Məhkəmə qərarları › İş №2(005)-3901/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3901/2025

12.08.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3901/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 3 saylı notariat ofisi göstərilməklə “notariusun icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi icra qeydinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 3 saylı notariat ofisinin Xüsusi notariusu X1 8İ-4145 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Mülki iş materiallarına əlavə edilmiş: 8İ-4145 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" MMC-nin xeyrinə borclu Ərizəçi **********005 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 956 manat vəsait, bundan əlavə 484 manat məbləğində cərimə peniya və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1465 manat pulun tutulması təklif edilmişdir; xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında Qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin İcra məmuru X2 Bakı şəhəri 3 saylı notariat kontorunun 8İ-4145 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamağı qərara almışdır; Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" BOKT MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********005 saylı “mikrokredit müqaviləsi” üzrə Ərizəçi 1440 manat borcunun olması və 3 gün ərzində ödəniş edilməzsə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi ilə "xxxx" BOKT MMC arasında **********005 saylı kredit müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş, Bakı şəhəri 3 saylı notariat kontorunun 8İ-4145 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borc məbləğinin Ərizəçi kreditorun xeyrinə tutulması təklif edilmişdir. Hazırda ərizəçi icra qeydini qanunsuz və əsassız hesab edərək, icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Konstitusiyanın 71-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilməsə də nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğu daxilində bəzi məhdudiyyətlərə məruz qala bilər. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki Prosessual Məcəllənin 305-ci maddəsində məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılan işlərin siyahısı müəyyən edilmiş, o cümlədən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılmasının da nəzərdə tutula bilinməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, ərizənin məzmunundan göründüyü kimi icra qeydi üzrə "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələb olunan borc və faizlərlə bağlı hissə, tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda belə bir bildirişin göndərməməsi, hər hansı kredit məbləğinin illik 60,85 faizlə verilməsinin qanunsuzluğu, faizlərin hesablanması üzrə qaydanın ona izah edilməməsi kimi məsələlər Ərizəçi tərəfindən mübahisələndirilmişdir. Məhz həmin mübahisələrdən irəli gələrək də, ərizəçi icra qeydinin ləğvi üzrə məhkəməyə müraciət etmişdir. İlk növbədə ərizə xüsusi icraat qaydasında verilən işlər üzrə məhkəməyə ünvanlanmışdır. Nəzərə alınmalıdır ki, o işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır ki, həmin məsələlər üzrə tərəflər arasında mübahisə mövcud deyildir və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə və qanunvericiliklə nəzərdə tutulmuş digər işlərə baxılmasına yönəlmişdir. Halbuki hazırki iş xüsusi icraat qaydasında baxılması təsbit olunan heç bir kateqoriyaya aid edilmir, ən əsası da tərəflər arasında olan mübahisələrdən irəli gəlir. Odur ki, ərizə xüsusi icraat qaydasında deyil, hüquqi mübahisələrin həllinə xidmət edən iddia icraatı qaydasında verilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi icra qeydinin ləğv edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi icra qeydinin ləğv edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, iddia icraatı qaydasında icra qeydinin ləğvi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar