Məhkəmə qərarları › İş №e-2(060)-7473/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7473/2025

04.03.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7473/2025 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, İddiaçının Cavabdehnə qarşı Notariat Ofisi tərəfindən qəbul edilmiş notarial hərəkətlərin aparılmasından imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı tərəfindən təqdim edilən sifariş müqaviləsinin notarial təsdiq edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmin məhkəmə işi üzrə çəkilmiş xərclərin və vəkilin xidmət haqlarının xüsusi notarius X1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə müraciət edərək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onunla "xxxx" ASC arasında kredit verilməsinə dair22-MCR-1-356-24/3 saylı, xx.xx.2025-ci il tarixli müqavilə bağlanaraq əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 110000 (bir yüz on min) manat kredit vəsaitinin ayrıldığını bildirmiş, həmin kredit hesabına fəaliyyət göstərdiyi ərazidə pərakəndə satışı təşkil etmək üçün daxili və xarici bazardan müxtəlif markalı nəqliyyat vaitələrinin və onların ehtiyyat hissələrinin alınaraq ona təhvil verilməsi ilə bağlı X4 ilə sifariş müqaviləsi bağlamaq niyyətində olduğunu qeyd etmişdir. Gələcəkdə sifarişçi və icraçı arasında hər hansı mübahisə yaranmaması və ya belə mübahisə yaranarsa, onun nizamlanmasını əvvəlcədən tənzimləmək məqsədilə həmin müqavilə əsasında kredit vəsaitinin notariusun depozit hesabına köçürülməsini, müqavilə təsdiq etdikdən sonra İcraçıya ödənilməsi məqsədi ilə banka müvafiq məktub verilməsini və ərizəsinə əlavə etdiyi (layihə) sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsini xx.xx.2025-ci il tarixdə xahiş etmişdir. Onun xaişinə notarius şifahi imtina verdiyi üçün xx.xx.2025-ci il tarixdə müvafiq sənədləri təqdim edərək notariusdan rəsmi yazılı imtina qərarı istəmişdir. Vətəndaşın həmin müraciəti əsasında Cavabdeh xüsusi notariusu X2 xx.xx.2025-ci il tarixdə rəsmi imtina qərarı vermişdir. Xüsusi notariusun həmin qərarı ilə tanış olduqda tamamilə əsassız olduğu və aşağıda qeyd edilən səbəblərdən ləğv edilməli olduğu müəyyən edilmişdir. Bəhs edilən qərarda xüsusi notarius əsasən 3 arqument üzərindən çıxış edərək “Notariat Haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 7-ci hissəsinə istinad edərək qanunvericiliyi tamamilə səhv tətbiq etmişdir. Həmin normada göstərilir ki, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. İddiaçı avtomobil və onların ehtiyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olur, bu fəliyyəti genişləndirmək məqsədilə bankdan hər günə görə faizini ödədiyi kredit götürmüş, bunu təsdiq edən bütün sənədlər notariusa təqdim edilmişdir. Lakin buna baxmayaraq notarius onun haqlı müraciətinə etiraz etmişdir. İddiaçının məqsədi avtomobillərin və onların ehtiyat hissələrinin xarici ölkələrdə internet resursları üzərindən keçirilən açıq hərraclardan (“Copart”, “autotrayding” “mobile de” və s.) markası bəlli olan avtomobilləri (zədəli və zədəsiz) və onlara uyğun ehtiyat hissələrini alıb Azərbaycana idxalını təşkil etməkdir. Bu məqsədlə həmin hərraclarda üzvlüyü və profesional səviyyəsi olan icraçı ilə müqavilə bağlamaq istəmişdir. Həmin hərraclar real vaxt rejimində, gecə saatlarında keçirilir və ödənişi dərhal edilməlidir. Belə bir məqsədi həyata keçirmək üçün iddiaçı külli miqdarda vəsaiti icraçıya təqdim edirsə, bunun rəsmi həyata keçirilməsini istəmişdir. Xüsusi notarius imtinasını onunla əsaslandırmışdır ki, qeyd olunan sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsinin məcburiliyi qanunvericikdə müəyyən edilməmiş, tərəflər həmin müqaviləni sadə yazılı formaya riayət etməklə rəsmiləşdirib nəzərdə tutulmuş hüquq və vəzifələri üzrə qeyd olunan kredit vəsaitini qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə köçürə bilməsi istisna deyildir (4-cü abzas 1-ci cümlə). “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Lakin notariusun yuxarıda qeyd olunan yanaşmasından belə başa düşülür ki, notariuslar yalnız təsdiqinin notarial olmasının vacibliyi qeyd edilən əqdləri təsdiq edə bilərlər, digər əqdlər qanunvericiliyin tələblərinə uyğun olsa da bunu notarius təsdiq edə bilməz. Belə əqdlər tərəflər arasında sadə yazılı formaya əməl etməklə bağlansa kifayət edir. Xüsusi notariusun həmin interpretasiyası notariat sisteminin mahiyyəti ilə dabandabana ziddir. Tərəflər üçün qiyməti 110000 manat olan müqavilə xüsusi əhəmiyyət kəsb etdiyindən gələcəkdə məhkəməyə qədər mübahisələrin qarşısının alınması üçün, bu razılaşmanı notarial qaydada təsdiq etdirməyi arzu etmiş, müqavilə şərtlərini özləri tərtib etmiş və layihəni notariusa təqdim etmişlər. Bunu ona görə etmişlər ki, gələcəkdə həmin əqdin hər hansı kənar təsir altında bağlanması mübahisə predmeti olmasın. Hətta xahiş etmişlər ki, həmin müqavilənin ödənişi də notarriusun depozit hesabı vasitəsilə həyata keçirilsin. İddiaçının notarial təsdiqini tələb etdiyi əqdin və ya onun hər hansı bəndinin mövcud qanunvericiliyə uyğun olmayan şərti müəyyən edilməmişdir. Bəlkə də bu, ən bəsit sifariş müqaviləsidir. Xüsusi notarius imtina qərarını “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinin 2-ci bəndi ilə əsaslandırmamış, həmin norma ilə üzərinə düşən vəzifələri icra etməmişdir. Xüsusi notarius öz qərarında göstərir ki, eyni zamanda notariusun depozit hesabı vasitəsi ilə hesablaşmaların hansı əqdlər üçün nəzərdə tutulmasının məqsədi 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə 11 iyun 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş və göstərilmişdir ki, daşınmaz əmlaka və rəsmi reyestrdə qeydə alınan daşınar əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Göründüyü kimi, notariusun bankda açılan depozit hesabının təyinatı müəyyən edilmiş, bu təyinatlarda qeyd olunan müqavilənin təsdiq edilərək pul məbləğinin ödənilməsinin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Xüsusi notarius hesab etmişdir ki, depozit hesabı yalnız daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması zamanı istifadə oluna bilər. Halbuki, nə maddi hüquq normalarında, nə də həmin təlimatda depozit hesabın digər əqdlər üzrə istifadə edilməsi qadağan edilməmişdir. Qanunverici məcburi istifadə hallarını sadalamışdır, qanunla yol verilən digər əqdlərin ödənilməsi üçün istifadəsini isə qadağan etməmişdir. İddiaçının istəyi bundan ibarət olmuşdur ki, əqd üzrə borclu tərəf kimi özünə məxsus olan vəsaiti depozitə qəbul edib kreditora (icraçıya) təqdim etsin. Daha sonra xüsusi notarius heç bir əsas olmadan o qənaətə gəlmişdir ki, tərəflərin həqiqi niyyəti guya həmin əqdi bağlamaq deyil, kredit şəklində ayrılmış pul vəsaitlərinin nağdlaşdırılması cəhdləridir, yəni təqdim olunan əqd yalan əqddir. İddiaçı bankla kredit müqaviləsi bağlayıb, faiz ödəmək öhdəliyi yarandığı vaxtdan həmin kredit vəsaitinin təyinatı üzrə sərəncamçısına çevrilmişdir. Bu da o deməkdir ki, iddiaçı qanunla mülki dövriyyəsi qadağan olunmayan istənilən şəxslə istənilən müqavilə münasibətlərinə daxil olub öz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təmin edə bilər. Eyni zamanda, imtina qərarının kredit vəsaitinin təyinatı üzrə xərclənməməsi hissəsinə gəldikdə qeyd olunmalıdır ki, notariusun bank tərəfindən verilən kredit vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət etmək və ya hər hansı bir formada müdaxilə etmək kimi bir hüququ və saləhiyyəti yoxdur, bu səlahiyyət yalnız kredit təşkilatındadır ki, bu halda da pulun vaxtından əvvəl geri tələb etmək hüququ yaradır. İmtina qərarının təqribən yarısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının sadalanmasına sərf edilmişdir. Təklif olunan əqdin heç bir cinayətlə əlaqəsi olmadığı kimi, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş “öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”lə də heç bir ziddiyyəti yoxdur. Bu qanunlardan arqument kimi istifadə olunması ümumiyyətlə, başa düşülən deyil. Nə iddiaçı cinayət yolu ilə əmlak əldə edib, nə də icraçı olan şəxs Maliyyə Monitorinqi Xidmətinin təsdiq etdiyi hər hansı siyahəda şəxsən və ya vətəndaşlıq mənsubiyyəti üzrə qeydə alınmamışdır. Xüsusi notariusun qərarında da bu qanunlara əsaslanmanın dəlilləri ümumiyyətlə izah edilməmiş, təklif olunan əqdə aidiyyatı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh xüsusi notariusu məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayənəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Cavabdeh xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçının təqdim etdiyi sifariş məktubunun təsdiq edilməsindən imtina edilmişdir. -xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı avtomobillərin sərgi salonlarının fəaliyyəti növü üzrə vergi ödəyicisi kimi qeydə alınmışdır. - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank ona əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 faiz qaytarmaq şərtilə 24 ay müddətinə 110000 manat kredit vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, vergi ödəyici olan İddiaçı N.R.Aslanovla bağladığı sifariş müqaviləsinin təsdiq edilməsi məqsədilə ərizə ilə Cavabdehnə müraciət etmiş, Ofis isə bu müqaviləsi təsdiq etməkdən xx.xx.2025-ci il tarixli qərarla imtina etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı tərəfindən təqdim edilən sifariş müqaviləsinin notarial təsdiq edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmin məhkəmə işi üzrə çəkilmiş xərclərin və vəkilin xidmət haqlarının xüsusi notarius X1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Notarius imtinasını bununla əsaslandırmışdır ki, təqdim edilən sifariş müqaviləsinin notarial qaydada təsdiq edilməsinin məcburiliyi qanunvericiliklə müəyyən edilməmişdir və tərəflər öz üzərlərinə vəzifə və öhdəlikləri sadə yazılı əqd bağlamaq yolu ilə götürə bilərlər. Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 45-cı maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. İşdən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı ilə N.R.Aslanov arasında bağlanmış sifariş müqaviləsi mülki qanunvericiliyin tələblərinə cavab verir, ona zidd deyildir. Belə olan halda, notariusun bu əqdi təsdiq etməkdən imtina etməsi qanunsuzdur. İmtinanın digər dəlili həmin sifariş müqaviləsi üzrə hesablaşmaların notariusun depozit hesabından aparılmalı olmaması ilə bağlıdır. Notarius bu zaman “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə 11 iyun 2018-ci il tarixli Nazirlər Kabinetinin Qərarına istinad etmişdir.. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 160-1-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Mövcud qanunvericilikdə göstərilir ki, depozit hesabı yalnız daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması zamanı istifadə oluna bilər. Halbuki nə maddi hüquq normalarında, nə də həmin təlimatda həmin depozit hesabın digər əqdlər üzrə də istifadə edilməsi qadağan edilməmişdir. İmtinanın başqa əsası isə tərəflərin həqiqi niyyətinin guya həmin əqdi bağlamaq deyil, kredit şəklində ayrılmış pul vəsaitlərinin nağdlaşdırılması cəhdləridir, yəni təqdim olunan əqd uydurma əqddir. Bu dəlil iş materialları ilə tamamilə təkzib olunur, çünki iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsi ilə bank ona əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 faiz qaytarmaq şərtilə 24 ay müddətinə 110000 manat kredit vermişdir. Kredit vəsaiti təqdim olunduğu andan iddiaçının həmin vəsaiti nağdlaşdırmaq imkanı vardır, bunun üçün başqa şəxslə sifariş müqaviləsi bağlamağa isə heç bir zərurət yoxdur. Əksinə, işdən görünür ki, məhz sifariş müqaviləsinə əsasən ayrılmış kredit vəsaitinin təyinatına uyğun xərclənməsi planlaşdırılır. Digər tərəfdən, kredit müqaviləsinin təyinatına uyğun xərclənməməsinə nəzarət mexanizmi kreditor bankın səlahiyyətindədir. Təqdim olunmuş sifariş müqaviləsinin uydurma əqd olması barədə iş materiallarında hər hansı tutarlı sübut yoxdur, yəni bu barədə dəlil əsassızdır. İmtinanın sonuncu dəlili isə sifariş müqaviləsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun təsir dairəsinə düşməsi barədədir. Məhkəmə notariusun bu dəlililini də əsassız hesab edir, çünki iş materialları ilə bu hal tamamilə təkzib olunur. Belə ki, sifariş müqaviləsinin icra edilməsi üçün vəsait iddiaçı tərəfindən bankdan götürülən kredit vəsaitidir. Digər tərəfdən, iş materiallarında müqavilənin digər tərəfi kimi N.R.X3 Xidmətinin təsdiq etdiyi hər hansı siyahıda qeydə alınması barədə məlumat yoxdur. Qüvvədə olan qanunvericiliyə görə sifariş müqaviləsi sadə yazılı formada bağlana bilər, yəni belə əqdlərin notarial qaydada təsdiqlənməsi tələb olunmur. Deməli, qanunvericilik bu müqavilələrin bağlanmasına sərbəstlik verib, çünki bu cür əqdlərdə şübhəlilik yoxdur. Notariusun bu cür imtina qərarı nəticəsində sahibkarlar daha şəffaf və etibarlı olan notariat qaydasından məhrum olurlar. Bunun nəticəsində isə mülki dövriyyəyə süni maneələr yaradılır və ölkə iqtisadiyyatına zərər vurulur. Göründüyü kimi, Cavabdehnə qarşı Notariat Ofisi İddiaçının təqdim etdiyi sifariş müqaviləsinin təsdiq edilməsindən imtinası qanunsuzdur və imtina barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sifariş müqaviləsi mülki qanunvericiliyə uyğun olduğundan və bu əqdi təsdiq etmək notariat ofisinin vəzifəsi olduğundan iddia təmin olunmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Müqavilənin təsdiq edilməsindən imtina olunması barədə Cavabdeh xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı tərəfindən təqdim edilən sifariş müqaviləsinin notarial təsdiq edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17,25 manat pul Cavabdeh xüsusi notariusu X1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar