarixdə verilmiş texniki pasportda adı, soyadı və ata adı digər sənədlərdə olduğu kimi, yəni “Ərizəçi” şəklində qeyd edilsə də, torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli texniki invertarizasiya və qiymətləndirməyə aid pasportda ata adı ilə bağlı texniki səhvə yol verilmişdir. Bu səbəbdən hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE № 000***** seriyalı şəxsiyyət vəsiqəsinin və P2187799 seriyalı DİN tərəfindən verilmiş pasportun surətlərindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonu, Kovlyar kəndində doğulmuşdur; Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 071024 seriyalı vəsiqənin surətindən görünür ki, Ərizəçi əmək veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəst və imtiyazlardan istifadə etmək hüququna malikdir; 1993-cü il tarixli Fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin sahibi Ərizəçidur; 1972-ci il tarixli Şəxsin mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən evin sahibinin soyadı, adı və ata adı “Kurbanov Aləddin A.” kimi qeyd edilmişdir; DƏDRK PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 10/106 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin bir hissəsinin adı dəyişdirilərək Habil Mirzəyev küçəsi adlandırılmışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından və mülki işin materiallarından müəyyən olundu ki, mənzillə bağlı ərizəçinin adına mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilərkən ata adı səhv qeyd olunmuş, daha sonra ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. Ərizəçi yaşayış evinə dair mülkiyyət hüquqlarının həyata keçirilməsində maneələr yaşamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur, iş materiallarından olan şəxsiyyət vəsiqəsinin, DİN tərəfindən verilmiş pasportun, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş vəsiqənin və fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportun surətləri ilə Ərizəçi ata adının baş hərfi “A” kimi göstərildiyindən və ərizəçinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması başqa qaydada mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.5-ci, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli texniki invertarizasiya və qiymətləndirməyə aid pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1972-ci il tarixli texniki invertarizasiya və qiymətləndirməyə aid pasportun Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3869/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3869/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver