Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3956/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 212, 7 kv metr olan qeyri-yaşayış sahəsinin icarəsinə dair “MİP GROUP" MMC ilə imzalanmış 03.11.2020-ci il tarixli İcarə müqaviləsinin ləğv edilməsi, 8 aylıq icarə haqqını təşkil edən 11600 manat icarə haqqı, eyni zamanda 725 manat faiz borcunun icarədardan tutularaq ona ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 212, 7 kv metr olan qeyri-yaşayış sahəsi 03.11.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-yə icarəyə verilmişdir. Bu məqsədlə cavabdeh müəssisənin direktoru X2 ilə yuxarıda qeyd olunan müqavilə imzalanmışdır. Sözügedən müqavilənin 2.2-ci maddəsinə əsasən aylıq icarə haqqı 15.11.2020-15.01.2021-ci il tarixlər aralığında aylıq 1300 manat, 15.01.2021-ci il tarixdən isə aylıq 1500 manat təşkil etmiş, müqavilənin 4.1-ci maddəsinə əsasən aylıq icarə haqqı məbləğini vaxtında ödəmək icarəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd olunanlara baxmayaraq icarədar müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, icarə obyektindən istifadə etməsinə baxmayaraq icarə haqqını ödəməmişdir. Onun tərəfindən cavabdehə 22.06.2021-ci il tarixli Pretenziya məktubu göndərilərək 10 gün ərzində icarə haqqının ödənilməsi tələb olunsa da, sonuncu icarə haqqını ödəməməyə davam etmişdir. İddiaçı vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamış və hər hansı sahibkarlıq fəaliyyəti göstərmir. Mülkiyyətində olan əmlakın icarəyə verilməsindən əldə olunan gəlir onun sahibkarlıq fəaliyyətinə aid olmadığından qeyd olunan mübahisəyə ümumi məhkəmə qaydasında baxılmalı olduğu qənaətinə gəlmişdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən sahəsi 212, 7 kv metr olan qeyri-yaşayış sahəsinin icarəsinə dair “MİP GROUP" MMC ilə imzalanmış 03.11.2020-ci il tarixli İcarə müqaviləsi ləğv edilməli, 8 aylıq icarə haqqını təşkil edən 11600 manat icarə haqqı, eyni zamanda 725 manat faiz borcu icarədardan tutularaq ona ödənilməli və icarədar icarə obyektindən çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh MMC arasında 03.11.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi icarəyə verən tərəfindən Cavabdeh MMC-yə bir il müddətinə icarəyə verilmişdir. Bu müqavilənin 2.2-ci bəndi ilə İcarədar İcarəyə verənə ilk iki ay (15.11.2020 – 15.01.2021) üçün 1300 AZN (bir min üç yüz Azərbaycan manatı) (vergi xaric), 2021-ci il yanvar ayının on beşindən müqavilə müddətinin sonunadək 1500 AZN (bir min beş yüz Azərbaycan manatı) (vergi xaric) məbləğində icarə haqqı hər ayın 01-05 aralığında qabaqcadan ödənilməsi nəzərdə tutulmuşdur. Bu Müqavilənin 3.2-ci bəndinə əsasən İcarəyə verən hazırki müqavilə bağlandığı və icarə obyekti təhvil verildiyi zaman icarə obyektinin bütün çatışmamazlıqları barədə İcarədarı xəbərdar etməlidir; İddiaçı tərəfindən 22.06.2021-ci il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış bildirişə (pretenziya məktubuna) əsasən 03.11.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə icarə haqqının ödənilməməsi əsası ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələb edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 212,7 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7880 nömrəli vərəqində 11.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.08.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 02.08.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, İddiaçı vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir; 17.07.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 22.06.2021-ci il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək 03.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqı ödənilmədiyindən həmin müqaviləsinin ləğv edilməsi tələb edilmişdir. Eyni zamanda, icarə haqqının ödənilməsi tələb edilmişdir. Bununla belə, məhkəmə cavabdehə ünvanlanmış bu bildirişi (pretenziya məktubunu) iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edilməsi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etmişdir və bu səbəbdən iddia tələbi 03.11.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir; 685.2-ci və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 03.11.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Bakı şəhəri. Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi. 61 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh MMC-yə bir il müddətinə ilk iki ay (15.11.2020 – 15.01.2021) üçün 1300 AZN (bir min üç yüz Azərbaycan manatı) (vergi xaric), 2021-ci il yanvar ayının on beşindən müqavilə müddətinin sonunadək 1500 AZN (bir min beş yüz Azərbaycan manatı) (vergi xaric) məbləğində icarə haqqı hər ayın 01-05 aralığında qabaqcadan ödənilməsini öhdəsinə götürmüşdür (Müqavilənin 2.2-ci bəndi). Bu Müqavilənin 3.2-ci bəndinə əsasən İcarəyə verən hazırki müqavilə bağlandığı və icarə obyekti təhvil verildiyi zaman icarə obyektinin bütün çatışmamazlıqları barədə İcarədarı xəbərdar etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və icarə müqaviləsi üzrə onlara ödənilməmiş qalan 11600.000 manat məbləğində icarə haqqının və eyni zamanda 725 manat məbləğində faiz məbləğinin tutulmasını tələb edir. Göründüyü kimi, Cavabdeh MMC icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “icarə haqqının tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin icarə götürdüyü əmlakdan istifadə etməməsinə baxmayaraq, 03.11.2020-ci il tarixli müqaviləni imzalamış və bununla da qeyd edilən müqavilənin 3.2-ci bəndi ilə müəyyən edilmiş "icarə götürənin icarə müqaviləsini imzaladığı andan icarə obyektini qəbul etməsi" şərti ilə razılaşmışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən qeyd edilən icarə obyektinin qəbul etməsini şərtləndirir. Hər bir halda cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən üzərinə icarə haqqı ödəmək öhdəliyi götürmüşdür. Tərəflər arasında müqavilə 03.11.2020-ci il tarixdə bağlanmış və müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh ilk ilin, yəni 15.11.2021-ci il tarixədək icarə haqqını ödəməli olduğunu təqdirdə bunu etməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh MMC-dən 11.600 (on bir altı yüz) manat icarə haqqı İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin "725 manat faiz borcunun tutulması" hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar ona vurulmuş zərər olaraq cavabdehin əmlakından istifadə etdiyi üçün 725 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir (həmin əmlakın icarəyə verilməsi barədə müraciətlər və sair). Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə bu halı sübuta yetirmək iddiaçının üzərindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi. 61 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsi 11.04.2019-cu il tarixdən etibarən iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı cavabdehin icarə obyektindən çıxarılmasını tələb edir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, icarə müqaviləsinə əsasən cavabdehin istifadəsindədir, hazırda iddiaçı cavabdehin icarə obyektindən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri. Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi. 61 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsindən hər hansı hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehin istifadəsindədir, iddiaçı həmin qeyri-yaşayış sahəsini cavabdehin istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi ləğv olunduğu halda qeyri-yaşayış sahəsindən hər hansı hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan istifadəsinə son qoyulmalıdır. Bununla belə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi "cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması" hissəsində əsaslıdır və buna görə də təmin edilməli, Cavabdeh MMC qeyri-yaşayış sahəsinindən çıxarılmalıdır. Bununla belə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi "cavabdehin icarə obyektindən çıxarılması" hissəsində əsaslıdır və buna görə də təmin edilməli, Cavabdeh MMC ünvan 5 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsindən çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, icarə müqaviləsi ləğv edilməli, Cavabdeh MMC-dən 11600 manat icarə haqqı məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, vurulmuş ziyanın ödənilməsi və cavabdehin icarə obyektindən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı ilə Cavabdeh MMC arasında 03.11.2020-ci tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 11.600 (on bir min altı yüz) manat icarə haqqı İddiaçı xeyrinə tutulsun. «MİP GROUP” MMC ünvan 5 ünvanında yerləşən 212.7 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3956/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3956/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver